Sosial mənzillərin bir neçə saniyədə onlayn satışı müzakirələrə səbəb olub – ARAŞDIRMA
Ekspert: MİDA hər bir iddiaçının satışla bağlı real vəziyyətini əks etdirən log faylları dərc etməli, botlarla bağlı məsələyə aydınlıq gətirməli və bütün digər məlumatları açıqlamalıdır
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) dünən baş tutan onlayn mənzil satışının statistikasını açıqlayıb. 442 sosial mənzil çox qısa müddətdə internet üzərindən satılıb, bəziləri cəmi bir neçə saniyəyə. Bu da satış sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər prosesin çox qısa müddətə başa çatdığını və bu əməliyyatın bir neçə dəqiqədə praktiki olaraq mümkün olmadığını bildiriblər.
“90%-i proqramçılara müraciət etmişdi, amma ala bilmədilər”
Satışa çıxarılan bütün mənzillərin bir neçə saniyə ərzində satıldığının elan olunması sosial mənzil almaq istəyənləri təəssüfləndirib. Mediada və sosial şəbəkələrdə qeyd olunur ki, sosial mənzil almaq istəyənlərin əksəriyyəti peşəkar proqramçılara müraciət etmişdi, lakin onların çox böyük hissəsi texniki və praktiki cəhətdən bunu çatdıra bilməyiblər. Belə ki, çox qısa müddətdə bütün mənzillərin satıldığı məlum olub. Bir çox mənzillərin satışı isə cəmi bir neçə saniyədə baş tutub.
Sosial platforma istifadəçilərindən Bəxtiyar Firuzənin statusu: "...Ev almaq istəyən şəxslərin hardasa 90%-i proqramçılara müraciət etmişdi. Amma ala bilmədilər. Çünki 500 ev 4-5 saniyəyə satıldı. Onlayn formada bir insanın fiziki olaraq bunu bacarması mümkündürmü? Keçən dəfə satış başlayan kimi guya ki, saytları çökdü. Açılanda bütün mənzillər satılmışdı.
İddia olunur ki, maklerlər bu işi biznesə çeviriblər, xüsusi yollarla evləri udub 10-15 min bahasına satırlar… Ortada bu qədər anormallıq, şübhə, iddia varkən, niyə düz-əməlli araşdırma aparılmır? Onlayn yolla satış alınmırsa, niyə alternativ variant tapılmır?".

MİDA botlara qarşı aldadıcı demo versiya tətbiq edib?
Azərbaycan İnternet Forumunun rəhbəri, informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz isə bildirir ki, müddət bir qədərf şişirdilir, əslində isə ilk mənzilin satışı 6 saniyədən sonra baş tutub: “Rəqəmlərə diqqət etdikdə çox təəccübləndim. Statistika ilə sosial mediadakı narazılıq və qeyd edilən 2-3-4-5 saniyə söhbətləri arasında kəskin fərqlər var.
Statistikaya görə mənzillərin seçimi 6-cı saniyədən sonra başlanıb, daha çox 10-11-12 saniyələrdə seçilib, hətta 11 dəqiqə sonra da seçim olub. İlk mənzil seçiminə baxış 6 -cı saniyədən sonra (6.23) başlayıb.
Bəs belə olan halda nə baş verib? Narazı olanlar bildirirdilər ki , 4-5 saniyə sonra sistemdə seçim üçün mənzil qalmayıb. Nə üçün 4-5 saniyədə sistemə girənlər mənzil seçə bilməyiblər?
Fikrimcə, burada düşündürücü məqamlar var. Güman etmək olar ki, MİDA bot, robot , müxtəlif süni metodlarla sistemə girənlər üçün qabaqcadan təhlükəsizlik mexanizmləri hazırlayıblar.
Düşünmək olar ki, MİDA-nın "Güzəştli mənzil" sisteminin təhlükəsizliyinə cavabdeh olanlar DEMO versiyanı buraxmaqla həm də oradakı statistikadan istifadə ediblər.
Yəni, DEMO-da test edənlərin zəif nöqtələrini incələyərək, DEMO-da süni üsullarla 2-5 saniyədə mənzil seçmə metodlarını analiz edərək ona qarşı real versiyada tədbirlər görüblər, DEMO-dakı kodlarla əsas versiyanın kodlarını dəyişiblər.
Belə çıxır ki, MİDA DEMO-nu həm də sistemin zəif nöqtələrini analiz etmək üçün buraxıbmış. DEMO-dan əldə edilən məlumatlar əsasında MİDA botlar üçün, necə deyərlər "tələ" hazırlayıbmış. Bu onlayn satışdan narazı qalanların çox hissəsinin proqramçı olması da diqqət çəkən məqamdır
Əlbəttə, bu qeyd olunanlar statistikanın ilkin, ötəri analizindən sonra əldə etdiyim nəticələrdi.
Doğurdanmı bu belə olub? Doğurdanmı MİDA botlara qarşı öncədən "tələ" hazırlayıbmış. Neçə bot zərərsizləşdirilib ? Eyni İP-dən daxil olanlar çoxmu olub? Doğurdanmı sistemə normal qaydada daha tez daxil olanlar da seçim edə bilməyiblər?
Bu tip sualların daha dəqiq cavabları MİDA-da toplanıb. Ümid edirəm, agentlik sosial mediada qeyd olunanlarla statistikadakı rəqəmlər arasındakı uyğunsuzluqları izah edən ağlabatan bir açıqlama da verəcək.
Fikrimcə, bununla bağlı mətbuat konfransının keçirilməsinə, daha əhatəli məlumatların verilməsinə də ehtiyac var.
MİDA öncədən sistemin təkmilləşdirilməsi, şəffaflığın gücləndirilməsi, ağlabatan nəzarət mexanizmlərinin tətbiqi və alternativ satışla bağlı açıqlamaları cəmiyyətə təqdim etməlidir.
Bununla bağlı daha ətraflı data açıqlanmalıdır. Eyni zamanda, MİDA hər bir iddiaçının satışla bağlı real vəziyyətini əks etdirən log faylları açıqlamalı, botlarla bağlı məsələyə aydınlıq gətirməli, "Güzəştli mənzil" sisteminin botlara qarşı nə dərəcədə güvənli olmasına ağlabatan bir açıqlama verməli, ümumiyyətlə ictimai əhəmiyyət kəsb edən bütün məlumatları açıqlamalıdır.
MİDA-nın ötən gün baş tutan onlayn satışı ilə bağlı cəmiyyəti narahat edən xeyli məsələlər var ki, hələlik onların müəyyən hissəsinə aydınlıq gətirilməyib. Ümid edirəm, MİDA daha təfsilatlı açıqlamalar verəcək”.
Qeyd edək ki, Agentlik iddiaları rədd edib və prosesin düzgün aparıldığını bildirib.

MİDA-nın rəsmi açıqlaması belədir
Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə 30.03.2022-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 442 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilmişdir. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 24 761 nəfərdir.
Bugünkü satış zamanı 442 mənzilin seçimində iştirak edənlərin sayı 8 939 nəfər olmuşdur. Bu saata olan məlumata görə seçilmiş 442 mənzilin 257-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilmişdir.
Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir.
Seçilmiş mənzillər barədə statistik məlumatlarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.
https://mida.gov.az/az/statistics/statistics_34
Mənzillərin daha ədalətli bölünməsi üçün yeni mexazim tapılmalıdır
Göründüyü kimi, sosial mənzillərə tələb böyükdür, lakin onların əldə edilməsi çox çətindir. Adi vətəndaşlar yüksək texniki biliklərə və peşəkarlığa malik deyillər, ona görə də onlayn formada belə mənzilləri ala bilmirlər. Əvəzində bəziləri peşəkar proqramistlərin vasitəsilə digərlərindən daha az ehtiyacı olduqları halda bu mənzilləri əldə edə bilirlər.
Fikrimizcə, sosial mənzillərin satışı üçün başqa mexanizm tapılmalıdır. “Kim daha tez tərpəndi” prinsipi həm ədalətli deyil, həm də mübahisələr yaradır. Çünki, mənzil sayı, sosial mənzilə ehtiyacı olanların sayından dəfələrlə azdır. Ona görə də, sosial mənzillərin sayı artırılmalı və proses maksimum şəffaf keçirilməlidir.
Hər bir halda dövlətin sosial mənzil layhəsi əhalinin mənzil probleminin həll edilməsi istiqamətində atdığı ən təqdirəlayiq addımlardandır. Bu layihənin davamlı, daha böyük miqyasda və daha şəffaf keçirilməsi vacibdir.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB