Sosial mənzil sisteminə kibermüdaxilə edən “İT uşaqları” yaxalandı - ARAŞDIRMA

DTX MİDA-nın mənzil satışına müdaxilə edənləri məsuliyyətə cəlb edib

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi- Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilib, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən SİA-ya verilən xəbərə görə, DTX-da ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.

Kibercinayətkarlar aşkar olunaraq cinayət məsuliyyətinə cəlb edilib

Müəyyən edilib ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb ediliblər. Cinayət işi üzrə araşdırmalar davam edir.

Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcək.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

“Kibermaklerlər mənzilləri alıb 10-15 min bahasına satırlar”

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) onlayn mənzil satışında baş vermiş hallar ciddi ictimai narazılıq doğurmuşdu. Belə ki, 442 sosial mənzil çox qısa müddətdə internet üzərindən satılmışdı- bəziləri cəmi bir neçə saniyəyə. Bu cür satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu. İstifadəçilər prosesin cəmi bir neçə saniyəyə başa çatdığını və bunun praktiki olaraq mümkün olmadığını bildirirdilər.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, sosial mənzil almaq istəyənlərin əksəriyyəti peşəkar proqramçılara müraciət etmişdi. Nəticədə, çox qısa müddətdə bütün mənzillərin satıldığı məlum olmuşdu. Bir çox mənzillərin satışı isə cəmi bir neçə saniyədə baş tutub.

"Ev almaq istəyən şəxslərin hardasa 90%-i proqramçılara müraciət etmişdi. 442 mənzil çox qısa müddətə- bəziləri cımi 4-5 saniyəyə satıldı. Maklerlər bu işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar. Ortada bu qədər anormallıq, şübhə, iddia varkən, niyə düz-əməlli araşdırma aparılmır?”- deyə şəbəkə istifadəçilərindən biri yazmışdı.

Çox keçmədi ki, məsələ ilə bağlı araşdırmalar aparıldı və işə DTX qarışdı. Və yuxarıda qeyd etdiyimiz kimi, artıq bununla məşğul olan bir şəbəkə ifşa olunub və cinayət məsuliyyətinə cəlb edilib. Proses davam edir.

MİDA-nın sosial mənzillərin satışı ilə bağlı açıqlaması belə idi

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə 30.03.2022-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 442 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 24 761 nəfərdir.

Bugünkü satış zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 442 mənzilin 257-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir.

Seçilmiş mənzillər barədə statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

https://mida.gov.az/az/statistics/statistics_34

Ekspert: “Sistemə peşəkar üsullarla müdaxilə edilib”

Məsələ ilə bağlı müstəqil ekspertlər fikirlərini bildiriblər. Azərbaycan İnternet Forumunun rəhbəri, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz MİDA sisteminə müdaxilə haqqında fikirlərini belə izah edib:

MİDA-nın sonuncu onlayn mənzil satışı prosesindən sonra proqramçılara qarşı tələ hazırlandığı haqqında demişdim. Görünür ki, bununla bağlı deyilənlər reallaşır.

Bu gün MİDA və DTX güzəştli mənzil satışına müdaxilə ilə bağlı birgə məlumat paylaşıblar. Məlumata ilkin nəzər salmaqla aşağıdakı qənaətə gəlmək olar :

“MİDA "Güzəştli mənzil" informasiya sisteminə müdaxilə müşahidə edib və bunun araşdırılması üçün DTX-ya özü müraciət edib. Əgər MİDA özü müraciət edibsə demək, “Güzəştli mənzil” informasiya sisteminə ciddi müdaxilədən, qeyri-qanuni müdaxilədən söhbət gedir. Yəni, burada adi botlardan deyil, “Güzəştli mənzil” sisteminin ilkin kodlarını sındırmaqla və ya hansısa daha “ağıllı” üsullarla sistemə müdaxilədən söhbət gedir.

Sonuncu satışda narazı qalanların çoxusunun proqramçılar olması onu deməyə əsas verirdi ki, MİDA tətbiq etdiyi ənənəvi təhlükəsizlikdən əlavə DEMO versiya ilə əsas versiyanın ilkin proqram kodlarını da dəyişib.

Sistemin proqram təminatının ilkin kodları dəyişdirildikdən sonra sistemdən adi botlarla istifadə mümkünsüz olduğundan, paylaşılan məlumatda "sistemə daxil olmaqdan və kompüter məlumatlarını dəyişməkdən" söhbət getdiyindən, düşünmək olar ki, sistemə daha peşəkar üsullarla qeyri-qanuni müdaxilə olub”.

Bəs sonuncü güzəştli mənzil satışının nəticələri ləğv oluna bilərmi? Ekspertin fikrincə, bu DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər: “Yəni, müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı. Baş verənlər onu göstərir ki, MİDA bir daha sisteminin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir. Baş verənlər həm də bir daha onu göstərir ki, güzəştli mənzil satışı sistemi ciddi olaraq yenilənməlidir”.

Ekspert bununla bağlı təkliflərini bildirib: “Onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq görsənir ki, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var və bu baxımdan hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir. Satışdan sonra, MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri çıxmaq şərtilə) onlayn satış prosesini əks etdirən bütün log faylları mütləq açıqlamalıdır. Ən tez və ən gec satılan mənzillərlə bağlı log faylları ayrıca qeyd etmək vacibdir. Sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməlidir. Süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir. Onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır”.

Şübhə yoxdur ki, istintaq prosesi hər şeyti üzə çıxaracaq, ədalət bərpa olunacaq və sosial mənzillərin satış sistemi təkmilləşdiriləcək. Dövlət üzərinə düşəni edir, vətəndaşlar isə bu işə vicdanla yanaşamalıdırlar. Bu mənzillər ilk növbədə hədəf auditoriyasına çatmalıdır və çatacaq da.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə