İqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldib -TƏHLİL

Heç şübhəsiz ki, regionlarda vəziyyət əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib və bu dəyişiklik sayəsində regionlarımız yeni bir simaya malik olub. Təbii ki, bütün bunlar səbəbsiz, eləcə də təsadüfi şəkildə baş verməyib və regionların bu fərqli siması ölkə başçısının rəhbərliyi, müdrikliyi ilə dövlətimiz tərəfindən aparılan işlər sayəsində meydana gəlib. Nəticədə isə bu, regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, eləcə də infrastruktur təminatının reallaşmasına, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, əhalinin rifahının günü-gündən yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə əsaslı zəmin və şərait yaradıb.
Qeyd etdiyimiz kimi, regionların sosial-iqtisadi inkişafı səbəbsiz deyil və bu məsələ öz aktuallığını qoruyur, prioritet olaraq da qalmaqdadır. Regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanır, icrası da uğurla həyata keçirilir. Artıq bir neçə belə dövlət proqramı işlənib hazırlanmış və uğurla həyata keçirilmişdir ki, məhz bunun da nəticəsi göz önündədir. Ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi də məhz regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsidir ki, bu da regionlarda infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin və maddi rifahının daha da yüksəldilməsi deməkdir. Hətta mütəxəssislərin belə fikrincə, Azərbaycanda aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsinə əsaslı zəmin yaradıb və görülən tədbilər əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, yerli və xarici sahibkarlığın, müxtəlif təsərrüfat sahələrinin inkişaf etdirilməsinə yönəldilib. Ümumilikdə ölkənin sosial-iqtisadi inkişafında regionların inkişafının əhəmiyyətli paya malik olması da deyilənləri təsdiq edir və bu da ondan xəbər verir ki, istiqamət düzgün müəyyən edilib, nəticənin isə daha yüksək olacağı gözləniləndir.

Unutmaq lazım deyil ki, yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə Azərbaycan iqtisadiyyatı yeni və növbəti keyfiyyət mərhələsinə qədəm qoyub. Regionlarda həyata keçirilən sosial layihələri ölkə rəhbərinin önə çəkməsi isə Azərbaycanın sosial dövlət kimi öz öhdəlikərinə sadiq qaldığını bir daha təsdiq edir. İqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi regionların sosial-iqtisadi inkişafına xüsusi tövhələr verir.

Onu da qeyd etmək lazımdır ki, regionların zəngin iqtisadi potensialından səmərəli istifadə etməklə daha yüksək nəticələr əldə etmək mümkündür. Bunun üçün isə təbii ki, ilk növbədə mövcud sahibkarlıq subyektlərinin təklifləri və istəkləri dinlənilməlidir və lazım gəldikdə onlar zəruri istiqamətlər üzrə maliyyə vəsaitləri ilə təmin edilməlidirlər. Eyni zamanda dəyər zəncirinin uzadılması, yəni məhsulun birbaşa bazara çıxarılması yox, emal müəssisələrinə yönləndirilməsi daha məqsədəuyğundur. Çünki bununla əlavə dəyər yaradılır və əhəmiyyəti da təkzibedilməzdir. Ona görə ki, istər bitgiçilik, istərsə də heyvandarlıq məhsulları emal müəssisələrindən keçdikdən sonra daha çox və əlavə dəyər yaradır.

Xüsusilə vurğulamaq yerinə düşərdi ki, 44 günlük zəfər savaşı ilə torpaqlarımızın işğaldan azad edilməsi, bu ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası ölkəmiz üçün çox şey qazandıra bilər və qazandıracaq da. Çünki, yeni beynəlxalq və regional-loqistika dəhlizlərinin imkanlarından yararlanmaqda fayda vardır. Məsələn, Zəngəzur dəhlizi regionun iqtisadi inkişafı üçün əsaslı zəmin deməkdir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı var və bu ərazilərin Şimal, Cənub, Şərq və Qərb dəhlizlərinin kəsişmə nöqtəsi olması bunu təsdiq edir. Nümunə üçün deyə bilərik ki, Türkiyənin Orta Asiya ilə ticarət dövriyyəsinin Zəngəzur dəhlizi üzərindən icra olunması regionun iqtisadi inkişafı üçün olduqca əhəmiyyətlidir və böyük təsirə malikdir. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə qurulan hava limanları təkcə siyasi mövqeyin möhkəmləndirilməsinə yox, həmçinin regionun, eyni zamanda ölkənin iqtisadi baxımdan qüdrətlənməsinə hesablanıb. Əlbəttə ki, logistik fəaliyyət turizm imkanlarına da öz tövhələrini verəcək və bunun sayəsində yeni iş yerlərinin açılmasına, ümumilikdə məşğulluq səviyyəsinin artmasına da gətirib çıxaracaq. Bütün bunlar isə təbii ki, ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində reallaşmaqdadır. Hazırki reallıq onu deməyə əsas verir ki, ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar regionların sosial-iqtisadi inkişaf səviyyəsinin yüksəldib.

İnam Hacıyev

6.3.11. “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə