Jurnalistlərin sosial ipoteka alması imkanı nəyi dəyişəcək? - ANALİZ
Azərbaycanda jurnalistlər güzəştli ipoteka əldə edə biləcəklər. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Prezidentin Fərmanında qeyd edilib.
Fərmana görə, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na 3.2.1-ci yarımbəndə aşağıdakı məzmunda 8-ci abzas əlavə edilib.
Yeni əlavəyə görə, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdir.
Bu yeniliyə qədər şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxslər, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər və idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olan şəxslər güzəştli ipotekada yararlanmaq hüququ var idi.
Bundan əlavə həmin maddəyə 3.2.8-ci yarımbənd əlavə edilib:
Bu bənddə də göstərilir ki, ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər də güzəştli ipoteka şərtlərindən yararlana bilər.
Qaydaya əsasən, Fondun Himayəçilik Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.
“Bu gün Prezident İlham Əliyev tərəfindən “Media haqqında” Qanunun təsdiq olunması, eyni zamanda, güzəştli ipotekadan yararlanan şəxslərin siyahısına dəyişiklik edilməsi barədə fərmanın imzalanması islahatların tərkib hissəsidir”. Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Real TV-yə müsahibəsində deyib.
MEDİA rəhbəri bildirib ki, öncədən “Media haqqında” Qanunda göstərilmiş imtiyazlar məhz sosial rifahın gücləndirilməsi ilə bağlı görülən tədbirlər idi: “Fərmana əsasən, artıq jurnalistlər də güzəştli kateqoriyaya daxil edildilər və digər kateqoriyadan olan şəxslərlə bərabərhüquqlu oldular. Güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına dəyişiklik edilməsi ilə bağlı təklif media subyektləri və jurnalistlərin özlərinin təklif və müzakirəsində olan məsələ idi və bu, islahatların tərkib hissəsinə çevrildi”.
Xatırladaq ki, sözgedən fərmana əsasən, gənc ailənin üzvü olan, azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər, eləcə də, gənc ailənin üzvü olmayan ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxslər güzəştli ipoteka krediti ala biləcəklər.
Yeni Media Qanununun və bu Fərmanın jurnalistlər üçün necə böyük sosial imkanlar açdığı artıq real şəkildə məlum oldu. Məlum olduğu kimi, jurnalistlər cəmiyyətin ən aztəminatlı, aşağı gəlirliliyə malik kateqoriyalarından biridir. Jurnalistlərin 99 faizinin hazırkı bazar qiymətləri ilə mənzil almaq və ya ipoteka krediti ilə götürmək imkanları yox idi. Bunu nəzərə alan ölkə Prezidenti jurnalistlər üçün 3 binanın tikintisi ilə bağlı sərəncamlar verib və onlardan 2-si (410 mənzil) jurnalistlərə paylanıb, digər 1 bina isə (255 mənzil) tikilib hazr olub və yaxın vaxtda tələblərə cavab verən media işçilərinə paylanacaq. Lakin ölkədə minlərlə jurnalist olduğunu və bu binalara isə cəmi 665 mənzil olduğunu nəzərə alsaq mənzilə ehtiyacı olan lakin ala bilmədiyindən kirayələrdə ağır şəraitdə yaşayan minlərlə jurnalist üçün bu sevindirici xəbərdir.
Dövlət əlbəttə, bütün jurnalistləri pulsuz mənzillə təmin edə bilməz. Lakin elə bir şərait yarada bilərdi ki, onlar öz imkanları hesabına güzəştli şərtlərlə mənizl ala bilsinlər. İndi bu Fərmanla həmin hüquq jurnalistlərə verildi. Artıq media işçiləri güzəştli sosial ipoteka almaq hüququna malik oldular və öz imkanları hesabına mənzil sahibi ola biləcəklər. Nəticədə bu sahədə çalışanların ən əsas sosial problemindən birinin- həm də ən çətininin dövlət tərəfindən həll edildiyini demək olar.
Qaldı ki, jurnalistlərin rəsmi əmək müqaviləsi əsasında işləməsinə və normal əməkhaqqı alması məsələsinə, bunun bağlı MEDİA tərəfindən işlər həyata keçirilir. Məsələn, MEDİA-dan qrant və yardımlar alan redaksiyalara əməkdaşlara minimum 600 manat maaş ödənilməsi tələbi qoyulub. Bundan başqa işçilərin rəsmi əmək müqaviləsi ilə çalışması da tələb edilir. Bu tələblər jurnalistlərin iş və əmək hüquqlarını qorumaqla yanaşı, onların ən azı orta əməkhaqqı məbləğində maaş almalarını təmin edir. Jurnalistlərin mənzil-məişət qayğılarının azalması onların işinin keyfiyyətinə müsbət təsir göstərəcək və bu da özünü həm media sahəsində inkişafa, həm də cəmiyyətin maarifləndirilməsi və məlumatlandırılması işində peşəkar yanaşmada aydın büruzə verəcək.
Bütün bunlar isə öz növbəsində mediamızın inkişafı, peşəkar işləməsi, bu sahədə qayda-qanun yaradılmasını təmin edir. Ümumiyyətlə, son 1 ildə bu sahədə xeyli işlər görülüb. MEDİA-nın yaradılması, onun jurnalistlər üçün peşə təlimləri təşkil etməsi, müxtəlif layihələr, müsabiqələrlə bu sahədə inkişaf meyillərinin yaradılması, tələblərə cavab verən media subyektlərinin qrantlar və yardımlarla dəstəklənməsi, mediada peşə etikasına və qanunlara riayət edilməsi üçün qoyulan tələblər, yeni Media Qanununun qəbul edilməsi və nəhayət prezident fərmanı ilə jurnalistlərin sosial ipoteka almaq imkanlarının yaradılması- bütün bunlar bu sahədə vəziyyəti kökündən dəyişməyə hesablanmış addımlardır. Hələ proses yeni başlayıb, şübhə yoxdur ki, tezliklə media sahəsində tamamilə yeni vəziyyət yaranacaq.
Bu ildən etibarən Media qanununun tətbiq olunması, bu sahədə islahatların aparılması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi tezliklə öz müsbət nəticələrini verəcək. Yekin nəticədə Azərbaycan mediasının inkişafının, beynəlxalq satandartlara uyğun peşəkar çalışmasının və bu sahədə qayda qanunun bərqərar olmasının, həmçinin jurnalistlərin iş və əmək hüquqlarının təmin edilməsinin bütün cəmiyyətimiz və dövlətimiz üçün faydalı olacağını görmək çətin deyil.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə