
Xalqımızın son dövrə qədər əldə etdiyi milli mənəvi dəyərlərə sahib çıxmaq, Azərbaycan dilini, onun tarixini, mədəniyyətini mühafizə etmək, bütün bunları ümummilli məafelərimizin qorunması istiqamətində səfərbər etmək Azərbaycançılıq ideologiyasının əsasını təşkil edir və bu, bizi birləşdirən əsas, ən vacib dəyərdir. Bu baxımdan azərbaycançılığın təbliğ olunmasına ilk növbədə ailə institutundan başlanılmalı və bizi birləşdirən bu dəyərin daha geniş şəkildə təbliği istiqamətində davamlı addımlar atılmalıdır.
Azərbaycançılıq həm də istiqlal ideologiyasıdır, çünki bu ideologiya bizə istiqlaliyyətimizi bəxş etdi və bu gün də hər birimiz bu ideologiyanı davam etdirməyə borcluyuq. Beləliklə, azərbaycançılıq milli ideologiya olmaqla yanaşı, həm də bizim dövlətçilik ideologiyamızdır. Unutmamalıyıq ki, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində apardığımız 44 günlük müharibədə müvəffəqiyyətlərimizi, qələbəmizi şərtləndirən əsəs səbəblərdən biri də milli birliyimiz, həmrəyliyimiz, bir sözlə, azərbaycançılıq ideologiyası oldu. Məhz buna görə də ilk növbədə, hər bir azərbaycanlı xalqımıza məxsus dəyərləri, dili, mədəniyyəti qorumaqla, tariximizi yaşatmaqla bu borc qarşısında, bu ideologiyanın təbliğ edilməsi, yaşadılması istiqamətində məsuliyyətini dərk etməlidir.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir və mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, deyən Ümummilli Lider Heydər Əliyev bu ideologiyaya, azərbaycançılıq ideologiyasına həssas və hörmətlə yanaşıb. Azərbaycana məxsus milli mənəvi dəyərlərin qorunmasında, tariximizin, dilimizin, dinimizin, mədəniyyətimizin mühafizə edilməsində Ulu Öndər Heydər Əliyevin hər zaman müstəsna xidmətləri olub və hələ müstəqilliyimizin bərpasından öncə, Sovet hakimiyyəti dövründə də bu ideologiyanın təbliğinə xüsusi tövhələr verib, xalqımıza məxsus olan dəyərlərin qorunmasına nail olub. Müstəqilliyimizin bərpasından sonra isə azərbaycançılıq ideologiyasının təbliğində Ümummilli Liderin xidmərləri xüsusilə danılmazdır və cəsarətlə deyə bilərik ki, bu günkü azərbaycançılıq ideologiyasının təbliği sahəsində əldə olunanlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Xatırladığımız kimi Ulu Öndər Heydər Əliyev hər dəfə xarici ölkələrdə diplomatik səfərlərdə olduğu zaman belə həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər təşkil edir, onlarla söhbətlər aparırdı və bütün bunlar məhz azərbaycançılıq ideologiyasının yenidən vüsət almasına əsaslı zəmin yaratdı, bu ideologiyanın daha da möhkəmlənməsinə səbəb oldu. Ona görə ki, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində dövlətimizin qarşısında duran vəzifələri, eyni zamanda soydaşlarımızın da Azərbaycan naminə üzərinə düşən öhdəlikləri, ümumilikdə, azərbaycanlı anlayışının mahiyyətini təyin edən bir konsepsiyadır ki, bu da məhz bizi birləşdirən ən əsas, vacib istinad mənbəyi və ideoloji əasdır.
Azərbaycanın Ümummilli Liderinin hörmətlə yanaşdığı, qoruduğu, təbliğ etdiyi azərbaycançılıq ideologiyası bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən geniş şəkildə təbliğ olunur. Məhz torpaqlarımızın 30 illik işğaldan azad edilməsində xalqımızın həmrəyliyinin, birliyinin, azərbaycançılıq ideologiyasının təsiri, gücü özünü göstərdi və bütün bunlar da birbaşa ölkə rəhbərinin siyasi iradəsi, müdrikliyi, uzaqgörənliyinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Azərbaycançılıq ideologiyasının, yəni xalqımıza məxsus olanın qorunub saxlanması, mühafizə edilməsi istiqamətində görülən işlərin, sözügedən ideologiyanın təbliğinin nəticəsi idi ki, xalq bir olaraq ona məxsus olan maddi mənəvi dəyərlərini mühafizə etdi, qorudu və bu dəyərlərin bundan sonra da qorunacağına artıq kimsədə zərrə qədər şübhə ola bilməz. Ölkənin toparlanmasında, eyni zamanda xalqımızın vahid vətən anlayışı ətrafında birləşməsində, Azərbaycanın ərazi bütövlüyünün bərpasında məhz azərbaycançılıq ideologiyasının müstəsna əhəmiyyətə malik olduğu öz təsdiqini tapdı və 44 günlük müharibə dönəmində də, sonra da hamı bunun şahidi oldu. Şahidi oldu ki, bu həmrəyliyin, xalq-iqtidar, xalq-ordu birliyinin əsasını məhz azərbaycançılıq ideologiyası təşkil edir, hansıki bu ideologiya ilə yumruq şəklində birləşə, düşmənin başını əzən “dəmir yumruğa” çevrilə bildik.
İnam Hacıyev
6.3.9. “ Azərbaycançılıq ideyasının təbliği”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB