Rusiyanın Polşanı hədəf aldığını düşünmürəm - POLİTOLOQ ŞƏRH ETDİ
“Məlumdur ki, Polşa Ukraynaya Qərb silah-sursatının daşınmasında logistika xətti rolunu oynayır. Bundan əlavə, Ukrayna tərəfindən döyüşən əcnəbi döyüşçülər də məhz Polşa marşurutundan istifadə edərək Ukraynada döyüşlərə qatılırlar. Bunları nəzərə alaraq ilk baxışdan adamda raket hücumunun Rusiya tərəfindən törədildiyi qənaəti yaranır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, amma təhlil edəndə görürük ki, indiki məqamda NATO üzvü olan Polşaya raket zərbəsi endirmək Rusiyaya lazım deyil və onların maraqlarına cavab vermir: “Belə ki, artıq bir neçə həftədir ki, Ukrayna cəbhəsində Rusiyanın mövqeləri zəifləməyə doğru gedir. Xerson istiqamətində həyata keçirilən əməliyyatlar nəticəsində Rusiya faktiki olaraq öz ərazisi elan etdiyi Xersonu tərk etmək məcburiyyətində qaldı və bu addımı heç nə ilə əsaslandıra bilmədi. Artıq iki gündür ki, Luqans istiqamətində də rus qoşunun ard-arda məğlubiyyətləri də bir faktdır. Başqa sözlə desək döyüş meydanında onsuzda məğlub olan və hər keçən gün işğal etdiyi əraziləri itirən Rusiya özünə qarşı daha bir cəbhənin açılmasında heç bir şəkildə maraqlı ola bilməz.
Rusiya yaxşı başa düşür ki, Polşa NATO üzvüdür və NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər. Odur ki, mən bu məsələdə Rusiyanın Polşanı hədəf aldığını düşünmürəm.
Burada məsələnin digər bir tərəfi də var. O da onunla bağlıdır ki, NATO dövlətləri özləri də indiki məqamda Rusiya ilə birbaşa münaqişədə maraqlı deyillər. Bunu raket hücumundan sonra verilən açıqlamalar da sübut edir. Hücumdan dərhal sonra Polşa Prezidenti Anjey Duda açıqlama verərək bildirdi ki, raket qalıqları həmin raketin Rusiya istehsalı olduğunu sübut edir və buna görə də Alyans döyüşə hazır vəziyyətə gətirilib. Ancaq bundan sonra ABŞ Prezidenti Bayden açıqlama verərək raketlərin Rusiya istehsalı olmadığını bəyan etdi. Ardınca isə NATO Baş Katibi Stoltenberqin raketlərin Rusiya ərazisindən atılıb atılmadığının hələ məlum olmadığını və bununla bağlı araşdırma aparıldığını bəyan etdi. Dünən gecə isə rəsmi olaraq bəyan etdilər ki, atılan raket Rusiyaya məxsus deyil və Rusiyadan Ukraynaya atılan raketlərin zərərsizləşdirilməsi zamanı Ukrayna tərəfindən vurularaq Polşa ərazisinə düşüblər.
Mən tamamilə əminəm ki, hətta həmin raketlər Rusiyaya məxasus olsaydı belə NATO indiki mərhələdə bu hadisədən istifadə edib Rusiyaya qarşı əməliyyat keçirməzdi. Çünki onlar da dərk edirlər ki, NATO-nun cavab zərbələri olarsa bu zaman Rusiyanın nüvə silahından istifadə etməkdən başqa yolu qalmayacaq. Məhz elə nüvə müharibəsindən qaçmaq üçün NATO “araşdırma aparılır” deyərək yaxasını kənara çəkmək yolunu seçdi. Amma istənilən halda regionda gərginlik davam edir və bu gərginliyin Rusiya ilə Ukrayna arasındakı müharibə bitənə qədər davam edəcəyi qaçılmazdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB