General Həzi Aslanovun şücaətləri Rusiyada necə şərəfləndirildi? - REPORTAJ
Mixail Sadovnikov: “2 dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun şücaətləri məktəblərdən birinə onun adının verilməsi prosesinin başlanmasına səbəb oldu”
Moskvadakı azərbaycanlıların milli-mədəni muxtariyyətinin nümayəndələri 2 dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank Qüvvələrinin Qvardiya generalı Həzi Aslanovun anadan olmasının 112-ci ildönümünə həsr olunmuş tədbir keçirib. “Moskva-Bakı” portalı həmin tədbirdən reportaj hazırlayıb. Reportajı oxucularımızın diqqətinə təqdim edirik.

Həzi Aslanovun tank briqadasının döyüşlərinin yenidən qurulmuş salnaməsi vəfat etmiş müharibə qəhrəmanlarına nəzər salmağa imkan verir. Bu gün əfsanəvi Sovet generalının xatirəsi Moskva vilayətindəki Podolsk məktəbinin şagirdləri tərəfindən diqqətlə qorunur. Onlar Moskvanın Azərbaycan diasporu ilə birlikdə məktəb muzeyində 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəhrəmanlıq taleyinə həsr olunmuş geniş ekspozisiyanı təntənəli şəkildə açmışlar.

“Bu, Moskvada keçirdiyimiz 4-cü tədbirdir. Həzi Aslanov görkəmli komandir idi. Bu barədə uzun müddət danışmaq olar. Stalinqrad yaxınlığında şiddətli döyüşlərdə iştirak edib, Belarusun azad edilməsində iştirak edib. Məhz o zaman o, ali baş komandandan 6 dəfə təşəkkür alıb. O, başqa şəhərlərin də azad edilməsində iştirak edib”,- deyə Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Əli Kazımov bizimlə söhbətində bildirib.

Həzi Aslanovun şücaətlərindən, komandirlik istedadından təkcə Azərbaycandan gələnlər danışmayıb. Tverdən Mixail Sadovnikov muzeyin açılışına bir səbəblə gəlmişdi. O, bu yaxınlarda qırıcı pilot Aleksey Maresyevə həsr olunmuş "Əfsanəvi Maresyev" kitabını buraxıb. Həzi Aslanovun şücaətləri müəllifi yeni vətənpərvərlik ideyalarına ruhlandırmışdır.
“Bu komandir haqqında ilk dəfə 3 il əvvəl dostum Əli Kazımovdan öyrəndim. O, mənə dedi ki, o, Azərbaycanın şanlı oğlu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanıdır. Və biz bu əhvalatı daha da geniş öyrənməyə başlayanda məlum oldu ki, 1942-1943-cü ilin ağır illərində Həzi Aslanovun komandirlik etdiyi alay Qərb cəbhəsindən Moskva yaxınlığına köçürülüb və bir müddət orada dayanıblar- Boloqoe yaxınlığında. Həzi Aslanov isə alayın yerləşdiyi qəsəbələrimizin birində zabit klubu tikdirməsi ilə fərqlənirdi. Bütün bunlar və qəhrəman Həzi Aslanovun şücaətləri məktəblərdən birinə onun adının verilməsi prosesinin başlanmasına səbəb oldu. İndi biz bu işi görürük. Kitabımda bizim Sovet xalqının, Rus xalqının çoxmillətliliyi haqqında giriş hissəsi var. Müəlliflərdən biri düzgün yazıb ki, müxtəlif millətlərdən olan əsgərlərimiz eyni Sovet cəsarətinə malik olublar”,- “Yuxarı Volqa bölgəsinin dirçəlişi” adlı Tver regional ictimai təşkilatının qəyyumlar şurasının sədri Mixail Sadovnikov bildirdi.

Tədbirdə məktəblilər iştirak edib, gecənin qonaqlarına qəhrəman tankçı, general-mayor Həzi Aslanov haqqında dərsliklərdən öyrənə biləcəkləri hər şeyi danışıblar. İkinci Dünya Müharibəsi veteranı Mariya Mixaylovna Roxlina onların hekayəsini tamamladı. Onu Həzi Aslanovla Stalinqrad döyüşü birləşdirir.

Aslanovun briqadası Volqoqradda bu gün onun abidəsinin yerləşdiyi məktəbi bərpa edib. Həzi Aslanovun nəsli Bakıda yaşayır, onlar da məktəbdə təşkil olunmuş Moskva-Bakı telekörpüsü vasitəsilə minnətdarlıq sözlərini çatdırıblar. Videobağlantı sayəsində Belarusdakı Azərbaycan diasporunun nümayəndələri və Bakı veteranları da tədbirə qoşulublar. Tədbir beynəlxalq xarakter daşıyırdı.

Tədbirin sonunda muzeyə Böyük Vətən Müharibəsi qəhrəmanları haqqında çoxlu kitablar və materiallar paylanmışdır. İştirakçılar bu günün xatirəsinə xatirə şəkli də çəkdirib, növbəti Qələbə Gününü Həzi Aslanovun vətənində Bakıda birgə qeyd etməyə razılaşıblar.
Tatyana Novikova
Din Bitsoyev
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB