Həyat amalını varlığı qədər Azərbaycan xalqına həsr edən Ümummilli Lider - ŞƏRH

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 19 il ötsə də, O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayacaq, yaşadılacaq. Çünki öz müqəddəs əməli sayəsində Vətəni, xalqı uğrunda yorulmadan çalışmış Dahi Şəxsiyyət, Fenomen İnsan Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev Cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.

1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi

Bəli, ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Yaxın keçmişimizdə baş verən hadisələrə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması ümummilli liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə dahi şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də ulu öndər yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, ümummilli liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Heydər Əliyevin fəaliyyətinin 1993-2003-cü illəri bir ömrün qızıl salnaməsidir.

Ulu öndərin ikinci prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər: rəqəmlərlə

Ulu öndərin ikinci prezidentlik dövründə qazanılmış iqtisadi nailiyyətlər diqqəti cəlb edir. Belə ki, 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz artmışdı. Hasilat sənayesi ilə yanaşı, qeyri-neft sektoru - emal sənayesi də inkişaf edirdi. Göstərilən müddətdə emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən, yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artmışdı. Sənayenin inkişafı ilə yanaşı, ümummilli lider respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinə də xüsusi diqqət yetirirdi. Məhz bu diqqətin nəticəsində respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1372,8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min qaramal tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar verildi, ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı yarandı. 1997-2002-ci illərdə istehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşürdü. Bu məhsulların satışında qiymətlər tam sabitləşmiş, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmışdı.

“Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,- qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır

Bəli, bu gün ümummilli Liderimiz Heydər Əliyevin yarımçıq qalmış arzularını, o cümlədən ata vəsiyyətini Prezident İlham Əliyev həyata keçirir. Bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Bu, hər bir azərbaycanlıda qürur hissi yaradır. Bu hissi xalqımıza Prezident İlham Əliyev bəxş edib. Ulu Öndərin “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,- qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı ona görə cənab Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 18 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.Son olaraq hələ Prezidentliyə başladığı ilk gündən cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun davam etdirildiyini bir daha bəyan etmişdir: «Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zamanın tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir". Bəli, bu gün ümummilli lider Heydər Əliyevin siyasəti yaşamalıdır və bu, zamanın tələbidir. Çünki ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

MUXTAR NAĞIYEV

YAP Səbail rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə