26 fevral. Bu tarix heç bir sözün ifadə edə bilmədiyi faciəyə şahidlik edən gündür. Bu tarix bəşəriyyətin zamanın sonunadək ən böyük utanc duyacağı dəhşətlərin, foto və video lentlərini görənlərin baş verdiyinə inanmaq istəmədiyi faciənin tarixin yaddaşına qara hərflərlə yazdığı bir gündür. Bu tarix insanlığın tamamilə öldüyü gündür. Və nəhayət, bu tarix 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan müharibəsi zamanı baş vermiş ən müdhiş, ən faciəvi, tarixdə analoqu olmayan hadisələrdən birinin - ermənilərin Azərbaycanın Qarabağdakı ən qədim insan məskənlərindən olan Xocalıda törətdiyi Əsrin Soyqırımı günüdür.
Bəşər tarixi çox faciələrə, çox soyqırımlara, çox dəhşətlərə şahidlik edib. XX əsrdə isə yəhudi “holokost”u, Xirosima və Naqasaki faciəsi kimi qanlı qətliamlar insanlığın üz qarasına çevrilib. II Dünya Müharibəsi zamanı baş verən böyük faciələr insanlığın bir daha belə hallara şahidlik etməməsi üçün kiyafət qədər böyük nümunələr yaratmışdı.
XX əsrin sonunda isə soyqırımların təkrar olunacağına heç kim inanmazdı. Lakin genetik erməni xəstəliyi tibb elmində və beynəlxalq siyasi sistemdə rəsmən qeydə alınmadığı və tədqiq edilmədiyi üçün daha bir dəhşətli soyqırımın baş tutmaması üçün heç bir maneə yox idi...
Terrorizm və vandalizmin ən böyük nümunəsi
Azərbaycan xalqı son 200 il ərzində onlarla dəfə erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, öz tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və ermənilər tərəfindən kütləvi qırğınlara düçar olub.
1988-ci ildən Qarabağ ətrafında başlayan hadisələr daha yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Nəticədə erməni təcavüzü 1 milyon qaçqın və köçkünü öz doğma torpaqlarından didərgin salıb.
...1992-ci ildə Ermənistan ordusu Xocalı şəhərində tarixdə misli olmayan dəhşətli soyqırım aktı həyata keçirdilər. XX əsrin sonunda baş vermiş bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşirdi. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndidən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş Axısxa türkləri də burada məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər. Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü.
Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edildi. Bəşəriyyətin ən qədim yaşayış məskənlərindən olan Xocalı bir gecənin içərisində yerlə yeksan edildi. Qanlı qırğından sağ qalan əhali dağlara, meşələrə qaçdı. Dinc əhalini təqib edən silahlı erməni terrorçuları onları güllələyir, ələ keçənlərə amansız işgəncələrlə divan tuturdular.
Soyuq, qarlı fevral gecəsində minlərlə dinc sakin girov götürüldü. Erməni terrorçularından yayınıb meşələrə, dağlara qaçan insanların çoxu soyuqdan, şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi.
Soqırım aktı zamanı baş verən əsas hadisələrdən biri də vəhşi erməni terorçularının buradakı qiymətləri tarixi-mədəni və təbiət abidələrini məhv etməsi, bununla da bütün bəşəriyyətə qarşı bağışlanılmaz cinayət törətməsidir. Tarixdə baş vermiş müharibələr zamanı qaliblər işğal etdikləri ərazilərdə heç vaxt mülki əhalini öldürmür, maddi-mədəniyyət abidələrini dağıtmırdılar. Erməni faşistləri isə, həm mülki əhalini- qocaları, körpələri, qadınları vəhşi işgəncələrlə qətlə yetirib, həm də bəşəriyyətin ən qədim abidələrini dağıdıblar.
Tarixin ən böyük vəhşiliyi
Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Rəqəmlər belə prosesin miqyasını və həyata keçirilmə formasını ifadə etmək acizdir. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər həlak olub. Həlak olanların cins və yaş tərkibi adamı dəhşətə gətirir- 63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər şikəst olub, onların 76 nəfəri uşaq idi. 150 nəfər isə itkin düşüb.1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərinə məruz qalıb.
Xocalı soyırımı zamanı şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən öncədən düzəldilmiş pusqularda qətlə yetirilib. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, 4 gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir ediblər. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.
Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Girov götürülmüş Xocalı sakinlərindən bəziləri erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiklərinə görə diri-diri yandırıldı. Xocalı sakinləri deyirdilər ki, onlarla Azərbaycan və Axısxa türkünün erməni qəbirinin üzərində başını kəsiblər. Onlarla azərbaycanlının gözlərini çıxarıblar.
Ermənilər sağ qalmış insanlar üzərində bəşər tarixində misli-bərabəri olamayan vəhşi işgəncələr həyata keçiriblər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar.
Xocalı soyqırımı zamanı həyata keçirilmiş vəhşiliklər haqda Azərbaycan hüquq-mühafizə orqanlarının arxivlərində və mətbuatda yer almış yüzlərlə materal var.
Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələrlə bir sırada dayanır. Lakin soyqırımının dəhşəti təkcə qurbanlarının sayı ilə yox, həm də həyata keçirilmə üsulları ilə ölçülür. Xocalıda baş verənlər ağlasığmaz, inanılmaz və dəhşətlidir. Təbii ki, cinayəti həyata keçirənlər insan olduğu halda…
Niyə Xocalı?
Ermənilərin belə bir dəhşətli soyqırımı həyata keçirmək üçün niyə Xocalı şəhərini hədəfə aldıqlarını necə izah etmək olar? Burada fikrimizcə, 3 əsas səbəb var idi. Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji önəm daşıyan şəhəri aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silərək Azərbaycan xalqının gözünü qorxutmaq idi. Sonuncu səbəb isə, Azərbaycan xalqının çox minillər öncədən burada məskunlaşdıqlarını sübut edən Xocalı mədəniyyətini məhv etmək idi.
Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bəşəriyyətin ən qiymətli irsinə məxsus bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir.
Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə, bəşər sivilizasiyasına qarşı ən böyük cinayətdir.
Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı xüsusi amansızlıqla həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, ingilis, fransız, gürcü, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdi.
Xocalı qaçqınlarının BMT, Aİ və ATƏT-ə müraciətində deyilir: “...Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Ermənistanda mühüm dövlət postları tutan Serj Sarkisyan, Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə- Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”.
Sonda təəssüflə qeyd etməliyik ki, Xocalı soyqırımının müəllifləri hələ də öz layiqli cəzalarını almayıblar. Beynəlxalq aləmdə ikili standartlar hələ də davam edir. 2020-ci ilin payızında ordumuz işğal olunmuş torpaqlarımızı azad edəndə öldürülüən düşmən hərbçilərinin arasında Xocalı soyqırımında iştirak edən terrorçular da var idi. Ermənilərdən fərqli olaraq bizim ordumuz imkanı olduğu halda mülki əhalini öldürmədi. Xocalının qisası mülki insanlardan deyil, silahlı erməni terrorçularından alındı. Gec, ya tez bütün cinayətlər cəzasına çatır. İlahi ədalət budur.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB