"Media Reyestrinin yaranması peşəkar mühitin formalaşmasına gətirib çıxarır" - BAŞ DİREKTOR MÜAVİNİ ŞƏRH ETDİ

"Son illər Azərbaycan mətbuatı özünün yeni forma və məzmunca dünya standartlarına uyğun olan mərhələsinə qədəm qoyub". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, media sahəsində çox böyük ishalatlar aparılıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahəyə məxsusi yanaşması nəticəsində Azərbaycan mətbuatı peşəkarlaşır. Mediaya diqqət və qayğı günbəgün dövlət tərəfindən artır, islahatlar həyata keçirilir. Medianın İnkişafı Agentliyinin yaranması, "Media haqqında" yeni qanunun qəbul edilməsi bu diqqətin əsas göstəricilərdəndir. Biz dəfələrlə vurğulamışıq ki, "Media" haqqında qanun çox mütərəqqi qanundur. Bu qanun Azərbaycan mətbuatında bir sistem yaradacaq, mətbuatın inkişafı üçün bir yol xəritəsi olacaq. Media orqanları və jurnalistlər arasında yaranan neqativ halların aradan qaldırılmasında müsbət rol oynayacaq.

Qanunun əsas üstünlüklərindən biri də odur ki, Media Reyestri yaradılıb. Bu günlərdə cənab Prezident Media Reyestrinin formalaşdırılması qaydalarını təsdiq edib. Burada bir çox üstün məqamlar vardır.

Media Reyestrinin yaranması əlbəttə ki, jurnalistikanın inkişafına, peşəkar mühitin formalaşmasına gətirib çıxarır. Burada jurnalistlərə vahid vəsiqələrin verilməsi, eyni zamanda reyestrə daxil olmuş jurnalistərin müəyyən üstünlüklər, güzəştlər və imtiyazların nəzərdə tutulması da təqdirəlayiq haldır. Bu güzəştlər jurnalistika sahəsində çalışan insanların sosial şəraitinin yaxşılaşmasına da xidmət edəcək. Burada jurnalistlərin mənzil-məişət problemlərinin həlli də nəzərdə tutulub. Media Reyestrinə daxil olan jurnalistlər dövlətin güzəştli ipoteka paketlərindən yararlana biləcək. Üstünlüklər çoxdur və bu üstünlüklər qarşımızdakı aylarda daha da dəqiqləşəcək".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə