
Uzun müddət, 30 ilə yaxın müddət ərzində işğalçı dövlət, Ermənistan tərəfindən işğal altında saxlanılan coğrafi ərazilərimizin işğaldan azad edilməsi, vətən torpaqlarımızın geri qaytarılması ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini ortaya qoydu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 iyun 2021-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyü şəraitində ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olan 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla, 14 iqtisadi rayonun yaradılması məhz Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılan tarixi Zəfərin meydana çıxardığı gerçəklikdən doğan ən doğru addımlardandır.
Bilirik ki, 1923-cü ildə yaradılan və heç bir hüquqi statusa malik olmayan qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti həm çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə bir vaxtlar köçürülmüş ermənilərə, həm də Ermənistana dəstək vermək üçün formalaşdırılmış süni inzibati qurum olub. Sözsüz ki, süni olaraq qondarma Dağlıq Qarabağ Muxtar Vilayətini yaradanlar Azərbaycan ərazilərini imkan düşdükcə Ermənistana vermək niyyətində idilər və bu niyyətləri də ötən əsrin səksəninci və doxsanıncı illərdə millətlərarası münaqişələrin qızışdırılması siyasəti fonunda, eləcə də Ermənistan tərəfinə hərbi dəstək verməklə Qarabağın işğal edilməsinə nail olunması ilə çılpaq şəkildə aşkara çıxdı. Bu məqamda xüsusilə qeyd etmək lazımdır ki, bütün bunlara baxmayaraq Vətən müharibəsindən sonra ölkə rəhbərimizin müəyyən etdiyi Qarabağ iqtisadi rayonu erməni işğalından azad edilmiş tarixi ərazilərimizin əsl statusunu özünə qaytardı. Sözsüz ki, Qarabağda işğal faktını aradan qaldırdıqdan sonra Azərbaycan haqlı olaraq həmin qondarma muxtar qurumun bərpa edilməsinə heç cür razılıq verə bilməzdi və buna yol verilməməklə Dağlıq Qarabağdakı muxtariyyət beynəlxalq hüququn tələblərinə cavab verməyən, zorakılıq yolu ilə yaradılan qeyri-qanuni inzibati vahid kimi tarixin arxivinə göndərildi, onun əvəzinə isə yaradılan Qarabağ iqtisadi rayonu Azərbaycanın tərkibində Qarabağın ən real statusunu müəyyən etdi. Eyni ilə 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanın tarixi ərazisi olan Zəngəzuru işğal edilərək daşnak Ermənistanına verməsi də, gələcəkdə Naxçıvanın da Azərbaycandan qoparılıb ermənilərə “hədiyyə” edilməsi arzusu da ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin sərəncamı ilə puça çıxarıldı. Ölkə rəbərinin 7 iyun 2021-ci il tarixli sərəncamı ilə Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması vaxtilə işğal edilmiş Qərbi Zəngəzurun hüdudlarında müstəqil Azərbaycan dövlətinin sərhədlərinin daha da möhkəmləndirilməsinə və bu iqtisadi rayonun inkişafına zəmin yaratdı. Bütün bunlar sözsüz ki, Böyük Qayıdış üçün olduqca əhəmiyyətli və ümdə şərtlərdir.
Artıq Vətən müharibəsindəki Zəfərin ardınca Qarabağa və ətraf bölgələrə yenidən qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilib. Bu proses ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin elan etdiyi Boyük Qayıdış Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycanın xəritəsinin tam mənzərəsini, regionda və onun ətrafında yeni nəqliyyat-logistika qovşaqlarının formalaşdırılmasını, iqtisadi-mədəni inkişafın təmin edilməsini reallaşdıran dövlət əhəmiyyətli proqramdır. Bu proqram Qarabağa yenidən və əbədi dönüşlə üzvi surətdə əlaqədar olmaqla yanaşı, əgər Azərbaycan Prezidentinin, eləcə də Rusiya Prezidentinin və Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Sazişin mühüm müddəalarına əsasən Zəngəzur dəhlizinin açılması və regionda bütün kommunikasiyaların bərpa edilməsi kimi aktual məsələni nəzərdə tutursa, deməli Böyük Qayıdış dövlətlərarası münasibətlərlə əlaqədar beynəlxalq əhəmiyyətə malik mühüm bir addımdır. Bundan da belə bir nəticə çıxır ki, Böyük Qayıdış öz mahiyyəti etibarilə Azərbaycan üçün həm regional, həm də beynəlxalq əhəmiyyətlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Proqramı olan Böyük Qayıdış, ilk növbədə Qarabağın işğaldan azad edilməsi və Qarabağa yenidən dönüş olmaqla, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsinin strategiyası və taktikası, 30 il işğal altında qalmış və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilmiş ərazilərin yenidən qurulması və həmin xarabalıqların üzərində yeni həyatın bərqərar edilməsi, 30 il işğal altında qalmış və Ermənistan tərəfindən vəhşicəsinə dağıdılaraq xarabalıqlara çevrilmiş ərazilərin yenidən qurulması və həmin xarabalıqların üzərində yeni həyatın bərqərar edilməsi, 30 il işğal altında qalmış qədim Azərbaycan torpaqlarının istifadəyə verilməsi, əkilib-becərilməsi, Azərbaycan Respublikasının hərbi cəhətdən müdafiə olunmasında və iqtisadi-mədəni baxımından inkişaf etdirilməsində böyük addımlar deməkdir. Artıq Azərbaycan Böyük Qayıdış hərəkatının icrasına başlayıb və diqqətə çatdıraq ki, 2021-ci ilin axır çərşənbə günü Şuşada - Cıdır düzündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin alovlandırdığı Novruz tonqalı Qarabağa milli-mənəvi dəyərlərinin Əbədi Qayıdışının rəmzi, torpaqlarımız işğaldan azad edildikdən sonra ölkə rəhbərinin dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarasına etdiyi ilk səfər tarixi keçmişimizə, soykökümüzə Qayıdışın əməli ifadəsi, Şuşa şəhərindəki Gövhər ağa məscidində və Ağdam şəhər məscidində uzun illərdən sonra ucalan ilk azan səsləri əxlaqi-dini dəyərlərimizə Qayıdışın əks-sədası hesab olunur. Qarabağ ərazisində ermənilər tərəfindən süni şəkildə dəyişdirilən yer adlarının, toponimlərin bizə məxsus olan adlarla, toponimlərlə əvəzlənməsi, dəyişdirilməsi istiqamətində ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüslər və atılan addımlar bu ərazilərin xalqımıza mənsub olmasının təsdiqidir. Bu ilin, 2022-ci ilin Şuşa İli elan edilməsi isə xüsusi əhəmiyyət kəsb edir və ölkə başçısı tərəfindən düşünülmüş çox mühüm siyasi və tarixi addımdır. Dövlətimizin başçısının bu qərarı bir tərəfdən xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisidir, digər tərəfdən də 2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edilməsi Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. 2022-ci ilin Şuşa İli elan edilməsi eyni zamanda, bu torpaqların Azərbaycana məxsus olması barədə bütün dünyaya verilən mesajdır.
Ölkə rəhbəri, cənab Prezident İlham Əliyev tərəfindən Qarabağ ərazisində çoxmərtəbəli yaşayış binalarının, “ağıllı” kənd layhələrinin təməlinin qoyulması, şəhərlərinizin bərpa edilməsi planı, Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu, Şuşa şəhərinə Azərbaycanın mədəniyyət paytaxtı statusunun verilməsi, regionda icrasına başlanmış genişmiqyaslı dəmir yolları və hava yolları şəbəkələri, yeni iş yerləri, daimi məşğulluq sahələrinin yaradılması Qarabağ ərazilərinə Böyük Qayıdışa başlanılmasına, regionun daimi sakinlərinin özlərinin ata-baba torpaqlarına dönüşünə start verildiyini təsdiqləyir ki, məhz bu, müasir Azərbaycan tarixinin ən mühüm, şərəfli tarixi hadisəsidir. Bu həm də o deməkdir ki, artıq Azərbaycanda Böyük Qayıdışın epopeyası yaranmaqdadır və bu epopeyanın başlanğıcı, proloqu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Qarabağın 30 illik işğaldan azad edilməsi və Zəfərin qazanılması hesab olunur. Bu epopeyanın kütləvi səhnələri Azərbaycan Ordusunun həmlələri nəticəsində ermənilərin Qarabağ ərazilərindən, döyüş mövqelərindən qaçması, Böyük Qayıdış epopeyasının parlaq fəsilləri isə Qarabağın şəhərləri və kəndlərində yeni yaşayış məskənlərinin yaradılması, müasir təsərrüfat-sənaye obyektlərinin yaradılması və sosial infrastrukturun qurulması, regionda böyük magistralların salınması, iqtisadi-mədəni dirçəlişin formalaşdırılmasıdır. Böyük Qayıdış epopeyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı naminə 2003-cü ildən başlayaraq uğurla davam edən yorulmaz fəaliyyətinin, Azərbaycanın iqtisadi-mədəni inkişafı və ərazi bütövlüyü uğrunda apardığı qətiyyətli mübarizənin çoxcildlik külliyyatı, ölkə rəhbərinin Böyük Quruculuq Hərəkatının bitib-tükənməz serialı, ərazi bötövlüyünü qazanmış və sürətlə inkişaf etməkdə davam edən müstəqil Azərbaycan Respublikasının böyük, uğurlu gələcəyinin manifestidir.
İnam Hacıyev
6.3.7. "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB