Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramları ön planda durur – TƏHLİL

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinin bilavasitə cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etdiyi və bunun da çox əhəmiyyətli olduğu nəzərə alınaraq Azərbaycanda bu istiqamətdə mühüm işlər görülüb və görülməkdədir. Xüsusən də təhsil sistemində müşahidə edilən yeniliklər diqqətdən yayınan deyil və cəmiyyətimiz tərəfindən müsbət qarşılandığı da göz önündədir. Hər zaman dövlət siyasətinin əsas prioritetlərindən olan təhsilimizin inkişafı bu gün də öz aktuallığını qoruyur və əbəs yerə deyil ki, Azərbaycanda məhz təhsil sektorunun daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlar atılır, əsaslı işlər görülür. Ölkəmizdə bu istiqamətdə daha böyük uğurlara nail olmaq üçün qəbul olunan proqramlar yalnız təhsilimizin inkişafına xidmət edir.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra digər sahələrdə olduğu kimi təhsil sistemində də köklü islahatlar həyata keçirilməyə başladı. Hələ ötən əsrin sonlarından, daha dəqiq desək 1990-cı ildən başlayaraq dünya standartlarına uyğun, modern təhsil sisteminə keçid prosesinin başlamasının şahidi olduq. Onun da şahidi olduq ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev digər sahələrlə yanaşı, təhsilimizin inkişadına da, modernləşməsinə də xüsusi diqqət ayırdı. Ulu Öndər Azərbaycanda təhsilin səviyyəsinin daha da artması, inkişafı üçün əlindən gələni əsirgəmədi və bu istiqamətdə əsaslı işlərin təməlini qoydu. Məhz 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra bütün təhsil sistemində struktur dəyişiklikləri aparılmağa başladı ki, bu da öz nəticəsini ən yaxın zamanda göstərdi. Tez bir zamanda müəssisələrin şəbəkəsi optimallaşdırıldı, mütəxəssis hazırlığının strukturuna yeni ixtisaslar əlavə olundu, ümumiyyətlə, təhsil müəssisələrinə xeyli müstəqillik, geniş səlahiyyətlər verildi.

Ölkə rəhbərimiz, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə təhsil sistemində islahatlar davam etdirildi və bu gün islahatlara böyük yer verilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” təsdiq edildi. Bununla da təhsilin pillələri və səviyyələri üzrə təhsil proqramlarının yerinə yetirilməsi müddəti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlandı və müvafiq dövlət təhsil standartlarına uyğun olaraq müxtəlif təhsil pillələri və səviyyələri üzrə təhsil proqramlarının yerinə yetirilməsi müddətləri müəyyən olundu.

Dövlətimiz tərəfindən xaricdə təhsil almaq istəyənlər üçün də şərait yaradılıb. Gənclərin xaricdə təhsil alması üçün əsas maneələrindən biri olan maddi çatışmazlıqların və bu cür çətinliklərin öhtəsindən gəlmək üçün mümkün yollardan biri xarici hökumətlər və universitetlər tərəfindən təklif edilən təqaüd proqramlarının imkanlarından yararlanmaqdır və Azərbaycan hökuməti tərəfindən təsis edilmiş xaricdə təhsil üzrə dövlət proqramı da gənclərin xaricdə təhsil alması üçün gərəkli maliyyə yardımı almasının təminatçısıdır. Hazırda ali təhsilin maliyyələşdirilməsi aktiv olaraq 2019-2023-cü illər üçün nəzərdə tutulmuş proqram əsasında həyata keçirilir. Həmin Dövlət Proqramı çərçivəsində hədəf isə ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texologiyalarından faydalanaraq, Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ölkəmizin ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da öz əksini tapır.

Əlbəttə ki, müasir dövrdə bütün sahələri əhatə edən inkişaf proqramlarının, xüsusilə də elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab olunur. Bu səbəbdən də Azərbaycanda bu istiqamətdə mühüm işlər görülür. Mütəxəssislər hesab edirlər ki, ölkəni dünyanın elm-mədəniyyət beşiyinə çevirə bilən elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarına hər zaman ciddi ehtiyac duyulur və bu proqramların hazırlanması istiqamətində mühüm işlərin icrası prosesinin intensivləşməsi də bu baxımdan təsadüfi hesab oluna bilməz. Unutmaq lazım deyil ki, hazırda hər bir ölkənin inkişafı onun təhsili və elminin inkişafı ilə bilavasitə bağlıdır və hər bir ölkənin inkişafı onun elm, təhsil və mədəniyyətinin səviyyəsi ilə ölçülür.

Artıq 2020-ci il Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan nikbin notlar üzərində elmi-kütləvi, mədəni-maarif proqramları irəli sürür. Sevindirici haldır ki, indi artıq təhsil proqramlarında Vətən müharibəsi, qazandığımız Böyük Zəfər, Azərbaycan xalqının yeni tarixi, tarixi şəxsiyyətlərimiz haqqında daha geniş məlumatlar əks olunur. Nəzərə almaq lazımdır ki, müharibə bizim qələbəmizlə başa çatsa da, informasiya müharibəsi hələ də davam edir, sona qədər də davam edəcək və bu müharibədə də qələbə qazanmağımız üçün cəmiyyətimizin daha da təkmilləşməsi, savadlanması, dünya görüşünün artması, hərtərəfli informasiya ilə əhatələnməsi ən aktual məsələlərdən sayılır. Bunun üçün də sözsüz ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsi daha vacib məsələ sayılır. Vətən müharibəsi, qazandığımız zəfərlər, vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, Azərbaycan həqiqətlərinin öyrənilməsi, təbliğ olunması, bütün dünyaya belə çatdırılması çox vacib məsələdir və bunun üçün də elmi-kütləvi, mədəni-maarif proqramları ön planda durur.

İnam Hacıyev

6.3.16. “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə