Qardaş birliyindən İRANA CAVAB - TƏHLİL

Qardaş birliyindən İRANA CAVAB - TƏHLİL

İki qardaş ölkənin, Türkiyə və Azərbaycanın ənənəvi olaraq növbəti birgə hərbi təlimlərə start verməsi, özü də bunu İran tərəfinin hərbi təlimlərinin ardınca təşkil etməsi təsadüfi deyil, qonşu dövlətlərə, xüsusilə, “əzələ nümayiş etdirmək” niyyətinə düşən qüvvələrə tutarlı cavabdır. Araz çayı üzərində körpü salaraq, “desant qüvvələr”lə “güc nümayişi” edən qonşu dövlət İran hansı mesajı vermək istəyirdisə ondan qat-qat artıq cavabını almış oldu və heç şübhəsiz ki, bu cavabla öz hesabını da götürdü.

Təlim zamanı müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edən iki qardaş ölkənin vahid ordusu düşmən qüvvələri lərzəyə saldı desək, yanılmarıq. Əvvəla ona görə ki, hərbi texnikalardan, hərbçilərin döyüş hazırlıqlarından tutmuş, tapşırıqların peşəkarcasına yerinə yetirilməsinə qədər mükəmməl şəkildə hazırlanan və aparılan təlimlər düşmən qüvvələrin gücümüzdən, qüdrətimizdən ehtiyatlanması, narahat olması, hətta qorxması üçün belə yetərlidir. Digər tərəfdən də bizi düşmən bəlləyən qüvvələrə bir daha xatırladıldı ki, iki qardaş ölkənin vahid ordusu var və bu ordu yenilməzdir, düşmənin başını əzməyə hər an hazırdır və buna qadirdir. Bu barədə ölkə rəhbərimiz, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev də xatırlatma edib. “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”, deyə ADA Universitetində son çıxışı zamanı bəyan edən dövlət başçımız əslində, qonşu dövlətin təhdidlərinə yerindəcə tutarlı cavab vermişdi. Araz çayı üzərindən körpü salmaq ssenarisi ilə əslində bizi təhdid edən İran rejiminə cənab Prezident çox kəskin cavab verməklə, qarşılarında “türk birliyinin olması” barədə bir mesaj da göndərdi. Artıq Prezidentimizin mesajlarının təsadüfi olmadığını İran tərəfi əyani şəkildə bir daha gördü və əmin oldu ki, onlara nəinki adekvat cavab verildi, hətta bundan daha artıq şəkildə kəskin cavab almış oldular.

Azərbaycanla sərhəddə Ermənistan tərəfinin maraqlarını müdafiə etmək məqsədi ilə Araz çayı üzərində körpü salaraq, “desant qüvvələr”lə “güc nümayişi” sərgiləyərək keçirdiyi son təlimlərdən az sonra İran öz cavabını aldı. Araz çayı üzərindən körpü salınması ilə, Azərbaycanı açıq şəkildə hərbi müdaxilə ilə təhdid etmək niyyətində olan molla rejimi üçün iki qardaş ölkənin birgə başladığı hərbi təlimlər soyuq duş effekti oldu. Rəsmi Bakının cavabı özünü çox gözlətmədi və bildirildi ki, təhdidlər hesaba belə alınmır və Azərbaycan öz maraqlarından geri çəkilməyəcək. Xüsusilə, qardaş ölkə olan Türkiyə ilə Azərbaycanın təlimləri birgə keçirməsi təsdiq edir ki, İran tərəfinin təhdidlərinin zərrə qədər mənası, təsiri yoxdur. Azərbaycana qarşı istənilən təxribata iki qardaş ölkənin vahid ordusu tərəfindən cavab veriləcəyi mesajı İran tərəfinə də, elə Ermənistana da çatdırıldı. Çatdırıldı ki, təlimlər istənilən an düşmən təxribatlarına veriləcək cavabın məşq edilməsidir.

Qardaş birliyindən İranın molla rejiminə cavab birinci dəfə deyil. Xatırladığımız kimi, hələ 2001-ci ildə Azərbaycana müdaxilə etmək həvəsində olan İrana belə bir cavab tam vaxtında verilmişdi. Həmin dövrdə Xəzər dənizinin Azərbaycana aid sularına daxil olan hissəsində yeni neft yataqları aşkar edilərkən də İranın hərbi gəmilərlə ərazimizə müdaxilə etməsini, Astara istiqamətində 30 kilometrə qədər irəliləməsini, danışıqlardan belə imtina etməsini yaxşı xatırlayırıq. Onu da xatırlayırıq ki, bu məqamda da qardaş Türkiyə öz Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri Bakıya göndərmişdi və “Türk şahinlərinin” Azadlıq meydanı üzərində sərgilədiyi şou o zaman molla rejiminə yerində verilən cavab oldu. Əlbəttə ki, qardaş ölkənin belə bir addımı tam yerinə düşdü və bundan qorxuya düşən İranın geri çəkilməkdən başqa çıxış yolu qalmadı. Belə nümunələr yenə də var və qardaş birliyinin cavabını İran dəfələrlə görüb və yaxşı bilir, amma görünür, həmin vaxtdan iki onillik keçdikdən sonra bu birlik barədə molla rejimi unudub və xatırlatmalara ehtiyac duyurmuş.

İran tərəfinin keçirdiyi təlimlərlə qardaş birliyinin nümayiş etdirdiyi təlim müqaisəyə belə gəlməz, amma buna nəzər salmağa, təhlil etməyə dəyər. Onsuz da bütün dünya bu təlimlər arasındakı fərqi çox yaxşı gördü. Gördü ki, İran az qala ötən əsrin ortalarına məxsus köhnə silah-sursatla, hərbi texnika ilə Araz çayı sahillərinə yaxınlaşmasının, burada oyunbazlıq etməsinin, guya əzələ nümayiş etdirməsinin ardınca Azərbaycan və Türkiyənin qardaş birliyi ən müasir silahlarla molla rejiminə əsl təlim dərsi keçdi. Bu dərs, yəni vahid ordu şəkilində havadan və qurudan döyüş məşqlərinin keçirilməsi, Araz çayı üzərindən panton körpülərin salınması, bununla da o taya keçməyin çətin olmadığının nümayişi məhz İrana verilən cavab oldu. Bu cavab ondan ibarət idi ki, iki qardaş ölkənin vahid ordusu qarşısında nəinki İranın, ümumiyyətlə heç bir ölkənin dayana bilməyəcəyi bir reallıqdır.

Birgə təlimlərdə iştirak üçün Türkiyənin F-16-ları Azərbaycana göndərməsi məhz 2001-ci ildə İranın Xəzər dənizində Azərbaycanın suveren sularını pozduğu zaman “Türk şahinləri”nin Bakıya gəlməsinin tam oxşarı hesab edilir. Bu, yəni rəsmi Ankaranın eyni ilə ikinci gedişi isə o deməkdir ki, qardaş birliyi davam edir, daha da möhkəmlənib və cavab eyni şəkildə olmalıdır. Sözsüz ki, atılan addımlar, qardaş ölkə ilə birgə keçirilən təlimlər İranın bir qədər əvvəl Araz çayı sahillərində keçirdiyi hərbi təlimlərinə, təhdidlərinə layiqli və kəskin cavab kimi başa düşülür. İki qardaş ölkənin birgə təliminin “Qardaş yumruğu” adlandırılması da bu baxımdan əbəs yerə deyildi. Azərbaycan və Türkiyənin birgə təlimləri məhz bizə özünü göstərmək istəyən, əzələ nümayişi etdirmək niyyətində olan, hətta təhdidlər barədə xam xəyallara düşən molla rejiminə “qardaş yumruğunun” silkələnməsi, qardaş birliyinin tutarlı cavabıdır.

Azərbaycanla hədə dilində danışmağa cəhd edən İran öz layiqli cavabını almaqla yerində otuzduruldu. Molla rejiminə əyan oldu ki, əgər Azərbaycan və Türkiyə hərbi təlimlərini belə keçirirsə, deməli, əsl hərbi əməliyyat aktiv fazada onlar üçün daha acınacaqlı ola bilər. Əlbəttə ki, İran belə bir cavabı almamaq üçün gərək vaxtında kifayət qədər düşünəydi. İslam Respublikası kimi özünü dünyaya sırıyan bir ölkə, vətəndaşlarının böyük əksəriyyəti müsəlman olan ölkəyə qarşı hədsizlik etməsinin, qeyri müsəlman, özü də işğalçı, separatçı, təxribatçı ölkəyə yardım etməklə müsəlman əhaliyə qarşı olmasının qəbuledilməz olduğunu başa düşməyən, dərk etməyən İran ən azından iki qardaş ölkənin vahid ordusu amilini anlamalı idi ki, belə bir kəskin cavab almaq məcburiyyətində qalmasın. Anlamalı idi ki, qardaş birliyi ilə tam zamanında cavabını alacaq və bu, onun üçün də, ona sığınanlar üçün də çox ciddi zərbə hesab olunur. Bilməli idi ki, Azərbaycanın bölgədə yaratdığı reallıqla barışmaqdan savayı çarəsi yoxdur və əks halda qarşısında qardaş birliyini, “qardaş yumruğunu” görməli olacaq.

Həmçinin bu cavab, yəni iki qardaş ölkənin birgə təlimi Ermənistana da kifayət qədər təsirli mesaj və tutarlı cavab sayılır. İndi artıq ermənilər dərk etmək məcburiyyətində qalırlar ki, İrana güvənməklə də böyük səhvə yol verirlər, çünki onların güvənc yeri, yəni molla rejimi Türkiyə və Azərbaycanın qardaş birliyi, “qardaş yumruğu” qarşısında tab gətirmək imkanına, gücünə malik deyil. Rəsmi İrəvan gec də olsa anlamalıdır ki, İran məhz Azərbaycan əleyhinə çıxmaq üçün Ermənistanla əməkdaşlığını daha da gücləndirir və bu zaman işğalçı ölkə alət olaraq istifadə edilir, amma yeri gələndə isə İranın nəinki separatçıları, heç özünü belə qardaş birliyindən, “qardaş yumruğu”ndan qorumaq imkanı, gücü yoxdur, bir sözlə, İran öz cavabını bu mənada da almış oldu. İndi molla rejimi bilir ki, onlara bir qədər əvvəl güvənən, yaxud güvənmək istəyən ermənilər daha güvənə bilmirlər və bu fakt özü molla rejiminin başına daş kimi dəymiş sayılır. Artıq rəsmi Tehran bundan sonra özünü İrəvana necə göstərə biləcək? Yaxud, İranın molla rejiminin nümayəndələrinin sərsəm fikirləri ermənilər üçün boş söz yığınından başqa bir şeyə bənzəməz. Bu da onlar üçün bir dərs hesab olunur və görünür, iki qardaş ölkənin təlimi, qardaş birliyi İrana bir çox istiqamətdən zərbə oldu və sadalananlar ən gözəl, ən tutarlı cavab olaraq qiymətləndirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə