Rus ekspert: Yerevanın səs-küyü bütün Qarabağın Azərbaycana qayıdacağı faktını dəyişməyəcək - MÜSAHİBƏ

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov "Moskva-Bakı" portalına müsahibəsində Qarabağın statusuna görə İrəvanın informasiya səs-küyünə niyə ehtiyac duyduğu haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ətrafında vəziyyət necədir? Bir tərəfdən, görünür, bütün tərəflər sülh əhval-ruhiyyəsindədir, amma bir tərəfdən də mübarizə gedir. Xüsusilə, iki gün əvvəl Hollandiyada Ermənistanın baş naziri Ermənistan hakimiyyətinin sülhməramlı gündəmi təbliğ etdiyinə bir daha işarə vurmasına baxmayaraq, Azərbaycanı guya Qarabağ məsələsini ərazi məsələsi kimi təqdim etməkdə ittiham edib. Nikol Paşinyana görə, o, əslində hüquqi məsələdir, yəni Qarabağ ermənilərinin hüquqları məsələsidir. Qarabağ ermənilərinin hüquqlarına əsaslanaraq İrəvanda deyirlər ki, Qarabağın statusu məsələsi də həll olunmalıdır.

- Mənə elə gəlir ki, ümumiyyətlə, Ermənistan-Azərbaycan nizamlanması ətrafında vəziyyəti qiymətləndirərkən və Ermənistan tərəfinin hərəkətlərini və bəyanatlarını təhlil edərkən anlamaq lazımdır ki, bu gün İrəvan bütün digər çağırışlarla yanaşı, son dərəcə böyük təhlükə ilə üz-üzədir. Qarşılarında mühüm vəzifə - simasını itirməmək, Azərbaycanın qarşısında uduzan kimi görünməmək, məğlub görünməmək. İkinci Qarabağ müharibəsində Ermənistan məğlub oldu, Azərbaycan qalib gəldi. Eyni zamanda, müharibədən sonra onun üçün ən xoşagəlməz proqnozlara baxmayaraq, Paşinyan hakimiyyətdə qala bildi. Və bu gün onun ən mühüm vəzifəsi hərbi məğlubiyyət fonunda özünü məğlubiyyətsiz göstərməkdir. Yerevanın indiki bir çox qərarları da bu məntiqlə diktə olunur.

O ki qaldı Qarabağın statusu məsələsinə, mən əslində, bu sahədə müsbət irəliləyiş görürəm. Qarabağın statusu ilə bağlı “ərazi” ifadələri artıq rəsmi olaraq heç kim tərəfindən səsləndirilmir, çünki hamı bilir ki, Qarabağın Azərbaycan olmasından başqa həll yolu yoxdur. Amma erməni tərəfi Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələ qaldırır. Əvvəllər Ermənistan tərəfinin işğal etdiyi qalan ərazinin yenidən Azərbaycana reinteqrasiya ediləcəyi göz qabağındadır. Qarabağ erməniləri nə iddia edə bilər - bəlkə də xüsusi statuslu bələdiyyə. Aydındır ki, ümumilikdə Azərbaycan Qarabağın statusu ilə bağlı güzəştə getməyəcək və İrəvan reallıqla barışmalı olacaq, çünki bu gün bu oyunun qaydalarını müəyyən etmir və gələcəyin konturlarını diktə edə bilməz.

- Azərbaycan Bakı ilə İrəvan arasında sülh sazişinin müzakirəsinin Bakının təklif etdiyi 5 prinsipə əsaslandığını bildirir (bunu bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyi də təsdiqləyib). Eyni zamanda, Ermənistanın Təhlükəsizlik Şurasının katibi bu yaxınlarda bəyan etdi ki, erməni tərəfi Bakının 5 prinsipinə cavab olaraq öz 6 prinsipini təqdim edib və tərəflər hamısını birləşdirib müzakirə etməlidir. Bakının bu mövqeyi Qarabağın statusunun heç vaxt heç bir şəkildə müzakirə olunmayacağının bir daha təsdiqidirmi?

- Biz dönə-dönə, təkrar-təkrar elə vəziyyətə gəlirik ki, Ermənistan diplomatik səylərinin bir hissəsini öz xalqının maraqları uğrunda döyüş kimi təqdim etməlidir. Deyirləe ki, düzdür, Bakı öz 5 prinsipini təklif edir, biz isə öz 6 prinsipimizi təklif edirik. Aydındır ki, gec-tez Ermənistan son nəticədə Azərbaycanın israr etdiyi ilə razılaşmaq məcburiyyətində qalacaq. Amma sonra Paşinyan deyə biləcək: biz diplomatik yolda şir kimi döyüşdük, çox şey etdik, öz prinsiplərimizi irəli sürdük, amma sonda gördüyünüz kimi, belə qərar verildi... Əslində, İrəvanın real hərəkətlərini onun yaratdığı informasiya səs-küyündən ayırmaq çox çətindir, ona görə ki, sonradan hər şeyin olduğu kimi getdiyini deyə bilsin.

- Ermənistanda müxalifətin mitinqləri (bunun arxasında "Qarabağ klanı" dayanır)- Ermənistan-Azərbaycan nizamlanmasında vəziyyəti nə dərəcədə dəyişə bilər?

-Müxalifətin mitinqləri Ermənistan-Azərbaycan nizamlanmasında vəziyyəti dəyişə bilməz. Baxaq ki, hətta hipotetik olaraq, müxalifətin məncə tamamilə qeyri-mümkün qələbəsi halında nə baş verəcək, yeni müharibə olacaqmı? Bəs buna kim icazə verəcək? Hipotetik müharibə olsa belə, Ermənistan növbəti dəfə məğlub olacaq, çünki Azərbaycan silahlı qüvvələri ilə bağlı vəziyyətdən fərqli olaraq, onun silahlı qüvvələri ilə bağlı vəziyyət yaxşılaşmayıb. Ermənistanda mitinqlərlə bağlı nəinki əhalinin dəstəyi var, müxalifətin özü də əhaliyə gələcəyə baxışı ilə bağlı öz baxışını təmin etmir- onun hansı həyat tərzini təklif etdiyi bəlli deyil. Qarabağda qisas almaq üçün? Müxalifət Paşinyanı tənqid edir, amma özü hakimiyyətə gəlsə nələr olacağına cavab vermir və müxalifətin mitinqləri gələcəyə hansısa alternativ baxış üçün etiraz aksiyalarından daha çox narazılıq mitinqlərinə bənzəyir.

- Qərb Ermənistan-Azərbaycan nizamlanmasını Rusiyanın əlindən ala bilir, yoxsa bu, hələ də mümkün deyil? Aİ və ABŞ-ın fəallığı çox yüksəkdir.

- Məncə, Moskva konkret sülhməramlı, sabitləşdirici rol oynayır- o, münaqişə zonasında döyüşlərin bərpasına imkan vermir və orada vaxtaşırı baş verən təxribatları dayandırmağa çalışır. Hər halda, Moskva Cənubi Qafqazda nizamlanmanın baş tutmasında maraqlıdır. Çünki Rusiya qlobal təhlükəsizlik arxitekturasına yenidən baxılması prosesinin bir hissəsi kimi özünü çoxqütblü dünyanın potensial liderlərindən biri kimi göstərir. Və buna uyğun olaraq, o, bu çoxqütblü dünyaya öz həyat qabiliyyətinə dair bəzi sübutlar təqdim etməlidir. Cənubi Qafqazda tamhüquqlu nizamlanma üçün vasitəçiliyin bundan sonra da davam etdirilməsi yaxşı nümunə ola bilər. Nisbətən desək, ATƏT-in Minsk qrupu baş tutmadı, Aİ və ABŞ-ı biabır etdilər və biz burada vəziyyəti özümüz həll etdik. Tərəflər 3 ölkə deməkdir- Rusiya, Azərbaycan, Ermənistan. Bizə Brüsseldən və ya Vaşinqtondan heç bir komandir lazım deyil.

Düşünmürəm ki, Qərb Rusiyadan Ermənistan-Azərbaycan nizamlanmasını almağa müvəffəq olsun. Aydındır ki, Ermənistan və Azərbaycan, ilk növbədə, Azərbaycan tezliklə sülh yolu ilə nizamlanmada maraqlıdır və burada bu nizamlanmanın kimin himayəsi altında olacağı sualı yoxdur- Rusiya işləyirsə- yaxşıdır, Avropa İttifaqı işləyirsə - yaxşıdır, Birləşmiş Ştatlar işləyirsə - yaxşıdır. Yəni, məqsədlərə çatmaq üçün edilən bütün səylər, kimin etməsindən asılı olmayaraq müsbətdir. Aydındır ki, Moskva nizamlanmada vasitəçi kimi dominant rolunu saxlamaq istəyir. Və təbii ki, beynəlxalq münasibətlərin digər iştirakçılarının da bu prosesə inteqrasiya etməyə çalışmasından narazılıq yarana bilər. Ancaq məncə, Moskva üçün bu, daha səmərəli işləmək üçün sadəcə əlavə stimuldur. Bunun situasiyaya o qədər də pis təsir edəcəyini düşünmürəm. Bununla belə, biz başa düşürük ki, nizamlanmada yalnız bir ölkənin – Rusiyanın iştirakı var və bu qlobal amili dayandırmaq olmaz. Və düşünürəm ki, sülh üçün işləyən hər şey yaxşıdır.

- Ermənistan hər fürsətdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi məntiqini irəli sürməyə çalışır... Bu isə əslində, artıq yoxdur.

- Erməni siyasətinin işi maksimum hay-küy salmaqdır. Aydındır ki, Minsk Qrupu ölüb, Rusiya bildirib ki, ATƏT-in Minsk Qrupuna üzv olan digər dövlətlər qrup çərçivəsində onunla əməkdaşlıqdan imtina ediblər. Amma informasiya səs-küyü yaratmaq xatirinə ATƏT-in Minsk Qrupunu da yada salmaq və beləliklə, qərbli həmkarlarının köməyinə müraciət etmək olar. Ona görə də hesab edirəm ki, İrəvan bu fəaliyyətə o qədər də əhəmiyyət verməməlidir.

- Düşənbədə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Moskva bu görüşdə vasitəçi kimi qarşısına hansı vəzifələri qoydu?

- Hesab edirəm ki, bu görüşə, əslində, heç bir böyük, fövqəladə əhəmiyyət vermək olmaz. Hazırkı prosesin məsələləri- sərhədin delimitasiyası və demarkasiyası və sülh sazişi, Sovet dövründən qalan anklavlarla bağlı son məsələ müzakirə olunub. Düşünürəm ki, biz bu görüşdən əsas irəliləyişləri gözləməliyik. Hər şey işlək damardadır - Avropa Şurasının rəhbəri Şarl Mişellə, indi isə Lavrovla görüş olub. Təbii ki, Rusiyanın proseslərə nəzarət etməsi vacibdir ki, onun irəli getməsi ləngiməsin. Axı tərəflər bu qədər müddətdir ki, sərhədin delimitasiyası ilə bağlı müzakirələrə başlaya bilmirlər. Qərb də bunu təmin edə bilmədi. Amma sülh prosesi irəliləyir.

Müsahibə- Nana Xoştariya

Tərcümə- Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə