Yeni İl gəlir: Otellər doludur, bəs qiymətlər və xidmətlər necədir? - ARAŞDIRMA

Yeni ili bir çoxumuz həm də bayram endirimlərinə və kampaniyalarına görə səbirsizliklə gözləyirik. Çünki bayram ərəfəsində dünya ölkələrində bir çox mağazalar və markalar il boyu yüksək məbləğə satılmış məhsulları 50-70% endirimlə təklif edir. Bunlar geyimdən kosmetikaya, tur-paketlərdən restoran xidmətlərinədək bir çox sahəni əhatə edən aksiyalardır. Bu güzəştlərdən yararlanmaq üçün səyahət edənlər də var, onlayn alış-veriş edənlər də.

Bütün ölkələrdə bayram ərəfəsində otellər bir-biri ilə yarışır, kim daha çox güzəşt tətbiq edəcək deyə, mağazalar yarışa girir, kim daha çox müştəri cəlb edəcək deyə. İstədik bu endirimlərin Azərbaycan versiyası ilə oxucularımızı tanış edək, daha dəqiq desək otellərin Yeni İl üçün endirim paketlərini araşdırdıq. Ölkəmizdə fəaliyyət göstərən bəzi otellərin Yeni İl üçün təyin etdiyi qiymətlər ilə bu yazımızda tanış ola bilərsiniz.

Süit 3 min, villa 4 min civarında

“Quba Palace”da yeni il əyləncələrinə qatılmaq istəsəniz və bu əyləncəni 31 dekabr-2 yanvar aralığında yaşamaq istəsəniz dağ mənzərəli otağa 2 nəfər üçün 1550 AZN, göl mənzərəli otaq üçün isə 1650 AZN ödəməlisiniz. 2 nəfərlik “junior suite” 1750 AZN, “honeymoon suite”- 1850 AZN edəcək. 4 nəfərlik bir ailəsinizsə “family suite” 3250 AZN ödəməlisiniz. “Manna villa” (2 nəfərlik) - 1850 AZN, “Midiya villa” (6 nəfərlik) - 5950 AZN, “Urmiya” villa (8 nəfərlik) - 6950 AZN, “Atropatena” villa (8 nəfərlik) – 6950 AZN edir. Qiymətlərə 31 dekabr günorta yeməyi və “Xüsusi Şam yeməyi”, 1 yanvar tarixində səhər yeməyi və şam yeməyi, 2 yanvar tarixində səhər yeməyi daxildir. Oteldən bildirdilər ki, bayram günlərindəki sıxlıqdan asılı olaraq son otaqlar üçün otaq qiymətini dəyişmək hüququna malikdirlər. Yəni axırıncı otaqları istədikləri qiymətə təklif edə bilərlər.

3 gecəyə 8 min manat

“Chenot Palace Health Wellness Hotel”in fantastik qiymətləri barədə də yəqin ki məlumatlısınız. Otel Qəbələdə Nohur gölü ətrafında yerləşir. 29 dekabr-1 yanvar tarixlərində bu oteldə qalmaq istəyənlər 3 gecə üçün 2 nəfərlik otağa 8 001 manat ödəməli olacaq.

1300 manata 3 günlük qonaq

“Shamakhi Palace Sharadil Hotel”in təklif etdiyi Yeni il paketi 2 nəfərlik təyin edilib. 31-2 tarixlərində bu oteldə qalmaq istəyənlər üçün təklif edilən qiymətlər: “Garden view” - 1280 AZN, “Pool view” - 1360 AZN. Qiymətlərə gün ərzində 3 dəfə qidalanma, gündəlik əyləncə proqramları və Spa xidmətləri daxildir.

Şahdağın “Park Chalet” hotelindən 31 Dekabr - 3 Yanvar ərəfəsi üçün təqdim edilən 3 gecəlik qiymət 1 nəfər üçün 1250 AZN-dir. Bu təklif yalnız 3 gecəlik rezervasiyaya şamil olunur. Qiymət iki nəfərlik otaqda bir nəfərin yerləşməsi üçün hesablanıb. Rezervasiya ləğv edilsə, ödəniş geri qaytarılmır. Qiymətə yalnız səhər yeməyi və GALA gecəsi daxildir.

Şabrandakı “Qalaaltı Hotel 5*”da eyni tarixdə qalmaq istəsəniz ikinəfərlik otaqda bir nəfər üçün bizə təqdim edilən qiymətləri nəzərdən keçirin: “Treehouse” binası- 525 AZN, əsas bina- 575 AZN. Bu qiymətə 3 dəfə qidalanma, Yeni il şam yeməyi, fitnes və spa xidmətləri daxildir.

150-250 manat arası da təkliflər var idi, amma...

“Rıver Inn Resort & Spa Hotel”in Yeni il təklifi 3 gün 2 gecəlikdir. 31 dekabr üçün qonaqlara nahar yeməyi, Qala gecəsi, şam yeməyi, şou proqram təklif edilir. 1 yanvar tarixində 3 dəfə qidalanma, gecə əyləncə proqramının davamı, 2 yanvarda yalnız səhər yeməyi vəd edilir. Bütün yerlər tutulub.

“Qafqaz Tufandag Mountain Resort Hotel” Böyük Qafqaz dağlarının qoynunda, Tufandağ Qış-Yay turizm kompleksinin mərkəzində yerləşən oteldir. Oteldə 2 nəfərlik Yeni il qiymətləri 29-30 dekabr üçün 245 AZN tələb edilir. Oteldən bildirirlər ki 31 dekabrdan 5 yanvara qədər təklif edilən bütün yerlər dolub.

“Ağsaray Deluxe Hotel & Spa 5* 30 dekabr - 1 yanvar tarixlərində 1 gecə 2 gün üçün 1 nəfərə 150 AZN tələb edir. Qiymətə səhər yeməyi, Qala şam yeməyi, spa xidmətləri daxildir. Bütün yerlər tutulub.

Turizm Agentliyi: Biz qiymətlərə baxmırıq

Baha qiymətlərə baxmayaraq müştərilərə güzəştlər yoxdur. Əgər hər hansı bir üzrlü səbəbdən rezervasiyanı ləğv etmək niyyətinə düşsəniz pulunuz geri qaytarılmayacaq. Bu tələb demək olar ki, bütün ötellərin şərtlərində irəli sürülüb.

Məlum olduğu kimi otellərdəki qiymətlər tamamilə fərqli olmaqla yanaşı qiymətə daxil olan xidmətlərdə də fərqlər mövcuddur. Bəzən eyni şəraitə malik, eyni xidmətlər tətklif edən otellər arasında qiymət fərqi çox yüksəkdir.

Dövlət Turizm Agentliyindən isə bildirilir ki, Agentlik qiymətlərin formalaşdırılması prosesində iştirak etmir: “Bazar iqtisadiyyatında qiymətlər özəl şirkətlər tərəfindən müəyyənləşdirilir. Biz dövlət orqanı olaraq buna müdaxilə etmirik. Əlbəttə, tövsiyələrimiz var ki, qiymətlər daha münasib olmalıdır, bütün büdcələrə uyğun olmalıdır. Hamı istər ki, qiymətlər daha əlverişli olsun. Ancaq buna inzibati qaydada müdaxilə edə bilmərik. Bizim əsas vəzifəmiz sağlam rəqabət mühiti yaratmaqdır”.

Turizm iqtisadi inkişafa təkan verən sahələrdəndir

Beləliklə, dövlətin turizm siyasətinə və turizmə dəstəyinə baxmayaraq bəziləri yalnız qısa vaxtda çoxlu gəlir əldə etmək naminə ölkə turizmini xarici turistlər üçün sərfəsiz göstərir. Bəzi otellərin “sağlam rəqabət” anlayışı yerlər boş olduğu halda dolu olduğunu iddia edib süni bahalıq yaratmaqdan ibarətdir. Halbuki, otel və istirahət mərkəzləri fürsətkarlıq etmək əvəzinə strateji siyasət yürütsələr daimi turist axını əldə edə bilərlər. Nəticədə həm ölkəmiz turizmdən qazanar, həm də turizm müəssisələri özləri. İndiki qiymətlərlə isə, onlar turistlər qonşu ölkələrə yönəldirlər.

Azәrbaycanda turizm sektorundan әldә edilәn gәliri bir neçә dәfә artırmaq üçün potensial var. Bunun üçün xidmәtin sәviyyәsini yüksәltmәklә yanaşı, hәm dә qiymәtlәri әhalinin orta tәbәqәsinin gəlirinə uyğunlaşdırmaq lazımdır. Dövlət turizm sektorunun inkişafı üçün mümkün olan hər şeyi edir. Bu siyasətə özəl sektor da dəstək verməlidir- keyfiyyətli xidmət və normal qiymətlə.

Turizm inkişaf etdikdə, bütövlükdə xidmət sektoru inkişaf edəcək. Bu sahə bəzi inkişaf etmiş ölkələrin ÜDM-in yarısına qədər qalxır. Hesablamalara görə, turizm sektoru 60-dan çox iqtisadiyyat sahəsinin inkişafına müsbət təsir edir. Ölkəyə gələn turistlərdən həm aqrar sektor, həm yüngül sənaye, həm xidmət sektoru, həm maliyyə-bank-sığorta sistemi, həm nəqliyyat, həm rabitə, həm səhiyyə sektoru qazanır.

Unutmaq lazım deyil ki, turizmә tәkcә maddi gәlir qaynağı kimi baxmaq düzgün deyil. Söhbәt hәm dә ölkәmizin tanınmasından, haqq sәsimizin beynәlxalq alәmә çatdırılmasından gedir. Müxtәlif ölkәlәrdәn gәlәn qonaqların ölkәmizin tәbiәti, xalqımızın mәdәdiyyәti, dövlәtimizin inkişafı haqda dolğun mәlumat әldә etmәsi Azәrbaycanın dünyada nüfuzunun artması üçün әsas rollardan birini oynaya bilәr.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə