Professor Kobrinski: Qarabağ birmənalı olaraq Azərbaycanın ərazisidir – ŞƏRH
Rusiyalı politoloq: “Ermənistan dövlətçiliyin mövcudluğu sual altında qala bilər”
Münaqişə edən ölkələrin liderlərinin istənilən görüşünü, hətta nəticələrdən asılı olmayaraq, müsbət fakt kimi qiymətləndirmək olar, çünki döyüşmək yox, danışıqlar masası arxasında əyləşib bir-birini dinləmək çox vacibdir. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, Etno-Milli Strategiyalar Agentliyinin direktoru, tarix elmləri doktoru Aleksandr Kobrinski “Caliber” analitik mərkəzinə regionumuzda gedən prosesləri və Ermənistan-Azərbaycan sülh danışıqlarıını şərh edib. Ekspertin şərhini oxucularımıza təqdim edirik.
Azərbaycan, Ermənistan və Rusiya başçılarının bu yaxınlarda Soçidə keçirilən görüşünü, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının hazırkı mərhələsini, Ermənistanın KTMT-dən çıxmasının mümkünlüyünü şərh edən rusiyalı politoloq vurğuladı ki, Bakı Qarabağ mövzusunu bağlayıb.
“Bakı öz əsas vəzifəsini- ərazi bütövlüyü məsələsini həll edib. Və bu gün Azərbaycan artıq Ermənistanla münasibətlərin normallaşması ilə bağlı başqa bir vəzifə qarşısındadır, nəinki ümumiyyətlə ərazi mübahisəsi. Lakin Ermənistan üçün çox ağrılı olduğu üçün bu proses kifayət qədər uzun çəkəcək. Mənə elə gəlir ki, Azərbaycan Qarabağda ermənilərə şərait yaratmalıdır ki, onlar öz müqəddəs yerlərinə sərbəst gedə bilsinlər, lakin eyni zamanda, birmənalı olaraq bura Azərbaycanın ərazisidir”,- Kobrinski bildirib.
Avropaya Qafqazda yeni müharibə lazımdırmı?
Ekspert Brüsselin danışıqlarda iştirakı ilə bağlı da fikirlərini bildirib: “Əvvəlcə dediyim kimi, Ermənistan-Azərbaycan danışıqlarında anqlo-saksonların və ya Avropanın iştirakı nə qədər çox olarsa, normallaşma prosesi bir o qədər uzanar. Səbəb banaldır. Avropalılara da amerikalılar kimi Qafqazda sülh lazım deyil.
İndi isə son Praqa görüşünə gələk. Bunu deyəcəyəm: görüş yaxşıdır, Praqa pisdir. Sual budur ki, görüş keçirmək lazımdır? Lap əla. Bunun üçün Bişkek, Almatı, Daşkənd var, görüşülə biləcək yerlər çoxdur. Baltikyanı ölkələr istisna olmaqla, yalnız keçmiş Sovet İttifaqı ölkələrinin ərazisində danışıqlarda normal nəticələr əldə edilə bilər. Buna baxmayaraq, kollektiv Qərb normallaşma prosesində tam iştirak etsə, danışıqlar dalana dirənəcək və regionda yeni müharibə qaçılmaz olacaq. Çünki Qərbə bizim ərazimizdə bir-birini öldürəcək vəhşi tayfalar lazımdır və bütün bu xaosu amerikalılar və anqlosakslar idarə edəcək.
Biz başa düşməliyik ki, onların neftə, qaza, minerallara və hətta şirin suya ehtiyacı var. Ermənistan davamlı olaraq Qərbə baxır və bu, ona yaxşı heç nə vəd etmir. Ermənistan rəhbərliyindən fərqli olaraq Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya qarşı daha düzgün münasibət nümayiş etdirir. Bu, obyektiv reallıqdır. Azərbaycanın öz ərazisində nə Yerevandakı qədər nəhəng Amerika səfirliyi, nə də Qərbin bioloji laboratoriyaları var. Bakı daha ardıcıl və balanslaşdırılmış siyasət yürüdür, İrəvanın sağa-sola, hətta yuxarı-aşağı tərəddüdləri danışıqlarda aydın siyasətin işlənib hazırlanmasını mümkünsüz edir”.

Rusiya tərəf olmaq istəmir
“Türkiyə Azərbaycanın ciddi müttəfiqidir və bu faktdır. Rusiya isə həm ermənilərə, həm də azərbaycanlılara təxminən belə yanaşır: “Biz onların hər ikisinə əhəmiyyət veririk, biz bu münaqişəni istəmirik, ona görə də tərəf tuta bilmərik”. Biz tərəf olmaq istəmirik, çünki biz müharibənin əlindən aldığı insan həyatı ilə maraqlanırıq. Bəli, münaqişə tərəfləri artıq sülh müqaviləsinin imzalanması istiqamətində ciddi addım atıblar, lakin bu, hələ kifayət deyil”, - rusiyalı ekspert hesab edir.
Bəs KTMT necə?
Ekpert KTMT-nin üzvü kimi Ermənistan haqqında da fikirlərini bildirib: “Ermənistan tərəfinin KTMT-yə qarşı iddialarına gəlincə, məncə, bunlar əsassızdır. KTMT-nin vəzifəsi münaqişənin özünə qarışmamaqdır. Amma etiraf edim ki, mən özüm də bu təşkilata şübhə ilə yanaşıram. Əslində, bu yarıcanlı bir quruluşdur, ona görə də onun mövcudluğu faktına əhəmiyyət verməzdim. Mənə aydındır ki, Qərb Rusiyanın iştirak etdiyi istənilən təşkilatı məhv etmək üçün əlindən gələni edəcək. Amma hesab edirəm ki, Ermənistanda hələ də KTMT-dən çıxmaq məsələsi irəli sürüləcək.
Digər tərəfdən, bu, Azərbaycana çox yaraşar. Sizin Naxçıvan hissənizlə quru sərhədiniz yoxdur, bu, düzgün deyil. Əslində, Ermənistanın axmaq əməllərini davam etdirməsi Azərbaycana sərfəlidir. Məsələn, Rusiyanın Gümrüdəki bazası ölkədən çıxarılsa, Bakı üçün böyük perspektivlər açılacaq. Eyni zamanda, İrəvan Ermənistan dövlətçiliyinin mövcudluğu məsələsi ilə üzləşəcək.
Eyni şey Rusiya sülhməramlılarının Qarabağda olmasına da aiddir. Düşünürəm ki, vəziyyət tam həll olunana qədər orada qalmaları müdrik qərar olardı.
İndi Ermənistan ərazisində yerləşən Avropa İttifaqı missiyasına gəlincə, məncə, burada söhbət müşahidəçilərdən yox, təhrikçilərdən gedir. Ona görə də, mən İrəvanın avropalıları Ermənistana dəvət etməsini böyük səhv hesab edirəm. Bu ölkədəki daxili siyasi vəziyyətə gəlincə, böyük ehtimalla etirazlar davam edəcək, lakin Paşinyan hələlik, hakimiyyətdə qalacaq və Ermənistanın yönünü tam Qərbə çevirməyə çalışacaq. Bu isə mənə elə gəlir ki, o deməkdir ki, müharibə təhlükəsi qalacaq”,- deyə A. Kobrinski yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB