Milli mənlik şüuruna, vətənpərvərlik hissinə malik gəncliyimizlə fəxr edirik – TƏHLİL

Dövrün, zamanın hərəkətverici qüvvəsi olan gəncliyə, sağlam düşüncəli, sağlam təfəkkürlü gənclərə cəmiyyətin hər zaman böyük ehtiyacı var. Bu baxımdan cəmiyyət də gənclərin, sağlam gəncliyin yetişməsi üçün əsaslı zəmin yaratmalıdır. Nəzərə almaq lazımdır ki, sağlam gəncliyin, xüsusilə də milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün uzun illər tələb olunur və bu baxımdan da qarşıda duran ən böyük vəzifə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi hesab olunur.

Milli mənlik şüuru, eləcə də vətənpərvərlik hissləri ən ali hislər hesab olunduğu üçün hər ikisinin daha yüksək səviyyədə tərbiyə edilməsi hər zamanın tələbidir. Ölkəmizdə bu ali hislərin ən yüksək səviyyədə tərbiyə olunduğu hər zaman özünü göstərib. Azərbaycan gəncliyi milli mənlik şüuruna sahib olması, eləcə də vətənpərvərlik hisslərinin ən yüksək səviyyədə olması ilə hər zaman seçilib. Hətta öz torpaqlarını düşmənin işğalından azad edən, ərazi bütövlüyümüzün təmin edilməsi naminə canını belə əsirgəməyən, vətən üçün özünü fəda edən Azərbaycan gəncliyi başqalarına nümunə olaraq qəbul edilir.

Məhz milli mənlik şüuruna, vətənpərvərlik hislərinə malik gəncləri cəmiyyət yetişdirir və ictimaiyyət də öz növbəsində gəncliyi tərbiyə edir. Xüsusən, ailələr öz övladlarının tərbiyəsində xüsusi rol oynayırlar. Əlbəttə ki, hər bir ailə öz övladlarının vətənpərvər ruhda olmasında, milli mənlik şüuruna malik olmasında maraqlıdır. Azərbaycan ailəsi bu ali hislərə sahib övladlar yetişdirmək üçün çalışır və bu da ondan irəli gəlir ki, övladlarının tərbiyəli böyüməsi, vətənpərvər ruhda olması hər bir valideynin arzusudur. Çünki bu ali hislərin qorunub saxlanması bizə ata-babalarımızdan bir ənənə şəklində miras qalıb və bizim üçün ən böyük dəyər məhz vətənpərvərlik, vətənə bağlılıqdır. Azərbaycan xalqı ali dəyərlərə sadiq xalqdır və biz bu ənənənin keşiyindəyik.

Azərbaycanda müstəqillik bərpa olunana qədər də milli mənlik şüuru özünü göstərirdi. Baxmayaraq ki, buna qarşı çıxılırdı, təqiblər olunurdu, hələ 70 illik Sovet imperiyası dönəmində belə milli mənlik şüurunun formalaşdığı göz önündə idi və vətənpərvərlik məktəbi olduqca ciddi şəkildə formalaşırdı. Vətənpərvərlik tərbiyəsinin formalaşması gənclərdə də özünü biruzə verirdi. Məhz Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin rolu danılmazdır və Milli Azadlıq Hərkatında yüzlərlə gəncin meydanlara toplaşması da yaddaşlardan silinən deyil.

Artıq ötən əsrin sonlarında Azərbaycan cəmiyyətində yeni nəfəs duyulmağa başlamışdı və ciddi dəyişikliklər müşahidə edilirdi. Təhsil ocaqlarında, xüsusən orta ümumtəhsil məktəblərində, ali məktəblərdə vətənpərvərlik təbliğ olunurdu. Gənclərimizdə milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin olduğu hər yerdə özünü biruzə verirdi. Azərbaycanın o zamankı gəncliyi müstəqilliyimizin bərpası üçün əllərindən gələni əsirgəmirdi. Hələ 20 yanvar faciyəsi kimi bir qan yaddaşımız da təsdiq edir ki, Azərbaycan gəncliyi hər zaman vətən yolunda canından keçməyə hazır olub və bunu dəfələrlə sübut edib.

Azərbaycan artıq 30 ildən çoxdur ki, öz müstəqilliyini bərpa edib, müstəqil dövlət kimi tanınır və müstəqilliyimizin bərpasında o zamankı gəncliyimizin rolunu təkzib etmək mümkünsüzdür, hansıki biz hər zaman bununla fəxr edə bilərik. Hələ üstəqilliyimizin bərpasının ilk illərində səriştəsiz hakimiyyətin olmasından sui idtifadə edən düşmən, erməni separatçıları vətənimizi hədəfə alanda, torpaqlarımızı işğal etmək, etnik təmizləmə aparmaq niyyəti ilə hücum edəndə gənclərimiz cəbhədə də öz vətənpərvərliklərini sübut etdilər. Saysız-hesabsız azərbaycanlı gənc vətən uğrunda, torpaqlarımız uğrunda döyüşə qatıldı, canlarını fəda etdi. Bu gün onların xatirəsi ehtiramla yad edilir və biz onlarla qürur duyuruq. Çox sevindirici haldır ki, hələ əsrin əvvəllərində canlarından keçən, şəhid olan vətənpərvər gənclərimizin qanı yerdə qalmadı. Onların uğrunda can qoyduqları ərazi bütövlüyümüz təmin edildi və əminik ki, indi ruhları şaddır.

Məhz vətənpərvərlik ruhunun, milli ruhun ölkəmizdə yüksək səviyyədə olduğunu biz torpaqlarımızın işğaldan azad edilməsində bir daha müşahidə etdik. Azərbaycan gəncliyi Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruğa döndü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə saysız-hesabsız könüllü qoşulanlar gəncliyimizdə milli mənlik şüurunun, vətənpərvərlik hissinin hansı səviyyədə olduğunu ortaya qoydu və bunu bütün dünya ictimaiyyəti də gördü. Bütün dünya ictimaiyyəti gördü ki, Azərbaycan gəncliyi öz torpaqları uğrunda, vətən uğrunda canından keçməyə hər an hazırdır və bu yenə də öz təsdiqini tapdı. Düşmən cəmi 44 gün müddətində qarşımızda diz çokdü, özünün məğlubiyyətini, bizim isə qələbəmizi rəsmi şəkildə təsdiq etdi və bu qələbədə məhz milli şüurun, vətənpərlik hissinin xüsusi payı var.

Azərbaycanda milli mənlik şüurunun inkişaf etdirilməsinə, vətənpərvərlik hisslərinin qorunub saxlanılmasına xüsusi önəm verilir. Dövlətimizin gənlərlə bağlı apardığı siyasət də göz önündədir. Respublikamızda gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan gəncliyinə xüsusi imkanlar yaradılır. Bu gün Azərbaycan gəncliyi beynəlxalq yarışlarda iştirak edir və dünyanın bir çox ölkələridə bayrağımızı yüksəldir. Azərbaycan gəncliyi ictimai proseslərdə yaxından iştirak edir. Dövlətimizin yaratdığı şərait sayəsində Azərbaycan gəncləri bir çox vəzifələri icra edirlər və bu da gənclərə xüsusi yer verildiyinin, vəzifələr həvalə olunduğunun, etibar edildiyinin təzahürüdür. Gənclərimiz isə həvalə olunan vəzifələrin öhdəsindən layiqincə gəlməklə bu etibarı layiqincə doğruldur. Bu isə ondan xəbər verir ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir və bizim milli mənlik şüuruna, vətənpərvərlik hissinə malik gəncliyimizlə fəxr etməyə haqqımız var.

İnam Hacıyev

6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə