
Xalqla, ictimaiyyətlə dövlət arasında uçurum olduğu təqdirdə dövlətin inkişafı mümkünsüzdür və ona görə də xalqın etimadının qazanılması, bir sözlə, ictimai və dövlət maraqlarının müdafiəsi vacib şərtdir. Bu baxımdan ictimai və dövlət maraqları, onun qorunması, eləcə də müdafiəsi hər bir dövlət üçün prioritet sayılır. Sivil dövlətlərin başlıca məqsədi də məhz cəmiyyətin sabitliyinin, təhlükəsizliyinin, dayanıqlı inkişafının, sülh və əmin-amanlığının qorumasıdır ki, bu özü də ictimai və dövlət maraqlarının qorunması ilə təmin olunur.
Ölkəmizdə sabitliyinin, təhlükəsizliyinin, dayanıqlı inkişafının, sülh və əmin-amanlığın başlıca məqsəd olduğu dəfələrlə öz təsdiqini tapıb. Müstəqilliyinin ilk illərində səriştəsiz hakimiyyətin, yaxud hakimiyyətsizliyin acısını dadan və keşməkeşli günlər yaşayan, həmin dövrdə vətəndaş müharibəsi astanasında olan Azərbaycan Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra yeni keyfiyyət mərhələsinə, çiçəklənmə dövrünə qədəm qoydu, bununla da ictimai və dövlət maraqlarının qorunması ən prioritet məsələyə çevrildi. Təbii ki, Ümummilli Lidrin xalqımız və dövlətimiz üçün hər sahədə misilsiz xidmətləri danılmazdır və bu heç kim üçün də sirr deyil. Məhz Ulu Öndərin ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində atdığı addımlar, təməlini qoyduğu işlər bu gün ölkəmizdə dayanıqlı inkişaf, təhlükəsizliyin təminatı, sabitlik, ümumilikdə, bütün uğurlarımız üçün əsaslı zəmin yaratdı. Sabitliyin, təhlükəsizliyin, dayanıqlı inkişafın, sülh və əmin-amanlığın qorunması istiqamətində Ulu Öndərin irsi bu gün Azərbaycan Respublikasının Przidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və hər bir sahədə əldə etdiyimiz uğurlarımızı, qələbələrimizi də şərtləndirən məhz budur.
Xüsusilə qeyd etmək lazımdır ki, cəmiyyətin, ictimaiyyətin maraqları dövlət tərəfindən müdafiə edildiyi kimi, dövlətin maraqları da ictimaiyyət, cəmiyyət tərəfindən qorunmalıdır. Əlbəttə ki, ictimai və dövlət maraqlarının müdafiəsinə eyni dərəcədə önəm verilməsinin əsl nümunəsi kimi bizim ölkəmiz dünya dövlətləri üçün örnək sayıla bilər. Çünki, ictimai və dövlət maraqlarının müdafiəsinə nəzər salsaq görərik ki, ölkəmizdə xalq, cəmiyyət, vətəndaş tərəfindən bu maraqların müdafiəsi yüksək səviyyədədir. Xalqımızın hər zaman öz dövlətinə inandığının, dövlət maraqlarını qoruduğunun hər an şahidi olmuşuq və 44 günlük Vətən müharibəsi də bunu təsdiq etdi. Təsdiq etdi ki, Azərbaycanda xalq və dövlət arasında yüksək inam və bağlılıq mövcuddur. Ali Baş Komandanımızın, cənab Prezident İlham Əliyevin bir əmri ilə səfərbər olan müzəffər ordumuzun arxasında dövlətimizlə yanaşı xalqımızın da dayandığının bütün dünya şahidi oldu. Şahidi oldu ki, Azərbaycanda xalqla, cəmiyyətlə dövlət arasında qırılmaz tellər, bağlar mövcuddur və bu münasibətləri sarsıtmaq mümkünsüzdür.
"Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub və milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik, edirik və deyə bilərəm ki, buna da müvəffəq olmuşuq”, deyə cənab Prezident İlham Əliyev də çıxışlarının birində bəyan edib. Bu isə o deməkdir ki, ictimai və dövlət maraqlarının müdafiəsi ölkəmizdə ən prioritet məsələlərdəndir və ölkə rəhbərimiz də hər zaman öz siyasətində milli maraqları rəhbər tutur. Uzun illər ərzində, az qala 30 ilə yaxın müddətdə ölkə başçımız müxtəlif platformalarda, beynəlxalq tədbirlərdə keçirdiyi bütün görüşlərdə məhz Azərbaycan xalqının, cəmiyyətimizin, vətəndaşlarımızın maraqlarını müdafiə etdi və istənilən təsirə, təhdidə məhəl qoymadan milli maraqlardan çıxış etdi. Cənab Prezident dəfələrlə ən ali tribunalardan, kürsülərdən bəyan etdi ki, Azərbaycan xalqı işğalla barışmayacaq, diplomatik yolla mümkün olmadığı təqdirdə öz torpaqlarını hərbi yolla da olsa geri qaytaracaq və belə də oldu. Bir il bundan öncə Ali Baş Komandan torpaqlarımızın işğalçılardan təmizlənməsinin, onların ərazilərimizdən qovulmasının zamanı yetişdiyini bəyan etdi və cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan ən qısa zaamanda təmizlədi. Azərbaycan xalqı da ölkə rəhbərinin, öz Prezidentinin bu qərarının arxasında dayandı, onu dəstəklərdi və həmrəylik nümayiş etdirdi ki, bunun bütün dünya dövlətləri şahidi oldu. Əlbəttə ki, ölkəmizə qarşı təzyiqlər etmək istəyənlər də məhz bu birlik, bu həmrəylik qarşısında aciz qaldılar və heç nəyə nail ola bilmədilər. Məhz bu qələbə milli birliyin, həmrəyliyin, Azərbaycan xalqının, bu xalqın Ali Baş Komandanının, Azərbaycan Ordusunun qələbəsi idi və ictimai, eləcə də dövlət maraqlarının müdafiəsi ilə reallaşdı. Bu baxımdan cəsarətlə deyə bilərik ki, ictimai və dövlət maraqları dövlətin bütövlüyü deməkdir və müdafiəsi də ən vacib məsələ, ən vacib şərtdir.
Öz ölkəsinin dünya dövlətləri arasında yüksəlişini, inkişafını, eləcə də gücünün, qüdrətinin, nüfuzunun artmasını görmək istəyən, bunu arzulayan hər bir vətəndaş dövlət maraqlarının müdafiəsində öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Necə ki, dövlət öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyi, ölkədə sabitliyin, əmin-amanlığın qorunmasını, ərazi bütövlüyünün, sərhədlərinin, hər qarış torpağının mühafizəsini, ölkəsinin inkişafını, cəmiyyətin rifah halının daha da yüxşılaşdırılmasını ümdə vəzifə hesab edir, vətəndaş da öz növbəsində dövlət maraqlarını qorumalıdır.
İnam Hacıyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB