Şərq iqtisadi bloku yarana bilər, anti-Rusiya sanksiyaları Azərbaycana təsir edəcəkmi? - RƏYLƏR
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara cavab olaraq Qərb Moskvaya qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Sanksiyalar təkcə dövlət orqanlarına deyil, ABŞ kapital bazarına çıxışı məhdudlaşdırılan özəl banklara da təsir edib. Qərb daha da radikal ssenariyə gedərsə, Rusiyanın enerji şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Rusiya qeyri-neft ixracında Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Belə ki, Azərbaycanın idxalının 71%-i, ixracının isə 51,4%-i Rusiya Federasiyasının payına düşür. Bu baxımdan, yeni sanksiyalar paketinin və Rusiyada gözlənilən iqtisadi vəziyyətin pisləşməsinin Azərbaycana necə təsir edəcəyi sualı aktuallaşır. Bu məsələləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov və rusiyalı iqtisadçı Aleksandr Razuvayev “Caliber” analitik mərkəzinə şərh ediblər. İqtisadçıların şərhlərini oxucularımıza təqdim edirik.

E.Məmmədov hesab edir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları təbii ki, müəyyən təsir göstərir. “Sanksiyalar müəyyən problemlərə gətirib çıxara bilər, lakin onlardan hansısa dönüş nöqtəsi və ya həlledici əhəmiyyət gözləmək lazım deyil. Fakt budur ki, Rusiyanın çox böyük resurs potensialı, sənayesi, güclü hərbi-sənaye kompleksi və sair iqtisadi potensialı var. Və buna görə də Rusiya iqtisadiyyatında sanksiyaların təsiri altında mümkün ciddi problemlərdən danışmağa ehtiyac yoxdur”,- deyə azərbaycanlı iqtisadçı bildirib.
Professorun sözlərinə görə, Rusiyanın enerji resurslarının dünya bazarlarına ixracı davam edəcək və bu kontekstdə hər hansı böyük axını Azərbaycan ərazisindən yönləndirməyin mənası olmayacaq.
“Ancaq müəyyən dərəcədə biz enerji siyasəti baxımından Rusiya Federasiyası ilə səylərimizi əlaqələndirə bilərik. Hesab edirəm ki, bu koordinasiya əvvəllər də olub. Üstəlik, Bakı da bu vəziyyətdən müəyyən qədər faydalana bilər. Rusiya, Azərbaycan və bütün neft və qaz ixracatçıları o mənada faydalanır ki, enerji qiymətləri güclü şəkildə qalxır və bu, ixracatçılar üçün əsas iqtisadi dividendlərdən biridir. Amma eyni zamanda başa düşmək lazımdır ki, silahlı münaqişə ticarət-iqtisadi əlaqələrin bir çox sahələrində logistika, malların çatdırılması və satışı, qarşılıqlı ticarət sahəsində müxtəlif problemlərə gətirib çıxarır”,- deyə E.Məmmədov yekunlaşdırıb.

Aleksandr Razuvaev öz növbəsində qeyd edib ki, Rusiya iqtisadiyyatı üçün sanksiyalarla bağlı vəziyyət kifayət qədər qeyri-müəyyəndir.
“Siz başa düşməlisiniz ki, neft və qaz qiymətləri hər hansı Qərb sanksiyalarından daha vacibdir. Neft və qaz indi bahadır, Rusiya büdcəsi mütləq profisitlə çıxacaq və bu, sanksiyaların bütün mənfi cəhətlərini üstələyəcək. Əsas mənfi hal birjanın düşməsidir. Əgər biz Rusiya fond bazarını indiki neft qiymətləri ilə qiymətləndirsək, onda RTS dollar indeksi haradasa 2000 punkt civarındadır – bu, ədalətli dəyərdir. İndi 1000-dən azdır. Bu siyasi təsirlərlə bağlıdır. Amma varlı azərbaycanlıların çoxu Moskva birjasına sərmayə qoymur. Müvafiq olaraq, onların itkiləri o qədər də böyük deyil.
Prinsipcə, Azərbaycan üçün anti-Rusiya sanksiyaları, fikrimcə, müəyyən üstünlüklərə malikdir. Qərb Rusiyadan neft və qaz alışını azaltmaqda maraqlıdır və buna uyğun olaraq Azərbaycan nefti və qazına tələbat da artacaq”,- deyə A.Razuvayev bildirib.
Rusiyalı iqtisadçı Rusiyanın SWIFT-lə bağlı ciddi probem yaşayacağını düşünmür, çünki heç kim xarici ticarəti ləğv etməyib.
“Rusiya əmtəə bazarında mühüm rol oynayır. Daha geniş baxsanız, Rosatom, Rosoboroneksport kimi nəhənglər də var, böyük həcmdə buğda istehsalı və ixracı. Baxmayaraq ki, Qərbin Rusiya silahlarını almadığı aydındır. Hələ 2014-cü ildə Rusiya Şərqə dönüşünü qeyd etdi, lakin o zaman onlar ilk növbədə Çindən, bir az da Hindistandan danışırdılar. İndi təbii ki, türk dünyasından da danışırlar. Mənim fikrimcə, Azərbaycan və Türkiyənin Aİİ-yə daxil olması çox düzgün olardı. Çox güman ki, Özbəkistan bu il Türk Dövlətləri Birliyinə üzv olacaq. Rusiya da. Tatarıstan, Başqırdıstan, Yakutiya... Rusiyada türkdilli xalqlar var. Bu, çox maraqlı ideyadır- vahid şərq iqtisadi bloku. Rusiya Bankının əhəmiyyətli maliyyə ehtiyatları türk lirəsini dəstəkləyə bilər. Baxmayaraq ki, ideal halda, bu, əlbəttə ki, vahid valyutadır- Belarus prezidenti Aleksandr Lukaşenkonun bu yaxınlarda dediyi kimi, Avrasiya avrosu. Bu pul vahidinin adını bir dəfə mən vermişəm- Altın. Və bu yaxınlarda Rusiya ilə Azərbaycan arasında imzalanmış Moskva Bəyannaməsi bu istiqamətdə mühüm addımdır. Vahid şərq iqtisadi bloku çox vacibdir. Bu, eyni zamanda, hərbi-texniki əməkdaşlığı da nəzərdə tutur. Və faktiki olaraq, Azərbaycan regionda əsas ölkəyə- Cənubi Qafqazda Rusiyanın müttəfiqinə çevrilir.
Mənə elə gəlir ki, Bakının Moskva və Ankaraya istiqamətlənməsi çox düzgün və iqtisadi baxımdan rasional seçimdir. Bu əməkdaşlıqdan tamamilə hamı faydalanır”, - deyə A.Razuvayev yekunlaşdırıb.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB