Xorvatiyanın sabiq prezidenti: “Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir” - MÜSAHİBƏ
İvo Yosipoviç: “Biz İlham Əliyevin Ermənistanla sülhü möhkəmləndirmək və ümumi dil tapmaq səylərini dəstəkləyirik”
Xorvatiya Respublikasının keçmiş prezidenti (2010-2015), elmlər doktoru, Zaqreb Universitetinin fəxri professoru İvo Yosipoviçin “Caliber” analitik mərkəzinə müsahibəsini oxucularımıza təqdim edirik.
- Xorvatiya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?
- Xorvatiya ilə Azərbaycan arasında siyasi əlaqələr əladır! Son illər Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə prezidentlərimizlə, baş nazirlərimizlə görüşüb. Xorvatiyanın Prezidenti kimi Bakıda Prezident Əliyevlə görüşmək imkanım oldu və o, Xorvatiyaya rəsmi səfər etdi. Bir neçə çoxtərəfli tədbirlərdə də görüşdük.
İqtisadi əməkdaşlığımız da nisbətən yaxşıdır, lakin mədəni və elmi əməkdaşlığımız daha yaxşı ola bilər.
Enerji əməkdaşlığın ən vacib sahəsidir. Həmçinin, bununla yanaşı, əməkdaşlığın çox perspektivli sahələri turizm, kənd təsərrüfatı, tikinti, yüksək texnologiyalar və İKT-dir.
- VIII Bakı Qlobal Forumunda iştirak etmisiniz. Siz bunu necə qiymətləndirirsiniz?
- Bakı Qlobal Forumu bu qəbildən olan ən mötəbər tədbirlərdən biridir. Dünyanın hər yerindən bir çox görkəmli siyasət, iqtisadiyyat, mədəniyyət və elm xadimləri buraya toplaşır və müasir dünyanın ən mühüm problemlərini müzakirə edirlər. Forum ildən-ilə daha da yaxşılaşır. Bundan əlavə, onun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bir çox ölkələrdə tanınmış tərəfdaşları olan, mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq edən dünya miqyasında tanınan təşkilatdır. Forum və Mərkəz bəşəriyyətin qlobal maraqlarına uyğun çalışan və Azərbaycanın nüfuzuna böyük töhfə verən çox mühüm qurumlardır. Təkmilləşdirmək üçün forum hər il müxtəlif ölkələrdən ən uyğun iştirakçıları dəvət etməlidir.

- Azərbaycanda ən çox nəyi bəyəndiniz?
- Mən Azərbaycanda dəfələrlə olmuşam. Avropa Şurasının eksperti kimi ilk səfərim 2000-ci ildə olub. O vaxtdan bəri iqtisadiyyatda, mədəniyyətdə, memarlıqda inanılmaz irəliləyiş var. Memarlıq və mədəniyyətdə yeni, hətta çox müasir tendensiyaların və ənənəvi elementlərin birgə mövcudluğu məni heyrətə gətirir.
- Xorvatiyada azərbaycanlı tələbələr üçün təhsil proqramları varmı?
- Xorvatiyada xarici dillərdə, əsasən də ingilis dilində bir çox universitet proqramları var. Onlar demək olar ki, bütün ölkələrdən olan tələbələr üçün mövcuddur. Tələbə və müəllim mübadiləsi üçün ikitərəfli müqavilələrin olması vacibdir. Bu gün Xorvatiyada Azərbaycandan nə qədər tələbənin olduğunu bilmirəm. Hökumətlər universitetləri birbaşa əlaqələr qurmağa həvəsləndirməlidir. Bundan əlavə, konkret ümumi tədqiqat layihələrinin yaradılması çox yaxşı olardı.
- Bakıda fəaliyyət göstərən Xorvatiya şirkətləri çoxdurmu?
- Çox yox. Ticarət birjamız mülayimdir və üstəlik, balanslaşdırılmış deyil. Bəzi illərdə Azərbaycana olan ixracımız oradan olan idxalımızdan təxminən 10 dəfə az idi. Bizim iri qida istehsal edən şirkətimiz “Podravka” uzun müddətdir ki, Azərbaycanda fəaliyyət göstərir. Azərbaycana hərbi texnika ixrac edən “Geofoto” və “Sestan-Buş” şirkətlərinin də adını çəkə bilərəm.

- Xorvatiya Qarabağ münaqişəsi haqqında nə bilir? Xorvatiya mətbuatında necə təqdim olunur?
- Fikrimcə, siyasi müstəvidə, eləcə də mediada Qarabağ münaqişəsinə realist yanaşma var. Aydın bir anlayış var ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Uzun illər beynəlxalq hüquqa məhəl qoymamasından və Ermənistanın BMT qərarlarına tabe olmaq istəməməsindən sonra hərbi yoldan başqa həll yolu yox idi. Azərbaycanın sözsüz ki, ərazi bütövlüyünü bərpa etmək hüququ var idi. Mənim Ermənistanla daimi və ədalətli sülh üçün dialoqun zəruriliyini vurğulayan Prezident Əliyevi dinləmək imkanım oldu. İki ölkə liderlərinin son görüşləri hadisələrin belə inkişaf edəcəyinə ümid verir.
Təbii ki, Xorvatiya siyasətçiləri və mediası 44 günlük müharibənin gedişatını, xüsusən də, beynəlxalq hüquq nöqteyi-nəzərindən vəziyyəti başa düşərək izlədilər. Müharibə təcrübəmiz var və müharibə zamanı insanların çəkdiyi əzab-əziyyəti özümüzdən bilirik. Biz Prezident İlham Əliyevin Ermənistanla, xüsusən də Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə sülhü möhkəmləndirmək və ümumi dil tapmaq səylərini dəstəkləyirik.
Ümid edirik ki, daha müharibə olmayacaq, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün beynəlxalq hüquq normaları tətbiq olunacaq.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB