Yevgeni Mixalyov: Moskva İrəvanı ağıllandırmaq üçün lazımi addımlar atacaq - MÜSAHİBƏ

Rusiyalı ekspert: “İrəvanın hərəkətləri üç kresloda oturmaq cəhdi deyil, Rusiyanın düşmənlərinin tərəfinə keçmək üçün açıq cəhddir. Bu, Moskvada böyük hiddətə səbəb olur... Azərbaycanın Moskvanın razılığı ilə qalan əraziləri yenə də özünə qaytarması ehtimalı real ssenaridir”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qarşıdan gələn üçtərəfli görüşü ilə bağlı söhbətləri təsdiqləyib. Üçtərəfli danışıqlar Soçidə baş tutacaq. Vladimir Putin oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada MDB Dövlət Başçıları Şurasının iclasında azərbaycanlı və erməni həmkarlarına belə bir görüşün keçirilməsini təklif edib. Son zamanlar Cənubi Qafqazda vəziyyət elə inkişaf edir ki, Qərb artıq regionda özünü möhkəmlətmək cəhdlərində qırmızı xətti keçməyə başlayıb. Məlum olduğu kimi, Ermənistan artıq Azərbaycanla sərhədə Aİ-nin müşahidə missiyasının göndərilməsinə nail olub və indi əlavə olaraq ATƏT-in əlavə missiyası göndərməyə can atır. Rəsmi Bakı artıq qeyd edib ki, ATƏT-in missiyası İrəvanın şəxsi birtərəfli istəyindən başqa bir şey ola bilməz və Azərbaycan tərəfi ilə razılaşdırılmadığı üçün heç bir şəkildə qəbul edilə bilməz.

Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov bu fonda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşünü “Moskva-Baku” portalına təhlil edib. Müsahibəni oxucularımızaın diqqətinə çatdırırıq.

- Yevgeni Aleksandroviç, hazırda Cənubi Qafqazda baş verənləri necə görürsünüz?

- Avropa İttifaqı, ABŞ, Böyük Britaniya bunu heç gizlətmədən nəinki Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçi olmağa, həm də regionda ciddi və uzun müddət iştirak etməyə çalışır. Qərb Zaqafqaziyada özünün böyük oyununa başlayıb. Xatırlayırıq ki, İkinci Qarabağ Müharibəsi zamanı Qərb dövlətləri son nəticədə vəziyyətin həlli prosesindən kənarda qaldılar, sadəcə olaraq, onların heç nə etməyə vaxtları olmadı, Rusiya isə vəziyyətin əsas vasitəçisi, moderatoru oldu,

müharibənin dayandırılmasına və Rusiya liderinin birbaşa iştirakı ilə Ermənistan-Azərbaycan nizamlanmasına dair bəyanatın imzalanmasına nail oldu. Qərb Rusiyanın bu cür uğurundan son dərəcə narazı idi və bunu birbaşa Moskvaya bildirdi.

Bu gün Rusiya ilə Qərb arasında münaqişə fonunda, Moskvanın Ukraynada həyata keçirdiyi xüsusi hərbi əməliyyat fonunda Qərb dövlətləri Rusiya Federasiyası üçün yeni qeyri-sabitlik ocağı yaratmaq üçün Cənubi Qafqazdan istifadə etmək qərarına gəliblər. Qərb ən fəal səyləri ilə Rusiyanı Ermənistan-Azərbaycan nizamlanmasından çıxarmağa çalışır ki, bu da təbii ki, Rusiyanın milli maraqlarına qətiyyən cavab vermir. Moskva üçün Cənubi Qafqazda sülhə nail olmaq vacibdir, çünki bu, həm də beynəlxalq vəziyyətlə və Moskva üçün yeni təchizat zəncirlərinin formalaşdırılmasının və ümumiyyətlə, regiondakı tərəfdaşları ilə əlaqələrin möhkəmləndirilməsinin vacibliyi ilə bağlıdır.

Qərb Cənubi Qafqazda sülh prosesini pozmaq üçün Ermənistandan alət kimi istifadə edir. İrəvanın bugünkü hərəkətləri hətta üç kresloda oturmaq cəhdi deyil, Rusiya Federasiyasının hazırkı düşmənlərinin tərəfinə keçmək üçün açıq cəhddir. Bu, Moskvada böyük hiddətə səbəb olur. Rusiya isə bu barədə kifayət qədər qəti şəkildə danışmağa başlayır ki, Aİİ və KTMT-də tərəfdaşımız olan və hələ də Rusiya Federasiyasından çox asılı olan Ermənistanın Qərbin təsir zonasına getməsinə imkan verməyəcək.

Ermənistan çox aktiv addımlarla Qərbə doğru irəliləyir və bu, Moskvada sual doğurmaya bilməz. Bu baxımdan Moskva, görünür, Qərbin Zaqafqaziyada fəaliyyətini cilovlamaq və İrəvanı ağıllandırmaq üçün addımlar atacaq.

Paşinyan əvvəllər də Rusiyaya o qədər də sevgi bəsləməyib. Unutmayın ki, o, Ermənistanda hakimiyyətə ABŞ-ın bütün dünyada başlatdığı “məxməri inqilab”la gəlib. Ermənistanın baş nazirinin komandasının əksəriyyəti Sorosun adamlarıdır, Amerika və Avropa ilə sıx əməkdaşlıq edən insanlardır. İndi xüsusi hərbi əməliyyat başlayandan sonra Paşinyanın Qərbdəki kuratorları, görünür ona deyiblər: seçim et- sən Rusiyanın yanındasan, yoxsa bizimlə. Biz yəqin Rusiyanı indi boğacağıq, sonar sən işsiz qalacaqsan. Paşinyan hələ Rusiyadan tam imtina etməyib, hələ də qorxur ki, Rusiya Qərbə qalib gəlsə, bundan sonra onun üçün daha pis olacaq, amma o, Qərbə doğru getdikcə daha çox addımlar atır. Ermənistan həmişə böyük dövlətlərin əlində marionet olub.

İkinci Qarabağ müharibəsi zamanı Moskvanın vasitəçiliyi ilə o, Rusiya Federasiyası və Azərbaycan liderləri ilə üçtərəfli bəyanat imzalamalı və bununla da öz üzərinə çoxlu sayda öhdəliklər götürməli oldu. Onun seçimi yox idi. Amma tarixin göstərdiyi kimi, erməni siyasəti öhdəliklərini heç vaxt yerinə yetirmir.

Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından sonra İrəvandan Rusiyaya qarşı hücumlar tez-tez baş verir. Avqustda, sonra isə sentyabrda İrəvan Azərbaycanla sərhəddə açıq-saçıq təxribat törədib, KTMT-nin yardımını tələb edib- bu strukturun Ermənistana hərbi cəhətdən kömək etməyəcəyini bildiyi halda. Ona görə də paralel olaraq İrəvan BMT-yə, daha sonra isə ATƏT-ə müraciət etməyə başladı. Həm də bunu Rusiya üçün belə çətin bir vaxtda etdi. Bütün bunlar İrəvana ictimai rəyi manipulyasiya etmək və Qərb tərəfdaşlarını köməyə çağırmaq imkanı verdi.

Azərbaycan ATƏT-in sərhəd missiyası ilə qətiyyən razı deyil, Rusiya da razı deyil. ATƏT uzun müddətdir ki, son dərəcə mənfi olduğunu sübut edib. Onu maraqlandıran bölgələrdə kəşfiyyat funksiyalarını yerinə yetirir. Rusiya və Azərbaycan üçün bu, artıq açıq-aşkar düşmənçilik edən təşkilatdır. ATƏT missiyasının Cənubi Qafqaza gəlişi isə sırf sabitliyi pozmağa yönəlib. Əminəm ki, ATƏT və Aİ missiyası Ermənistanla Azərbaycan sərhədində peyda olanda istənilən erməni təxribatı avtomatik olaraq “Ermənistana qarşı Azərbaycan təxribatına” çevriləcək. Mən sizə zəmanət verirəm, bu yüz faizdir. Avropa Azərbaycanı manipulyasiya etməyə- ona təzyiq göstərməyə və eyni zamanda bu gün çox ehtiyacı olan Azərbaycan qazını cəlb etməyə çalışır. Eyni zamanda, biz artıq tez-tez antiazərbaycan bəyanatları, Qərb dövlətləri tərəfindən antiazərbaycan addımlar görürük. Bakı da bunu görür.

Bu gün hesab edirəm ki, biz Rusiyaya və bu gün əməkdaşlığı gücləndirdiyimiz və ümumi gələcək qurduğumuz ölkələrə qarşı Qərbin bu hücumlarına kollektiv şəkildə cavab verməliyik. Moskva ilə Bakının maraqları daha da yaxınlaşıb. Bu gün biz Azərbaycanla əsl dosta çevrilmişik, üztəlik, Qərb regionuna girməkdə maraqlı olmayan Türkiyə ilə də. Ankara güclü oyunçudur, Azərbaycanın təhlükəsizliyinin təminatçısıdır və bu gün Cənubi Qafqazda baş verənlər Türkiyənin də maraqlarına ziyan vurur. O, Rusiya ilə münasibətləri korlamaq və indi əldə etdiyi Rusiya ilə Qərb arasında vasitəçilik imkanını itirmək niyyətində deyil.

Rusiya, Türkiyə, Azərbaycan birlikdə gedəcək və çağırışlara birlikdə cavab verəcək. Əksinə görünə bilər ki, bu gün Cənubi Qafqazda bir qədər özünəməxsus şəkildə mövqe nümayiş etdirən İran da Azərbaycan və Türkiyə ilə eyni qayığa düşür. Rusiya, Türkiyə, Azərbaycan, o cümlədən İran Qərbin regionda görünməsində- Cənubi Qafqazda Avropa maraqlarının sıx şəkildə yeridilməsində maraqlı deyil.

Rusiy Türkiyə ilə olduğu kimi İranla da müxtəlif sahələrdə tərəfdaşlığı gücləndirməyə çox ciddi yanaşır. İran da Türkiyə kimi qlobal miqyasda iqtisadi cəhətdən Rusiyaya yönəlir. Ona görə də Cənubi Qafqazda İran bəzən şıltaqlıq edib nəyisə göstərə bilər, amma sonda bütün region ölkələri onsuz da birgə hərəkət etməli olacaq. Region üçün qəti şəkildə mənfi hərəkətlər İrandan gəlməyəcək.

- Moskvanın hansı variantları var- axı bu, ikitərəfli qılıncdır- Paşinyan bütün gücü ilə Qərb kartı ilə oynayır, amma Paşinyanın alternativi böyük ehtimalla "Qarabağ"da qisas almaq istəyənlərdir. Amma Ermənistan-Azərbaycan sülh prosesinin nizamlanması üçün bu, dalana dirənmək deməkdir... Bəs Putin sonda Əliyevlə Paşinyan görüşündə nə deyəcək?

- Moskva ümidini itirmir ki, Paşinyan buna baxmayaraq, üçtərəfli nizamlanma üzrə öhdəliklərini yerinə yetirməyə başlayacaq. Ona görə də indiki kritik məqamda Moskva üçtərəfli görüşlərdə belə uzun fasilədən sonra danışıqlar prosesini davam etdirmək üçün Bakı və İrəvanı dəvət edir. Gələcək hadisələri proqnozlaşdırmaq mənim üçün çətindir, lakin tamamilə aydındır ki, Moskva Ermənistanın NATO-nun bazasına çevrilməsinə imkan verməyəcək. Moskva Ermənistanda yenidən Azərbaycanla qarşıdurmada israr edəcək belə bir liderin hakimiyyətə gəlməsində maraqlı deyil. Çünki hələ də Paşinyanla hansısa formada danışa bilirsənsə, əksinə, “Qarabağ klanı”ndan qarşıdurma üçün qurulmuş revanşist gəlirsə, bu, Moskvanın özü üçün pisdir. Rusiya Ermənistandakı revanşistlərə kömək etməyəcək, çünki Azərbaycan Rusiyanın müttəfiqidir, onunla münasibətlərimiz yalnız hazırkı beynəlxalq vəziyyət fonunda güclənir.

Eyni zamanda, fikrimcə, Rusiya lideri görüşdə diplomatik hərəkət edəcək və əsas mesaj bu olacaq- üçtərəfli bəyanatları, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirək. Həm də ona görə ki, Ermənistan Qərblə çox yaxınlaşmasın.

Azərbaycan öz öhdəliklərini yerinə yetirir, Ermənistan isə buna qarşı çıxır, ona görə də görüşdə əsas diqqət İrəvanın razılaşmaların yerinə yetirilməsinə yönəldiləcək. Ancaq bu "vurğu" eksponent olaraq sərt olmayacaq. Putin Rusiyanın mövqeyini başqa cür başa düşməyənlərə necə çatdırmağı bilir, amma o, rəsmi şəkildə deyəcək ki, siz bizim erməni tərəfdaşlarımız, müttəfiqlərimiz, niyə belə hərəkətlər edirsiniz. Təbii ki, məncə, Azərbaycan da Qərb tərəfdaşlarının regiona gəlişi ilə bağlı daha sərt mövqe nümayiş etdirməli idi. Biz öyrəşmişik ki, Avropa hər zaman aldadır və Azərbaycanda heç bir illüziya olmamalıdır.

Rusiya vəziyyəti sabitləşdirməyə çalışacaq. Bunu ictimaiyyətə göstərməyin vaxtıdır, çünki Qərbin oyunları uzaqlara gedir. Qərb Moskvanı Cənubi Qafqazda əzmək istəyir və bunun üçün bütün vasitələrdən istifadə edəcək.

Eyni zamanda, hesab edirəm ki, Ermənistan-Azərbaycan nizamlanması üzrə sülh prosesi dondurulacaq və bunun fonunda Qərb və Ermənistan vəziyyətin sabitliyini pozmaq cəhdlərini davam etdirəcək.

Rusiyasız sülh müqaviləsi imzalanmayacaq. Qərbin və Ermənistanın təxribatlarını dayandırmaq cəhdlərinə qarşı Ermənistan-Azərbaycan nizamlanmasında belə ləng vəziyyət Moskva Ukraynanın hərbi əməliyyatlar teatrında Avropa və ABŞ ilə məsələləri həll etməyənə qədər davam edəcək.

Real ssenarilərdən biri kimi Azərbaycanın Moskvanın razılığı ilə qalan əraziləri yenə də özünə qaytarması ehtimalı var.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə