Böyük Qayıdışa hazırlıq uğurla davam edir - TƏHLİL

Cənab Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağ ərazilərinə hər səfəri zamanı bir çox obyektlərin açılışını etdiyinin şahidiyik və ölkə başçısının hər səfərindən sonra həmin ərazilərin, xüsusilə də Şuşanın ermənilər tərəfindən bərbad vəziyyətə salınmış simasında müharibədən sonrakı dövrdə müsbətə doğru köklü dəyişikliklər baş verdiyini görürük. Dövlət başçısının işğaldan azad olunan həmin ərazilərdə bir sıra abidələrin, obyektlərin təmir və bərpa işlərindən sonra açılışını etdiyinə nəinki Azərbaycan cəmiyyəti, eləcə də dünya ictimaiyyəti də şahiddir. Cənab Prezident İlham Əliyevin hər səfəri zamanı söylədiyi geniş nitq, önəmli açıqlamalar həm Ermənistan tərəfinə, həm də ümumilikdə dünyaya ünvanlanmış ismarıclarla diqqət mərkəzindədir və bütün bu sadalananlar Azərbaycan xalqının işğaldan azad olunmuş öz torpaqlarına qayıdışından, Böyük Qayıdışdan xəbər verir.

Təsadüfi deyil ki, ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə, Qarabağ ərazisinə, xüsusilə Şuşaya səfərləri Ermənistanda geniş müzakirələrə səbəb olur, erməni ictimai şüurunda böyük əks-səda, hətta rezonans belə doğurur. Ona görə ki, ermənilər əsrin üçdə birinə yaxın müddət ərzində işğal altında saxladıqları, müdafiə istehkamları belə qurduqları Qarabağ torpaqlarının, xüsusən də Şuşanın işğaldan azad edilməsi ilə hələ də barışa bilmirlər və məhz bu səbəbdən də onlar ölkə rəhbərimizin səfərlərinə çox ağrılı reaksiya verir, bunun nə demək olduğunu, Böyük Qayıdış hazırlığı olduğunu yaxşı başa düşürlər.

Şanlı ordumuzun, Azərbaycan Ordusunun məhz Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağı, mədəniyyət paytaxtımız olan Şuşanı işğaldan azad etməsindən böyük psixoloji travma yaşayan ermənilər indi ölkə rəhbərimizin hər səfərini, işğaldan azad etdiyimiz Qarabağ ərazisində görülən quruculuq-abadlıq işlərini dörd gözlə izləyirlər, çünki bunun Böyük Qayıdış hazırlığı olması onlar üçün də bəlli məsələdir. Ermənilər bundan əbəs yerə qıcıqlanmırlar və işğaldan azad etdiyimiz torpaqlarda aparılan tikinti, quruculuq, bərpa, abadlıq işləri həmin torpaqların bizə məxsus olduğunu bir daha təsdiqləyir və onlar bu həqiqətlərin qarşısında aciz qalaraq, Böyük Qayıdışa hazırlığımızı məyusluqla, ürək ağrısı ilə izləyirlər.

Cəmi 44 gün davam edən və Azərbaycanın Zəfəri ilə nəricələnən müharibədən sonra ölkəmiz, xüsusilə işğaldan azad edilən Qarabağ ərazisi üçün yeni dövr başlayıb və artıq Böyük Qayıdış üçün hazırlıq uğurla davam edir. İşğaldan azad edilən torpaqlarımızda canlanma müşahidə edilir və həmin ərazilərin bərpası, inkişafı ilə əlaqədar strategiya da uğurlu nəticələr vəd edir. Ölkə rəhbərimizin də qeyd etdiyi kimi, artıq hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir ki, bu istiqamətdə də aparılan uğurlu işlər göz önündədir. İndi bütün dünya Böyük Qayıdış hazırlığını maraqla izləyir və inanır ki, Azərbaycan bu işin də öhdəsindən layiqincə gələcək, bu istiqamətdə də Zəfərimizin şahidi olacaq.

Ölkəmizin potensialı bütün dünyaya bəllidir və heç kim üçün sirr deyil ki, Azərbaycanın güclü iqtisadi potensialı işğaldan azad olunmuş ərazilərimizdə quruculuq, abadlıq işlərinin öhdəsindən gəlməyə imkan verir və bu imkan da Böyük Qayıdış üçün əsaslı zəmin deməkdir. Əlbəttə, bu bir reallıqdır ki, yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmaları üçün şərait yaratmaq lazımdır və ölkəmizin imkanları, mövcud potensialı bunun üçün yetərlidir. Bir sözlə, Azərbaycanın mövcud potensialı Böyük Qayıdışı stimullaşdıran amil olaraq çıxış edir.

Onu da qeyd etmək yerinə düşərdi ki, işğaldan azad olunan ərazilərin təbii resurslarından və iqtisadi imkanlarından səmərəli istifadə etməklə də böyük nəticələr əldə etmək mümkündür. Sözsüz ki, həmin resurslardan, imkanlardan istifadə olunması qeyri-neft sektorunun inkişafı, eləcə də əcnəbi şirkətlərin investisiya qoyuluşu deməkdir. Məsələn, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı sahəsinin, xüsusilə, bitgiçiliyin, heyvandarlığın inkişafı üçün yetərincə imkanlar var və bu da sahibkarlıqla məşğul olmaq istəyənlərə geniş şərait yaradır. Bu da öz növbəsində məşğulluq səviyyəsinin artması, öz yurd-yuvalarına, həmin ərazilərə qayıdacaq, orada məskunlaşacaq vətəndaşlarımızın işlə təmin olunması, rifah halının daha da yaxşılaşdırılması ilə nəticələnəcək.

Təbii ki, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin reallaşması da işğaldan azad olunan həmin ərazilərə, Qarabağ ərazilərinə qayıdacaq soydaşlarımız üçün yeni imkanlar açır, həyat səviyyəsinin daha da yuksələcəyini vəd edir. Nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması, dəmir yolu, avtomobil magistrallarının tikintisi, hava limanının istifadəyə verilməsi sözügedən ərazilərin simasını kökündən dəyişir və sözsüz ki, bu da Böyük Qayıdışı stimullaşdıran əsas məqamlardandır. Nəzərə almaq lazımdır ki, infrastrukturun yenidən qurulması böyük iqtisadi potensialı, bol təbii ehtiyatları olan bu ərazilərə böyük investisiya cəlbi üçün perspektivlər, həmin ərazilərə qayıdacaq vətəndaşlarımız üçün isə məşğulluğun təmin edilməsini vəd edir.

Sadalananlar onu deməyə əsas verir ki, 44 günlük müharibədə qazandığımız Zəfərin ardınca işğaldan azad olunmuş ərazilərimizdə yeni dövr başlayıb və artıq genişmiqyaslı quruculuq, abadlıq, bərpa işlərinin uğurla aparıldığı da göz önündədir. Əlbəttə, bu da o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa hazırlıq uğurla davam edir.

Müəllif: İnam Hacıyev

6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə