Medianın İnkişafı Agentliyi ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminarlar davam edir. SİA xəbər verir ki, MEDİA Agentliyi və “ADA” Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarlar dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün nəzərdə tutulub.
Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva bildirib ki, Medianın İnkişafı Agentliyinin nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumları ilə media subyektləri arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və eyni zamanda, qarşılıqlı etimadın artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi Medianın İnkişafı Agentliyinin əsas vəzifələrindəndir: "Bunu nəzərə alaraq MEDİA olaraq biz silsilə tədbirlər həyata keçiririk. Ötən il də ADA Universiteti ilə birlikdə silsilə seminarlar keçirmişdik və həmkarlarımızın bir çoxları bu seminarlarda iştirak edib. 18 aprel tarixindən etibarən biz növbəti silsilə seminarlara start verdik. İki həftə davam edəcək tədbirlərdə həm yerli, həm də xarici mütəxəssislərin çıxışları nəzərdə tutulur. Seminarın keçirilməsində əsas məqsəd isə həm media əlaqələrinin qurulması, eyni zamanda kommunikasiya strategiyasının hazırlanması və səmərəli şəkildə işlənilməsi, gündəmə uyğun olaraq proaktiv və reaktiv fəaliyyətin aparılmasıdır. Seminarın bugünkü mövzusi böhran kommunikasiyası ilə bağlıdır. Bu istiqamətdə çox maraqlı müzakirələr aparıldı. Qeyd edim ki, iştirakçılar sonda sertifikatlarla təltif olunacaqlar".
Seminarda iştirak edən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev bildirib ki, Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə birlikdə təşkil etdiyi seminar həqiqətən də çox faydalıdır: "Öyrənmək üçün heç vaxt gec deyil. Biz nə qədər təcrübəli olsaq da, dünəndən etibarən başlayan bu trenniq sayəsində də bir daha şahidi olduq ki, mətbuat katibləri və kommunikasiya sahəsində işləyən mütəxəssislər öz işləri ilə əlaqədar olaraq hər gün yeniliklərə açıq olmalı və öyrənməlidirlər. Dünəndən etibarən bu trenniqlərdə müasir tendensiyaların və yeniliklərin şahidi olduq və öyrəndik".
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova qeyd edib ki, çox interaktiv, dinamik və praktik işlərlə zəngin bir təlimdir: "Təlimdən çox böyük gözləntilərim var. Həqiqətən də, mənim gözləntilərimi qarşılayan təlimdir. Hesab edirəm ki, bu təlim digər həmkarlarım üçün də faydalı olacaq. Bəzən elə olur ki, praktiki olaraq nəzəriyyədə bildiyimiz məqamları tətbiq edirik, lakin bəzi məqamlar olur ki, unuduruq. Amma fəaliyyətdə də bunun tətbiqi istənilən halda kommunikasiya menecerləri üçün müsbət nəticələrə yol aça bilər. Artıq ikinci gündür ki, təlimdəyik. Həqiqətən də, bu müsbət çalarları hiss etməyə başlamışıq. Ümid edirik ki, təlimdə əldə edəcəyimiz sertifikatlar da gələcək karyeramızda müəyyən cığır açacaq".
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri Mansur Piriyevin sözlərinə görə, seminarda ictimaiyyətlə əlaqələr işinin təşkili, eyni zamanda kommunikasiya strategiyası ilə bağlı təcrübə mübadiləsi aparılır: "Bildiyimiz kimi hazırda bu sahədə informasiya texnologiyalarının tətbiqi genişlənib. Burada sosial şəbəkələrin fəaliyyəti geniş istifadə olunur. Bu sahədə həm mütəxəssisləri dinləmək, həm də bu sahədə müzakirə aparmaq bizim üçün çox vacibdir".
Qeyd edək ki, iki həftə davam edəcək silsilə seminarların məqsədi peşəkar əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, gündəmin formalaşmasına təsiri və gündəmə uyğun proaktiv və reaktiv fəaliyyətin planlaması, qurumdaxili kommunikasiya və komanda ruhunun artması, ənənəvi və sosial media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır. Seminar yerli və xarici mütəxəssislərin çıxışları, interaktiv müzakirə sessiyaları, qrup tapşırıqları hissələrindən ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB