Ölkəmizdə gender bərabərliyinin qorunmasına xüsusi diqqət ayrılıb - TƏHLİL

İctimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyinin, bərabər hüquqlu olmasının təmin edilməsi, yəni gender bərabərliyi dünyanın əksər ölkələrində, eləcə də Azərbaycanda xüsusi diqqət mərkəzindədir. Ölkəmizdə gender bərabərliyi ənənəsinin başlanma tarixi bir çox inkişaf etmiş ölkələrdən belə əvvələ təsadüf edir və Azərbaycan qadınının XIX əsrin ortalarından başlayaraq savadlanmasından, bir xeyriyyəçi olaraq ictimai həyata qatılmasından başlayır.
Bilirik ki, Şərqdə ilk demokratik respublika olaraq tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətində qadına seçmək və seçilmək hüququnun verilməsi də məhz həm Şərqdə, həm də islam dünyasında bir ilk hesab olunur. Hələ bir çox ölkələrdə qadınların təhsil hüququ belə olmadığı bir dövrdə, Azərbaycan Xalq Cümhuriyyətinin yeni qurulduğu bir zamanda Azərbaycan qadınının nəinki təhsil almasına, eləcə də ictimai həyata qatılmasına imkan yaradılmışdı ki, bu da gender bərabərliyinin əsasının qoyulması deməkdir. Ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra gender bərabərliyi istiqamətində daha böyük nailiyyətlər qazandı. Azərbaycanda ötən əsrin sonlarından, müstəqillik tam bərpa edildikdən sonra ictimai-siyasi həyatda sabitlik bərpa edildi ki, bu da Azərbaycan qadınının ictimai həyatın bütün sahələrində fəaliyyətinin daha da artmasına yol açdı, geçiş imkanlar yaratdı.
Məhz 1994-cü ildən sonra, yəni müstəqilliyimiz bərpa edildikdən sonra gender bərabərliyi ilə bağlı bir sıra qanunlar və qərarlar qüvvəyə mindi ki, bununla da bir-birinin ardınca Azərbaycan qadınına kişilərlə bərabər hüquqlar verildi. Müstəqil Azərbaycanın konstitusiyası kişi və qadınlara bərabər hüquqlar verir və indi ictimai həyatın bütün sahələrində qadınların fəaliyyət göstərməsi bunu təsdiq edir. Ölkəmizdə istənilən sahədə qadınların çalışdığının şahidi oluruq. Bu gün Azərbaycanın siyasətçi, diplomat qadınları da var və qürurla deyə bilərik ki, diplomatik müstəvidə onların qələbəsi də məhz ölkəmizin uğurudur və məhz bu fakt özü də Azərbaycanda gender bərabərliyinin qorunmasını təsdiqləyir.
Qeyd etdiyimiz kimi, bütün dünyada gender bərabərliyinə xüsusi önəm verilir və gender bərabərliyinin qorunması üçün müvafiq konvensiyalar da vardır. Çox sevindirici haldır ki, Azərbaycan da məhz bu konvensiyalara qoşulub və məqsəd gender bərabərliyinin bundan sonra da təmin edilməsidir. Azərbaycan BMT-nin 1979-cu ildə qəbul edilən, iki il sonra isə qüvvəyə minən, “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ və formalarının ləğv edilməsi haqqında” Konvensiyasını 1995-ci ildə ratifikasiya edib. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, bu konvensiyanın digərlərindən fərqi ondadır ki, burada sadəcə cinsə görə fərqli yanaşmanın yox, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur və gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər hansı fəaliyyətə qadağa qoyur.
Yenə də xatırladırıq ki, Azərbaycanda gender bərabərliyinin təmin edilməsinin yeni bir keyfiyyət mərhələsinə qədəm qoyması məhz müstəqilliyimizin bərpası ilə üst-üstə düşür və ölkəmizdə gender bərabərliyinin qorunmasına müstəqil Azərbaycanın memarı, qurucusu olan Ulu Öndər Heydər Əliyevin töhvələri danılmazdır. Məhz Ümummilli lider Heydər Əliyev 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin – indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar imzalayıb, 2000-ci ildə isə “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman verib, hansıki bu fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin yüksəldilməsini nəzərdə tuturdu. Bütün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyev ölkəmizdə gender bərabərliyinə xüsusi önəm verirdi.
Bu gün də gender bərabərliyi ölkəmizdə öz aktuallığını qoruyur və Ümummilli Liderin uğurlu, məqsədyönlü, uzaqgörən siyasətinin davamçısı olan cənab Prezident İlham Əliyev də gender bərabərliyinin qorunmasına xüsusi diqqət ayırıb. Hələ 2006-cı ildə ölkədə “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul edilib ki, bu qanun Azərbaycanda cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan edir. Məhz gender bərabərliyinin qorunması istiqamətində qəbul olunan qanunların, verilən qərar və sərəncamların, görülən tədbirlərin, ayrılan diqqətin nəticəsidir ki, bu gün Azərbaycanda qadınlar dövlət və özünüidaretmə orqanlarında, eləcə də özəl sektorda yüksək vəzifələrdə və postlarda təmsil olunurlar. Azərbaycan Parlamentində çoxlu sayda qadın millət vəkili öz fəaliyyətini uğurla davam etdirir, dövlətin güc strukturlarında belə yüksək rütbəli yüzlərlə vəzifəli qadınlar var və bütün bunlar ölkəmizdə gender bərabərliyinin qorunmasının bariz nümunəsidir.
Sadalananlar təsdiq edir ki, ölkəmizdə qadın hüquqlarının müdafiəsinə, gender bərabərliyinin qorunmasına xüsusi diqqət ayrılıb. Lakin bəzən çox az miqdarda da olsa, zorakılıq hallarına da rast gəlinir ki, bunun qarşısının alınması istiqamətində də davamlı işlər görülür, vətəndaşlar arasında maarifləndirmə tədbirləri davam etdirilir. Azərbaycanda qanunvericilik çərçivəsində qadın və kişilər arasında rəqabət üçün hüquqi baza təmin olunub, Ailə, Əmək, Cinayət məcəllələrində qadınlara münasibət öz əksini tapıb və bunun sayəsində ölkəmizdə gender bərabərliyinin qorunması istiqamətində uğurlar qazanılıb. Təbii ki, bu vaxta qədər gender bərabərliyinin qorunması istiqamətində ölkəmizdə görülən işlər, tədbirlər, atılan addımlar, aparılan maarifləndirmə tədbirləri bundan sonra da, gələcəkdə də Azərbaycanda gender bərabərliyinin qorunması ilə əlaqədar daha böyük, daha uğurlu nəticələrin əldə ediləcəyindən xəbər verir.
İnam Hacıyev
6.3.18. “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB