Azərbaycan cəmiyyətində bu məsələdə yekdil fikir hələ də tam formalaşmadığından tarixə boylanmağa çalışdıq. Gəlin görək tarix, məntiq və düşüncələrimiz nə deyir…
Tarixə qısa ekskurs və ya 14 fevral gününün mahiyyəti
Məlumdur ki, hər il fevral ayı gələndə bir canlanma olur cəmiyyətdə. Kimi 14 fevral deyilən o günə hazırlaşır, kimi də o günə hazırlaşanları təəssüf və qınaq atəşinə tutur.
Fevralın ilk ongünlüyündən başlayaraq hədiyyə mağazalarında nəzərə çarpan canlanma 14 fevraladək davam edir. Daha çox gənclərin qeyd etdiyi 14 fevral tarixi yaşlı nəsili o qədər də maraqlandırmır.
“Valentin günü” dünyanın bir sıra ölkələrində 14 fevralda qeyd edilir. Dünya ölkələrində, bu günün həvəskarlarının bir-biri üçün hədiyyələr aldığı və kütləvi qeyd etdiyi faktları danılmazdır. Valentin gününün atributları da var, bunlar ürək şəkilləri və göyərçin fiqurudur. Bəs indi bir çox müsəlman ölkələrində, türk dünyasında belə qeyd edilən bu xristian gününün əhəmiyyəti nədir?
Katolik xristianların “Müqəddəs Valentin” dedikləri və şəxsiyyəti ilə öyündükləri bu keşiş çox müəmmalı bir kimliyə sahibdir. Əslində 14 Fevralın sevgililər günü kimi qeyd edilməsi onun dövründən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun əsası xristianlığa deyil, qədim Roma ənənələrinə dayanır.
Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün isə xüsusi əhəmiyyət kəsb edirdi. Həmin gün inanclarına görə, Roma “Tanrı” və “Tanrıçaları”nın kraliçası olan Junoya duyulan hörmətdən dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayram xalqın gənc kütləsi üçün böyük “əhəmiyyət” daşıyırdı.
Bu “əhəmiyyət”in səbəbi isə həyatları qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə iyrənc şəkildə əylənmələri idi. Bu “bayram”da hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi.
Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı və onlar bayram boyunca ayrılmırdılar.
Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün minlərlə kişi və qadın Tanrını danaraq əxlaqsızlıqla məşğul olurdu. Yəni, bir sözlə 14 Fevral tarixi kütləvi əxlaqsızlıq günüdür.
Bəs bu Valentin kimdir?
Buradan da belə bir sual meydana çıxır, əgər bu əxlaqsız hərəkətlər Valentindən öncəyə dayanırsa, o zaman Valentin niyə öldürülüb? Yəni, 1500 il əvvəlki əxlaqsızlıqlarla Valentinin nə əlaqəsi olub?
Valentini edam etdirən imperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqlı və namuslu bir imerator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda yer tapmaqdadır.
O zamanlar Valentin Romada rahib idi. Onun ölümü barədə müxtəlif fərziyyələr var. Bunlardan ən geniş yayılmış olanı və həqiqətə dayananı budur ki, həmin keşiş imperatorun qadağan etməsinə baxmayaraq, artıq keçmişdə qalmış o iyrənc adəti bərpa edib gizli şəkildə qızlarla oğlanları qeyri-qanuni olaraq görüşdürməkdə davam edirmiş, yəni əxlaqsızılığı yayırmış. İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda– məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək, təhqiramiz formada öldürtdürür.
Sonralar insanlarda belə bir fikir formalaşdırıblar ki, guya Valentin həbsxana müdirinin qızına aşiq olubmuş, ona görə də edam edilib. Bu arada, katoliklər də iddia edir ki, Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.
Bu ənənə tarixin bütün dövrlərində keçərli sayılıb– hər hansı bir idealogiyanı, adəti, ənənəni ləğv etmək, kökündən qoparmaq üçün onun banisini aradan götürmək lazımdır.
Sözügedən qeyri-əxlaqi davranışı aradan götürmək üçün həmin dövrdə də kütləni yönləndirən şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın, yəni əxlaqsızlıq dayansın. II Kladius da bunu edir, 14 fevral tarixində Valentini təhqiramiz işgəncə ilə öldürtdürür.
Maraqlıdır ki, onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərməsi faktı da var. Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü və yaxud da xristianlığı təbliğ etdiyinə görə edam edildiyi faktlarını şübhə altına alır və onun haqqında söylənən “homoseksualist” ifadəsinin doğruluq dərəcəsini artırır.
Doğrudur, Valentini də Tanrı yaradıb, yəni onun hemoseksual olması öz günahı deyil. Tutaq ki, belədir, tutaq ki, o öz hisslərinə qalib gələ bilmir, bunu anlamaq olar. Amma o yalnız öz tərbiyəsini deyil, cəmiyyətin tərbiyyəsini pozmaqla məşğul olub. Yenə kimsə deyə bilər ki, bundan bizə nə, yəni bizim cəmiyyətə nə? Bax, məsələ də elə burasındadır. Bundan bizə nə? Yəni, bu əxlaqsızlar günündən, bu 14 fevral tarixindən bizə nə?
Valentinin edamından sonra əxlaqsızlıq səngidi, amma tamamilə dayanmadı. Əvvəllər açıq-aşkarda keçirilən bu “bayram” ondan sonra künc-bucaqda gizli şəkildə davam etdirilirdi.
Bu günün “Valentin günü”adı altında açıq-aşkar qeyd edilməsi isə onun ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni, Papa Gelasius tərəfindən 496-cı ildə “Lupercalia” bayramının adı Valentinin şərəfinə dəyişdirilir. Addəyişmənin səbəbinə gəlincə isə, xristian ruhanilər Romadakı bütpərəstlərin “Lupercalia” bayramına xristian gənclərin də qatıldığından və bütpərəst qızlarla əylənmələrindən narahat olduqlarından buna bir çarə axtarırdılar.
Elə bu zaman vaxtilə xristian qəbristanlığında dəfn olunan Valentin yada düşdü və ruhani xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı adı olan bir şənlikdə– “Müqəddəs Valentin günü”ndə əylənmələrini, daha doğrusu ənənəvi kütləvi əxlaqsızlığı davam etdirmələrini təmin etdilər. Bununla da həmin bu “Valentin günü” meydana çıxdı. Bir sözlə, Papa Gelasius əxlaqsızlığı rəsmiləşdirdi.
Yazımın sonuna öz düşüncəmi əlavə etmək istədim. Mənə görə sevginin günün olmur və bu fərdi xarakter daşıyır. Hər cütlük üçün bu xarakterik bir tarixə bağlıdır. Kimi ilk tanış olduğu günü, kimi evləndiyi günü öz sevgililər günü kimi qeyd edir və məncə ən yaxşı variant da budur. Sevginiz əbədi və həmişə ləkəsiz olsun.
Lalə Mehralı
Sağlam Cəmiyyət Hərəkatının sədri
Məqalədə istifadə edilmiş qaynaqlar:
1. “Oxford University Press” qəzeti, 1997-ci il, 14 fevral buraxılışı
2. “Centre Daily Times” qəzeti, 2009-cu il, 14 fevral buraxılışı
3. “New York Times” qəzeti, 1993-cü il, 14 fevral buraxılışı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə