Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə QARABAĞA TƏHLİL

İlham Əliyev: Biz iki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru faktiki olaraq yenidən qururuq və quracağıq. Eyni zamanda, Ordumuzu gücləndiririk və gücləndirəcəyik.

30 il torpaqlarımız erməni işğalı altında inlədi. 30 il əvvəl planlı şəkildə əlimizdən qoparılıb erməniyə verilən əzəli torpaqlarımız bir qərinəyə yaxın dövrdə düşmən tərəfindən talandı. Bu torpaqlardakı bütün tikililər məhv edildi, sərvətlərimiz mənimsənildi, meşələrimiz qırıldı, satıldı, daşınıb dünya bazarınadək çıxarıldı. Biz bütün bunlar haqqında dünyanı xəbərdar etdik. Lakin söylədiklərimizi eşidən çox az oldu. Özünü humanist adlandıran dövlətlər, beynəlxalq təşkilatlar tarixi ədalət qarşısında susmağı seçdilər. Dövlətimizin başçısının bütün yüksək kürsülərdən haqlı tərəfin Azərbaycan olmasını tutarlı dəlillərlə söyləməsinə baxmayaraq səsimizə səs verən, ədaləti görən olmadı. Belə olanda isə biz torpaqlarımızı müharibə yolu ilə azad etməyi seçdik.

2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat törətməsi ilə başlanılan və 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatdı və işğal olunmuş ərazilərimiz rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildi. Xalqımız tarixi Zəfər qazandı. Zəfərdən dərhal sonra 30 il ərzində doğma yurd-yuvasından zorla, məcburi şəkildə çıxarılan soydaşlarımızın qayıdışı üçün Qarabağda quruculuq işlərinə başlanıldı. 2020-ci ildən ötən iki il ərzində azad edilmiş torpaqlarda həyata keçirilən işlər 20 il ərzində görülən işlər dəyərindədir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” nda əks olunduğu kimi, otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir.

Yeni Proqram –yeni inkişaf tendensiyası

Adıçəkilən Proqramda vurğulandığı kimi, yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmiş, bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” hazırlanmışdır. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.

Sərəncamda qeyd olunur ki, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

Dövlət Proqramı Böyük Qayıdışı yaxınlaşdırır

Qarabağda daşın daş üstündə qalmayıb. Ermənilər 30 il ərzində burada ancaq dağıntı işləri ilə məşğul olublar. Onlar bu hərəkətləri ilə bir tərəfdən bütün dünyaya bu torpaqların ermənilərə məxsus olmadığını bəyan etdi. Çünki onlar özlərinə məxsus olanı belə dağıdıb viran etməzdilər. Yaxşı bilirdilər ki, bu torpaqların sahibi bir gün gələcək və onu geri alacaq. Digər tərəfdən isə Qarabağa yeni bir həyat verilməsi və soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıtması kimi böyükhəcmli işlərin həyata keçirilməsini zəruri etdi. Bu işlər isə heç də asan deyil, quru torpaq üzərində yeni şəhər, qəsəbə və kəndlərin salınması deməkdir. Milyonlarla manat vəsait deməkdir.

Dövlət Proqramı ilə tanış olduqca azad ərazilərimizin inkişafı üçün hərtərəfli, düşünülmüş və ardıcıl proseslər və insanların bu torpaqlara Böyük Qayıdışının yaxınlaşdığı göz önündə canlanır. Lakin düşünəndə ki, bu torpaqları düşmən xarabalığa çevirib, burada bütün işlər sıfırdan başlanır, düşmənin bu xalqa nə qədər zərər vurması bədnam qonşuya qarşı nifrəti birə min qat artırır. Çünki bu ərazilərin əvvəlki həddə qayıtması üçün böyük vəsait, zəhmət gərəkdir.

Proqramın əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilməsi kimi əsas məqsədləri, bunların əsasında ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkil edilməsi, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatının həyata keçirilməsi, müasir standartlara uyğun xidmətlərin yaradılmasınının təmin edilməsi, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əhalinin məşğulluq imkanlarınının artırılması, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və əlçatanlığının təmin edilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, sahibkarlıq mühitinin əlverişliliyinin artırılması və biznes fəaliyyətinin inkişafına dəstək verilməsi, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturunun formalaşdırılması, dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiq edilməsi, təbii ehtiyatların və sosial-iqtisadi potensialın təsərrüfat dövriyyəsinə cəlb edilməsi, turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olunması, ətraf mühitin etibarlı mühafizəsinin və ekoloji təhlükəsizliyinin təmin edilməsi, təbii resurslardan səmərəli və effektiv istifadə edilməsi, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviq edilməsi kimi məqsədlər azad edilmiş ərazilərimizin tamamilə yenidən qurulması, yaşayışın mümkünküyü səviyyəsinə gətirilməsi deməkdir.

Bu məqsədlərə nail olmaq üçün birinci əsas məqsəd- əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi istiqamətində aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: müəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış məntəqələrində təhlükəsiz yaşayışın təmin edilməsi, ərazilər üzrə dövlət sərhədinin etibarlı müdafiəsinin təmin olunması, yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərin etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası, bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması, yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, onların əlçatanlığının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarının artırılması, insan kapitalının inkişaf etdirilməsi, ərazilərdə sosial dəstək mexanizmlərinin geniş tətbiqi.

İkinci əsas məqsəd-ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində isə işğaldan azad edilmiş ərazilərdə hər bir rayonun ixtisaslaşma sahəsinə uyğun olaraq inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi və sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması, ərazilərin iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə yüksəkixtisaslı mütəxəssislərin, daxili və xarici investorların cəlb edilməsi üçün həvəsləndirmə və güzəştlər nəzərdə tutulan sadələşdirilmiş iqtisadi modellərin tətbiqi, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, özəl investisiyaların cəlb edilməsi və dövlət‒özəl sektor tərəfdaşlığının təmin edilməsi istiqamətində stimullaşdırıcı addımlar atılması, müxtəlif turizm növlərinin inkişafının dəstəklənməsi, bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyinin təmin olunması kimi vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar isə Qarabağa Böyük Qayıdışda insan amilinin mühüm prioritet kimi götürülməsinin, dövlətimizin vətəndaşlarına diqqət və qayğısının təzahürüdür.

Qarabağ I Dövlət Proqramı ilə özünə qayıdacaq

Son 30 ildə sakinləri kimi, özünü-təbii sərvətlərini, dini-mədəni abidələrini, gözoxşayan tikililərini, abadlığını itirən Qarabağ qəbul olunmuş yeni Dövlət Proqramının həyata keçirilməsi ilə özünə qayıdacaqdır. Proqramın Qlobal trendlər, Ərazilərin bərpası və yenidən qurulması üzrə mövcud vəziyyət, Hədəf göstəricilər, Dövlət Proqramının məqsədləri, Dövlət Proqramının prioritet istiqamətləri, Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri, Dövlət Proqramının maliyyələşmə mənbələri, Hədəflərin monitorinqi və icrasının qiymətləndirilməsi bəndləri ilə tanış olduqca, sözün həqiqi mənasında, Qarabağın abad vəziyyəti gözlər önündə canlanır. Çünki Proqram o qədər geniş, əhatəli hazırlanmışdır ki, burada Qarabağın və Şərqi Zəngəzurun inkişafı o qədər planlı şəkildə şaxələndirilmişdir ki, onların gələcəyinə bu gündən sevinməyə bilmirsən.

“Dövlət Proqramına dair Tədbirlər Planı” isə Proqramın ümumi gedişatını tənzimləyir. Və düşünəndə ki, bu gedişatla biz Qarabağa Böyük Qayıdış edəcəyik, insanın qəlbi fərəh hissi ilə dolur. Bu fərəh hissi Birinci və İkinci Qarabağ müharibələrinin acılarını, ağrılarını adamın ürəyindən çıxarır. Düşünəndə ki, Qarabağ 30 il əvvəlkindən qat-qat müasir, gözoxşayan, abad olacaq, qürur duyur, fəxr edirsən. Çünki heç də hər xalqın tarixinə belə şanlı səhifələr yazılmır. Yazılmır ki, bu xalq torpaqlarını layiqincə geri aldığı kimi, layiqincə də həmin əraziləri yenidən yaradır, yenidən qurur. Bütün bunlar dövlətimizin yürütdüyü uğurlu siyasətin, dövlət-xalq birliyinin, Vətən sevgisinin nəticələridir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi sayəsində torpaqlarımızı necə planlı şəkildə geri aldıqsa, həmin əraziləri postmüharibə dövründə həmin bacarıq və səriştə ilə də özünə qaytarırıq. Dövlətimizin başçısının ilin altı ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə dediyi kimi: Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub.

Bütün bunlar isə şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmaqdadır. Gələcək nəsillərin bu şanlı tarixlə vətənpərvərliyi, torpaq sevgisini əxz etməsi və hər zaman torpaq-şərəf və namus qeydinə qalması məqsədilə yazılmaqdadır.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə