Ac qalanlar və ac saxlananlar -1 milyardla 1 milyardın fərqi- ANALİZ

Ramazan ayında dünyada təxminən 1 milyard adam oruc saxlayır. Bütün dinlərdə orucluğun əsas şərtlərdən biri kimi qoyulması heç də təsadüfi deyil. Orucluq, həm mənəvi, həm fiziki mahiyyətə malikdir. Belə ki, orucluq vasitəsilə həm toxun acdan xəbəri olur, həm də oruc tutanların fiziki sağlamlığı bərpa olunur. Orucluq israfçılığa yol verməməyə, az yeməyə, sağlamlığı qorumağa, başqaları ilə paylaşmağa, acların, yoxsulların vəziyyətini həqiqətən dərk etməyə səbəb olan bir sistemdir.

Lakin dünyamızda məcburi aclıq keçirən daha 1 milyard adam var. Onlardan 300 milyona yaxını uşaqlardır. Bir uşağın acından ölməməsi üçün ayda 30 dollar tələb olunduğu dünyada trilyonlarla dollar vəsait mənasız və faydasız işlərə xərclənir. mİsal üçün dünyanən hərbi büdcəsi 1,5 trilyondan çoxdur ki bunun da yarısı ABŞ-ın payına düşür.

Təxmini hesablamalara görə, dünyada hər il 50 000 insan kəskin aclıq nəticəsində ölür. Qlobal yoxsulluğa dair göstəricilərə əsasən ifrat yoxsulluqdan hər gün dünyada 30 000 uşaq vəfat edir, 11 milyon uşaq isə 5 yaşı tamam olmadan dünyasını dəyişir.

Dünyada varlı və kasıb dövlətlər, eləcə də insanlar arasında fərq kəskin surətdə artır və ildən-ilə böyüyür. 1960-cı ildə dünyanın zəngin dövlətlərinin 20%-nin gəlirləri ilə yoxsul ölkələrin 20%-nin gəlirləri arasındakı fərq 30-un 1-ə nisbətində olduğu halda, 1990-cı ildə bu fərq 60-ın 1-ə, 1997-ci ildə isə 70-in 1-ə nisbətində olub.

Statistikadan göründüyü kimi, dünyada gəlir bölgüsündəki disproporsional hədd zəngin ölkələrin imkanlarını genişləndirməkdə və yoxsul ölkələri isə təhdid etməkdədir. BMT statistikalarına və Əhali Fondunun hesabatlarına görə, dünyada 1 milyarda yaxın adam əla vəziyyətdə yaşayır- 1 milyarda yaxın insanın aclıqdan ölmək üzrə olduğu dünyada. Dünya nemətlərinin 80 faizlik böyük hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır. Belə olan halda dünyada normal insan cəmiyyətindən danışmağa dəyərmi? Əlbəttə, xeyr. Biz sosial cəhətdən qoprxunc bir dünyada yaşayırıq.

Hazırda dünyada istehsal edilən ərzaq məhsulları təxmini hesablamalara görə, 15 milyard adama kifayət edəcək həddədir. Əlbətə, normal istifadə şəraitində. Lakin qeyri-bərabər bölünmə və hədsiz israfçılıq 1 milyarda yaxın adamın ac qalmasına səbəb olur. Hesablamalara görə, təkcə Amerika və Britaniyada zibilliyə atlıan qidalarla 1 milyarda yaxın adamı doydurmaq olar.

BMT-nin alimlər qrupunun hesabatında qeyd olunur ki, təbii ehtiyatlardan səmərəli istifadə olunacağı halda Yer kürəsi indikindən dəfələrlə çox insanı yedirdə bilər. Onlar bu rəqəmin 50-60 milyard olduğunu bildirirlər.

Yoxsulluq coğrafiyasına diqqət yetirdikdə belə bir məqam nəzərə çarpır: bu ölkələr ya kənd təsərrüfatı, ya da hasilat sənayesi üzrə ixtisaslaşıblar və müasir texnologiyalar əldə etməyə çətinlik çəkirlər.

Müasir texnologiyalı dövlətlər istənilən halda bu texnologiyanın başqa ölkəyə verilməsində maraqlı olmur. Tez-tez eşidirik ki, dünyanın iri dövlətləri kasıb ölkələrə kredit verir. Kreditlərin strukturuna baxanda görürük ki, bu kreditlər əsasən müəyyən əmtəələrin alınmasına verilir.

Bu əmtəələr də kredit verən iri dövlətlərdə istehsal olunur. Bir sözlə onların verdikləri pullar faizlə birlikdə özlərinə qayıdır. Faktiki olaraq özləri öz şirkətlərinə vəsait verərək dövlət sifarişlərini həyata keçirirlər.

Yəni, bu gün imperialist dövlətlər və onların transmilli şirkətləri 3-cü dünya ölkələrinin sərvətlərini çoxsaylı vasitələrlə amansızcasına talamaqla məşğuldurlar. Bu ölkələrdəki aclığın, yoxsulluğun yeganə səbəbi budur. Öz sərvətlərini onlara verməməkdə israr edən ölkəni Liviyanın, Suriyanıın taleyi gözləyir.

Lakin bu halda belə varlı dövlətlərdə yoxsulluq ləğv olmur. Məsələn, təkcə hərbi büdcəsi 700 milyard dollar təşkil edən Amerikada rəsmi olaraq 35-40 milyon civarında yoxsul var. Bu əhalinin 12 faizini təşkil edir. Maliyyə gəlirləri yüksək olan digər ölkələrdə də vəziyyət təxminən belədir.

Dünyadakı problemlərin həlli üçün yaradılmış, lakin proseslərə heç bir müdaxilə imkanı olmayan BMT dünya dövlətlərini qlobal problemləri həll etmək ətrafında cəmləyə bilmir. BMT təşkilatları müxtəlif hesabatlar hazırlayır, statistikalar yayır, dünya liderlərini nəyəsə çağırır... lakin bu sadəcə ağsaqqalar məclisi formasına çevrilmiş bir təşkilat olduğundan heç bir təzyiq, tələb, təsir imkanı yoxdur.

Qlobal şeytani qüvvələr, dünya ölkələrində siyasi, iqtisadi, sosial, mənəvi problemlərin artmasında, hərbi münaqişələrin, xaosun, qarşıdurmaların baş verməsində katalizator rolunu oynayırlar. Ölkələri, xalqları, dini icmaları bir-birinə qarşı qoyub qanlı qarşıdurmalar törədirlər. Bunun qarşısını almaq getdikcə daha da çətinləşir. Çünki qlobal qüvvələr bu istiqamətdə birləşib və onlara qarşı çıxmaq üçün heç bir ölkənin təkbaşına gücü çatmır. Bu ölkələrə birləşməyə heç imkan da vermirlər. Bax, dünyamız belə bir dəhşətli şeytani tora salınıb, heç cür də çıxa bilmir.

Dünya maliyyə, bank, birja sisteminin, transmilli korporasiyaların, elmi-texnoloji mərkəzlərin sahibləri dünyanı öz əllərində saxlayıb idarə etmək üçün hər oyundan çıxırlar- insanlığa, təbiətə qarşı bioloji terrordan tutmuş psixotron terroradək hər cür təcavüz edilir. Əgər istəsələr dünyada hamıya hər şey çatar. Amma “hamıya hər şey çatmır” deyib, hamının sayını azaltmaq istəklərini açıq-aşkar deyilər. Virus terrorundan sonra, aclıq, qıtlıq terroruna start verilib. Müharibələrin isə ardı-arası kəsilmir.

Dünya təbiəti gözümüzün qabağında məhv edirlər, dünya meşələrini yandırdılar, atmosferi çirkləndirdilər, torpağı zəhərlədilər, suyu murdarladılar. Resurslar vəhişəcinə istismar olunur. Xəstəliklər baş alıb gedir. Bitkilərin genlərini belə dəyişdirdilər. Təbiət bu terrora çox sərt reaksiya verir. İqlim dəyişmələri, təbii fəlakətlər ara vermir. Dünyanın nüfuzlu ekoloq alimləri tezliklə böyük kataklizmaların başlayacağını proqnoz edirlər.

Dünyamızı xilas etmək üçün demək olar ki, son imkanlar da itirilib, əksər alimlər artıq geri dönüşü olmayan bir prosesin başladığını deyirlər. Lakin bu dünya liderlərinin vecinə də deyil. Hər dövlət öz hegemonluğunu genişləndirməyə, daha çox silahlanmağa, digər ölkələrin zəifləməsinə çalışır. Bunun axırı yaxşı qurtarmayacaq. Yeganə xilas yolu bütün bəşəriyyətin ağıllı olmasından keçir ki, bu da mümkün görünmür. Dünyamız isə göz qabağında məhv olur. Bunun qarşısını ala biləcək heç bir qüvvə üfüqdə belə görünmür. Hətta möcüzə baş verib belə bir qüvvə ortaya çıxsa belə, artıq demək olar ki gecdir.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...