Araik-Ruben cütlüyü Yuri Musaelyanı nəyə görə döydürdülər? FAKT

Yuri Musaelyan: “Bu quldur çete Qarabağın erməni sakinlərinin son damla qanını da içməyə hazırdır”

Xankəndidəki cinayətkar rejim vəhşi üsullarla Qarabağdakı erməni mənşəli Azərbaycan vətəndaşlarına qarşı vəhşilik siyasətini davam etdirir. Belə ki, bir neçə gün əvvəl Xankəndi sakini Yuri Musaelyanın evinə basqın edilib və o, ailəsinin, azyaşlı uşaqlarının gözləri qarşısında vəhşicəsinə döyülüb, təhdid edilib. Onun bu vəziyyətə salınmasının səbəbi isə cinayətkar rejimin rəhbərliyinə qarşı etiraz etməsi olub. Məsələ ondadır ki, Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdikləri ərazilərdə Araik Arutyunyan və Ruben Vardanyan cütlüyünün süni qıtlıq və dərman çatışmazlığı yaratmasına etiraz edən Yuri Musaelyan nəticədə onların sifarişi ilə dəhşətli şəkildə döyülüb. Musaelyan dərhal sosial şəbəkə vasitəsi ilə başına gələn hadisəni ictimailəşdirib və bildirib ki, bundan sonra da geriyə çəkilmək fikrində deyil.

Yuri Xankəndinin mərkəzi meydanında etiraz aksiyası keçirəcək

Onun sözlərinə görə, Azərbaycan ekofəallarının Laçın yolu üzərində keçirdikləri aksiya heç də yolun bağlanmasına səbəb olmayıb və hazırda ərzaq və s. gündəlik tələbat məhsulları Xankəndiyə istiqamətində daşınır. O cümlədən, ağır xəstələrin Ermənistana aparılmaları üçün də yol açıqdır. Bu baxımdan, separatçı rejimin qəsdən, süni şəkildə hay-küy qaldırmaları heç bir məntiqə sığmır.

Etirazçı Azərbaycan vətəndaşı Yuri Musaelyan canlı yayıma çıxaraq bildirib ki, hətta döyülməsinə rəğmən o geriyə doğru addım atmayacaq və separatçı-quldur rejiminə qarşı öz mübarizəsini sona qədər aparacaq. Hətta Xankəndinin mərkəzi meydanında etiraz aksiyası keçirəcək. O cümlədən, bu aksiyaya yerli fəalların da qoşulacağını deyən Musaelyan bəyan edib ki, həmin aksiyada Araik Arutyunyanın və qardaşının İkinci Qarabağ müharibəsində həlak olan insanların ailələrinə ayrılmış maliyyə yardımlarını, kompensasiyaları necə mənimsədikləri barədə əlində olan bütün faktları ictimailəşdirəcək.

Azərbaycanın erməni vətəndaşı: “İctimai fəal olaraq atdığımız hər bir addım başda Araik olmaqla onun çetesinin çıxdaş edilməsinə gətirib-çıxarmalıdır”

Qarabağda yaşayan erməni vətəndaşı Araik Arutyunyanı, Ruben Vardanyanı və onun digər yandaşlarını talançı, sadə ermənilərin qənimləri adlandırıb və bildirib ki, artıq belə davam edə bilməz və onun ailəsinin, azyaşlı uşaqlarının yanında döydürülməsi faktı qırmızı xətti keçməkdir. “İctimai fəal olaraq atdığımız hər bir addım başda Araik olmaqla onun çetesinin çıxdaş edilməsinə gətirib-çıxarmalıdır. Bu quldur çete Qarabağın erməni sakinlərinin son damla qanını da içməyə hazırdır”, deyə o bildirib.

Bu arada, daha bir məlumata görə Araik Arutyunyan və Ruben Vardanyan artan narazılıqlardan qorxduqları üçün Xankəndidə və ətrafında istənilən aksiyaların keçirilməsinə qadağa qoyublar. Lakin buna baxmayaraq, etirazçılar qərarlarını icra edəcəklərini və geriyə doğru addım atmayacaqlarını bildiriblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə