Qubernator: Azərbaycan Stavropol məhsullarını idxal edən ölkələrin reytinqində 1-cidir - MÜSAHİBƏ
Azərbaycanın Rusiyanın regionları ilə əməkdaşlığı bu gün iki ölkə arasında ticarət-iqtisadi və sosial-mədəni əlaqələrin prioritet istiqamətlərindən biridir. Rusiyanın regionlarından nümayəndə heyətləri Azərbaycana getdikcə daha fəal səfər edir, onun əməkdaşlıq üçün ən zəngin iqtisadi potensialı ilə tanış olurlar. Rusiyanın bir çox regionlarında bu əlaqələr tarixən inkişaf edib və bu gün onlar yeni qarşılıqlı fəaliyyət sahələri əldə edirlər. Məsələn, Stavropol diyarı ilə. Son illər Azərbaycan Stavropol məhsullarını idxal edən ölkələrin reytinqində 1-ci yerdədir. “Səs” qəzeti xəbər verir ki, bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov “Moskva-Bakı” portalına müsahibəsində danışıb. Müsahibəni oxucularımıza təqdim edirik.
- Vladimir Vladimiroviç, bu gün Stavropol diyarı ilə Azərbaycan Respublikası arasında iqtisadiyyat, mədəniyyət və turizm sahəsində əməkdaşlıq necə inkişaf edir?
- Regionumuzun Azərbaycanla çoxdan iqtisadi, mədəni və sadəcə dostluq əlaqələri var. Bu əlaqələr onilliklərə, əsrlərə dayanır. Təəccüblü deyil. Qonşularımızla birlikdə biz böyük Qafqaz regionunun bir hissəsiyik. Keçmişdə bizi birləşdirən çox şey var. İndi isə biz fəal əməkdaşlıq edirik, gələcəyi yaradırıq.
İndi bizim Azərbaycanla iqtisadi əlaqələrimiz ilk növbədə ticarət əlaqələri üzərində qurulub. 2021-ci ilin 9 ayı ərzində xarici ticarət dövriyyəsi 115 milyon ABŞ dollarından çox olub. Üstəlik, son illərdə Stavropol məhsullarını idxal edən ölkələrin reytinqində 1-ci yerdə olan Azərbaycandır.
Əməkdaşlığın gücləndirilməsi üçün mühüm sahə turizmin inkişafıdır. Azərbaycan vətəndaşlarının bir neçə nəsli üçün Stavropol diyarının Qafqaz mineral suları kurortları məşhur sevimli istirahət məkanıdır. Bu gün bu, Azərbaycan biznesinin gözündə regionun cəlbediciliyində mühüm amildir.
2016-cı ildə Yessentukidə 400 yerlik “İstoçnik” sanatoriyası istifadəyə verilib. Layihə Azərbaycandan olan investorun 1,5 milyard rubl məbləğində şəxsi vəsaiti hesabına həyata keçirilib. Ötən il Jeleznovodskda “İstoçnik” sanatoriyasının tikintisi başa çatdırılıb. İnvestisiyaların həcmi təxminən 2 milyard rubl təşkil edir.
Hava nəqliyyatı turizm sənayesi üçün xüsusi əhəmiyyət kəsb edir. 2021-ci ildə Rusiyanın “Azimut” aviaşirkəti tərəfindən həyata keçirilən Mineralnıye Vodı–Bakı–Mineralnıye Vodı marşrutu üzrə birbaşa reys açılıb.
Stavropol diyarı ilə Azərbaycanın rayonlarını qardaşlıq əlaqələri birləşdirir. Bu günə kimi Nevinnomıssk və Sumqayıt, Yesssentuki və Naftalan, Kislovodsk və Qəbələ qardaşlaşmış şəhərlərə çevriliblər.
Başqa təmas nöqtələri də var, əminəm ki, gələcəkdə onların sayı daha da artacaq. Biz humanitar və iqtisadi sahədə əməkdaşlığı genişləndirməyə şad olarıq, bunun üçün ilkin şərtlər var.

- Pandemiya dövründə Azərbaycanla səhiyyə sahəsində əməkdaşlıq varmı?
- Stavropol, bir çox digər bölgələr kimi, 2020-ci ildə başlayan koronavirus pandemiyasının nəticələrini tam hiss etdi. Xəstəxanaların yükü xeyli artıb və nəticədə tibbi oksigen məsələsi kəskinləşib. Bu gün biz onu istehsal etmək üçün zavod tikirik, lakin biz COVID-19 ilə mübarizədə çox zəruri olan maddə əldə etməyin müxtəlif yollarını axtarırıq. Bu yollardan biri oksigenin xaricdən, o cümlədən Azərbaycandan verilməsi idi.
2021-ci ildə biz azərbaycanlı tərəfdaşlarla 1000 ton tibbi oksigenin tədarükünə dair müqavilə imzalamışıq. Ötən il dekabrın sonunda rayona 110 tonluq ilk partiya daxil olub. Biz bu işi davam etdiririk.
- Stavropol diyarında indi investorların cəlb edilməsi ilə ərazilərin inkişafı fəal şəkildə aparılır. Azərbaycanın hansısa layihəyə sərmayədar kimi cəlb edilməsi planları varmı?
- Bizim Azərbaycanla əməkdaşlığımızın uzun tarixi var. Qarşıda isə əminəm ki, qarşılıqlı əlaqənin yeni üfüqləri var.
Stavropol Rusiyanın çörək səbətidir, lakin biz təkcə xammal istehsalı ilə məşğul olmaq istəmirik. Strateji vəzifə kənd təsərrüfatı məhsullarının dərin emalının inkişaf etdirilməsi, yüksək keyfiyyətli və müasir ərzaq məhsullarının istehsalıdır. Bu sahədə Stavropol diyarı azərbaycanlı investorlara bir sıra layihələr təklif etməyə hazırdır- buğdanın qlüten, lizin və digər komponentlərinin dərindən emal edilməsi. Qarğıdalının dərindən emalı üçün investisiya təşəbbüsləri var.
Turizmin inkişafı perspektivli olaraq qalır. Sanatoriyaların, görməli yerlərin tikintisi- məsələn, əyləncə parkları- bu cür inkişaflar var. Kurort sənayesində investorlarla dialoqu inkişaf etdirməyə hazırıq.
Müsahibə aldı – Tatyana Novikova
Tərcümə etdi – Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB