Qarabağda “dezinfeksiya” işlərinin reallaşdırılması zərurəti artır! MÖVQE

Araik Arutyunyan Samvel Arsrunoviç Avetisyanı “səhiyyə naziri” təyin edib...

Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Qarabağ regionununun mərkəzi – Xankəndidə separatçı-cinayətkar rejiminin növbəti özbaşınalığı qeydə alınıb. SİA xəbər verir ki, erməni KİV-lərinin yazdıqlarına görə, qondarma qurumun saxta “prezidenti” Araik Arutyunyan Samvel Arsrunoviç Avetisyanı “səhiyyə naziri” təyin edib.

Yeni “təyin” olunmuş “səhiyyə naziri” Ermənistandan Qarabağa qanunsuz səfər edib!

Üstəlik, digər separatçı-quldur və cinayətkar rejimin “dövlət naziri”, Rusiyanın Qarabağa atdığı “desantı” Ruben Vardanyan da sözügedən “təyinatla” bağlı diqqət çəkəcək fikir söyləyib. Sən demə, “yeni nazir” Qarabağa Ermənistandan gəlib. “Mən Avetisyana ona görə minnətdaram ki, o Ermənistandan gələrək bizə qoşulub və səhiyyə sferasının inkişafında yer alacaq”, deyə Vardanyan adıçəkilən şəxsin Qarabağa qanunsuz yolla gəldiyini özü də istəmədən etiraf edib.

Həmçinin, ehtimal var ki, bu şəxs, yəni separatçıların yeni "səhiyyə naziri” azərbaycanlı ekofəalların və QHT təmsilçilərinin Laçın yolunda keçirdikləri etiraz aksiyaları başlamamışdan əvvəl Azərbaycanın Qarabağ regionuna daxil olub.

Erməni KİV-i xatırladır ki, bundan əvvəl cinayətkar rejimin saxta “prezidenti” Araik Arutyunyan noyabrın 23-də “səhiyyə naziri” də daxil olmaqla 9 “naziri” istefaya göndərib. Və bu kimi saxta təyinatlar və özbaşınalıqlar bir daha sübut edir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda baş verən özbaşınalıqlara və bu özbaşınalıqları icra edən separatçı ziyanvericilərə qarşı ciddi “dezinfeksiya” işlərini reallaşdırmaq zərurəti artır...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə