Kremlin Qarabağa atdığı “desantı” bu dəfə erməni KİV-lərinin hədəfində SİYASİ RAKURS+ÖZƏL
Armenianreport: “Vardanyanın fikirləri hər kəsi avam, savadsız və gülünc yerinə qoymaqdan başqa bir şey deyil”
Rusiya vətəndaşlığından imtina edən və məhz Kremlin Qarabağa göndərdiyi “siyasi desantı” – Ruben Vardanyan Ermənistan KİV-ləri tərəfindən hədəfə alınmağa başlanıb. “İlham Əliyev açıq şəkildə bəyan edir ki, onun üçün “artsax xalqı” (dırnaqlar bizimdir) yoxdur, Qarabağ münaqişəsi başa çatıb, Rusiya sülhməramlılarının isə günləri sayılıb. Lakin Vardanyan elə görüntü yaradır ki, sanki hər şey nəzarət altındadır”.
SİA xəbər verir ki, bu barədə Ermənistanın Armenianreport saytının analitik bölməsində yazılıb. Belə ki, kimsəyə sirr olmayan və Kremlin Qarabağa atdığı “desantı” kimi bilinən, eləcə də Ermənistanın mövcud hakimiyyətinin devrilməsi üçün Azərbaycanın ərazisini öz təbirincə “tramplinə” çevirən Vardanyanın səsləndirdiyi fikirləri nə qədər səsli-küylü görünsə də erməni mediasının tənqidinə tuş gəlib.
Erməni mediası: “Reallıqda Azərbaycan Prezidentinin Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şubeli və nümayəndə heyətini qəbul edərkən nə deməsinə nəzər salmaq kifayət edər”

Məsələn, adıçəkilən sayt Vardanyanın özünün Facebook səhifəsi vasitəsi ilə “Mən Azərbaycan Prezidenti İlham Əliyevin “artsaxla” birbaşa dialoqunu alqışlayıram. “Artsax” bu prosesdə subyekt olmalıdır” fikirlərini yazaraq qeyd edir ki, əslində, Vardanyanın həmin fikirləri hər kəsi avam, savadsız və gülünc yerinə qoymaqdan başqa bir şey deyil və həmin fakt özünü sübuta yetirir. SİTAT: “Buna şahid olmaq üçün Bakının xəbər saytlarına daxil olmaq və reallıqda Azərbaycan Prezidentinin Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şubeli və nümayəndə heyətini qəbul edərkən nə deməsinə nəzər salmaq kifayət edər. Orada Ruben Vardanyanın optimist bəyanat səsləndirməsinə səbəb olacaq heç bir söz deyilməyib”.
Armenianreport bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin əslində, hansı bəyanat səsləndirməsini diqqətə çatdırıb. SİTAT: “Hesab edirəm ki, Ermənistanın həqiqətən də nə istədiyi barədə açıq olması vacibdir. Əgər onlar Qarabağdakı ermənilərin hüquqlarından, təhlükəsizliyindən danışmaq istəsələr bu heç bir işə yaramayacaq. Biz bu barədə Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi Vardanyan kimi cibində rus xalqından oğurlanmış milyardlarla pulu olan adamlarla deyil. O, Moskvadan çox dəqiq bir gündəmlə (yəni planla) ora göndərilmişdir”.
Armenianreport Azərbaycan Prezidentinin sözlərini təsdiqlədi: “Burada Ruben Karlenoviçin məlum keçmişi ilə bağlı nəyə isə etiraz etmək çətindir, bəli, o Rusiya vətəndaşlığından imtina edib, ancaq o Rusiya və Kremlə bağlı insan olub, qalır və olacaq”
Adıçəkilən erməni informasiya resursu İlham Əliyevin fikirlərində ümumiyyətlə, “artsax” ifadəsinin olmadığını nəzərə çatdırıb və qeyd edib ki, Azərbaycan Prezidenti açıq şəkildə Vardanyanın kim olduğuna işarə edib. Üstəlik, Armenianreport dolayısı ilə Azərbaycanın dövlət başçısının sözlərinə haqq da qazandırıb. SİTAT: “Və burada Ruben Karlenoviçin məlum keçmişi ilə bağlı nəyə isə etiraz etmək çətindir, bəli, o Rusiya vətəndaşlığından imtina edib, ancaq o Rusiya və Kremlə bağlı insan olub, qalır və olacaq”.
Erməni saytı daha bir məqama da toxunaraq qeyd edib ki, əslində Azərbaycan Prezidenti İlham Əliyev Vardanyana deyil, Putinə eyham vurub: “Rusiyanın dövlət başçısı Azərbaycan Prezidentinə zəng edib. Rəsmi məlumata görə, aparılan telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və enerji sahələri üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Və kifayət qədər aydındır ki, dövlət başçıları Əliyevin Avropa İttifaqının nümayəndə heyətini qəbul etdiyi zaman səsləndirdiyi fikirlərini də müzakirə ediblər”.

Daha bir diqqət çəkən məqam. SİTAT: “Putin öz həmkarlarına çox az hallarda zəng edir. Yalnız vacib olduğu zaman. Üstəlik, Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari və enerji sahələri üzrə əməkdaşlıq haqqında həmin ərəfələrdə Bakıda olan Rusiya Federasiyasının hökumət başçısı Mixail Mişustin də danışa bilərdi. Bakıda 11-ci Azərbaycan-Rusiya regionlararası forum keçirilirdi”.
Erməni saytı: “İlham Əliyev üçün “artsax”, “artsax xalqı” yoxdur, o deyir ki, erməni əsilli Azərbaycan vətəndaşları var”
“Nəticədə isə iş onda deyil ki, rəsmi nə deyilib. Azərbaycan öz gündəliyini irəli sürür və orada “artsaxın” tanınması məsələsi mövcud deyil. Axı Əliyev daha əvvəl də Putinlə Soçidə keçirdiyi görüşü zamanı bu haqda danışıb. O, münaqişəni həll edilmiş sayır. Onun üçün “artsax”, “artsax xalqı” yoxdur, o deyir ki, erməni əsilli Azərbaycan vətəndaşları var”, deyə davam edən Armenianreport əlavə edib ki, Vardanyan da bu barədə kifayət qədər məlumatlıdır. SİTAT: “O (Vardanyan) onu da bilir ki, Əliyev tərəfindən verilən fərmana görə, “stepanakert” (Xankəndi) də daxil olmaqla Qarabağ iqtisadi zonası yaradılıb. Nəhayət, Vardanyan Rusiya sülhməramlıları ilə bağlı Azərbaycanın mövqeyindən də xəbərdardır. Bakıda israrla bildirilir ki, onların regionda əlavə müddətə qalmaları mümkün deyil”.
İttiham: “Yəqin ki, Ruben Vardanyana Azərbaycanın bu planları barədə anlatmağa ehtiyac yoxdur”

Sayt sonda daha bir məqama toxunub. SİTAT: “Məhz 2025-ci ildə, rusyalı sülhməramlıların gedəcəkləri vaxtda Azərbaycan hökuməti Ağdamdan Xankəndiyə qaz kəmərinin tikintisini inşa edəcək və orada qaztənzimləyici məntəqələr yerləşdirəcək. Yəqin ki, Ruben Vardanyana Azərbaycanın bu planları barədə anlatmağa ehtiyac yoxdur. Orada (Azərbaycanda) “stepanakertin” (Xankəndinin) nəzarətləri altına keçəcəyindən əmindirlər. Ancaq Vardanyan guya hər şeyin nəzarət altında olması görüntüsünü göstərir”.
Armenianreport sonda Vardanyanın məhz bu cür manipulyasiya xarakterli siyasi yol seçməsinin uğur qazana bilməyəcəyini yazıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB