Laçının azad edilməsi Prezidentin siyasi diplomatik qələbəsidir - ŞƏRH

27 sentyabr 2020-ci ildə başlanmış və 44 gün davam edən Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanmış Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu və dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Bu mühüm hadisə kimi şanlı tariximizə qızıl hərflərlə yazıldı. Füsünkar guşələrimizdən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb.

Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. 1 şəhər, 1 qəsəbə, 125 kəndidən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadrat kilometrdir.Məlum olduğu kimi, strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuşdu. Rayonun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. 30 ilə yaxın işğal dövründə Laçın rayonda da Ermənilər misilsiz vəhşiliklər törədiblər. Laçında törədilən vəhşiliklər ermənilərin nəyə qadir olduğunun göstəricisidir. Bu gün digər işğaldan azad edilmiş rayon və şəhərlərdə olduğu kimi, Laçında da genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır,rayon yeni inkişaf dövrünü yaşayır.Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Eyni zamanda Laçında Beynəlxalq Hava Limanının tikintisi aparılır. Rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.Laçın şəhəri kimi strateji şəhərin bir güllə atılmadan, şəhid vermədən azad edilməsi Prezident İlham Əliyevin böyük xidməti və siyasi-diplomatik qələbəsidir.Cənab Prezidentin Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə qaldırdığı Azərbaycan Bayrağı orada əbədi dalğalanacaqdır.

Çingiz İbrahimov

YAP Göyçay rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə