Rusiyalı ekspert: “Ermənistanda Qərb missiyasının peyda olması Moskvanı əsəbiləşdirəcək” – MÜSAHİBƏ

Georgi Fyodorov: “Qərb Ermənistanla Azərbaycan arasındakı münasibətlərdəki problemləri heç vaxt həll etməyəcək. Bu onun üçün sərfəli deyil”

Ermənistanda son vaxtlar ciddi şəkildə Qərbyönümlü kurs götürülməsi və Rusiya əleyhinə açıq əməllər, həmçinin, Paşinyanın Avropa missiyasını ölkəyə dəvət etməsi Moskvanın xoşuna gəlmir. Bu vəziyyətdə Moskva İrəvanı cəzalandıra bilərmi? Rusiyanın siyasi və ictimai xadimi, Rusiya Federasiyası İctimai Palatasının üzvü, “Aspekt” Sosial-Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Georgi Fedorov “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən proseslər, baş verən hadisələr haqda maraqlı fikirlər səsləndirib. Ekspertin müsahibəsini oxucularımızın diqqətinə çatdırırıq.

- Georgi Vladimiroviç, bildiyiniz kimi, ötən həftə Praqada Türkiyə, Azərbaycan və Ermənistan liderlərinin qeyri-rəsmi görüşü oldu. Sizcə, bu, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinə necə təsir edəcək və bu iki istiqamətdə normallaşma barədə nə düşünürsünüz?

- Praqada keçirilən görüşün bəzi humanitar təmaslara təsir edəcəyinə inanıram. Bu, münasibətlərin normallaşması istiqamətində addım atmaq məqsədi ilə bir növ çərçivə danışıqlarına çevrilə bilər, lakin yaxın gələcəkdə tam normallaşma olmayacaq. Çünki Ermənistanda ordu, cəmiyyət yaralıdır, Azərbaycan isə buna qane olur. Ümumiyyətlə, ölkələr arasında hələ də çoxlu ziddiyyətlər var.

- Sizcə, son vaxtlar Fransa və ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında fəallaşmasının əsas səbəbi nədir?

- ABŞ və Fransada böyük və nüfuzlu erməni diasporu var. Həm biznesdə, həm də siyasi dairələrdə. Ermənistanla Azərbaycan arasında münasibətlərə belə böyük maraq da buna görədir. Həm Fransada, həm də ABŞ-da seçki dövrünün yaxınlaşması ilə onların hakimiyyət orqanları Ermənistan-Azərbaycan münasibətlərinə getdikcə daha çox təsir göstərməyə çalışacaqlar.

- Azərbaycan və Ermənistan liderlərinin, eləcə də Aİ rəhbərinin və Fransa prezidentinin Praqada keçirilən dördtərəfli görüşündə qərara alınan Aİ missiyasının Ermənistan ərazisində yerləşdirilməsi faktına Rusiya necə reaksiya verəcək?

- Hələlik bu beynəlxalq vasitəçilərin kim olduğu bəlli deyil. Hesab edirəm ki, bəzi müvəqqəti humanitar və diplomatik missiyalar, məsələn, ATƏT-in monitorinqi üçün iştirak edə bilər. Amma bundan artıq yox. Anlamaq lazımdır ki, Rusiya faktiki olaraq ABŞ və NATO ilə qarşıdurmadadır, ona görə də Ermənistan ərazisində, yəni Cənubi Qafqaz regionunda dost olmayan ölkələrin nümayəndələrinin peyda olması Moskvanın mənfi reaksiyasına səbəb ola bilər.

- Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin aktivləşməsi və İrəvanın oriyentasiyasını dəyişərək Qərbə doğru irəliləmək cəhdləri fonunda 102-ci Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasına ehtimal verirsinizmi?

- Yox, hadisələrin belə inkişafına ehtimal vermirəm. Bu, Rusiya üçün sərfəli deyil. Bu, Ermənistan üçün də sərfəli deyil. Rusiya bazası çoxdan oradadır və vəziyyəti sabitləşdirmək üçün mühüm amildir.

- Yəni, Ermənistanın tam Qərbə yönəlməsinə ehtimal vermirsiniz?

- Ermənistanda indi daxili qarşıdurma var, Qərbdə bundan istifadə etməyə çalışa bilərlər. Amma başa düşmək lazımdır ki, Qərb Ermənistanla Azərbaycan arasındakı münasibətlərdəki problemləri heç vaxt həll etməyəcək. Bu onun üçün sərfəli deyil. Üstəlik, Türkiyə-Ermənistan-Azərbaycan çox ciddi geosiyasi düyündür, onu açmaq çox çətindir. Ona görə də Ermənistanın Qərbə son dönüşü, ümid edirəm ki, heç bir nəticə verməyəcək.

- Sizcə, İrandakı etiraz hərəkatının arxasında nə və ya kim dayanır?

- İranda daxili sosial ziddiyyətlər çox uzun müddətdir ki, var və böyüyür. Və çoxlu qüvvələr, o cümlədən ABŞ və İsrail İran İslam Respublikasında vəziyyətin sabitliyinin pozulmasından faydalanır. Ola bilsin ki, bu sabitliyin pozulması nəticəsində yaranan siyasi böhran Türkiyə, Azərbaycan və regionun digər qonşu dövlətlərində də müəyyən dərəcədə vəziyyətə təsir edə bilər.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə