Qərar çap mediasına, nəşriyyat sənayesinə öz töhfəsini göstərəcək - BAŞ REDAKTOR MÖVQE BİLDİRDİ

"Milli Məclis kitab və kağızın ƏDV-dən azad edilməsi qərarını təsdiqləyib. Burada həm istehsal, idxal olunan kağızdan, həm də bütövlükdə ölkəyə gətirilən hazır çap məhsullarından ƏDV-nin qaldırılmasından söhbət gedir. Təbii ki, bu müsbət hadisədir". Bunu SİA-ya açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "Bu kağızın qiymətinə təsir göstərəcəksə, nəşriyyat və poliqrafiya işi ilə məşğul olan insanlar əlavə qazanc məqsədilə bundan sui-istifadə etməyəcəksə və məhz dövlətin poliqrafiya, kitab və qəzet çapının, medianın inkişafına atılmış humanist addımını, güzəştini özlərinin biznes maraqları üçün istifadə etməyəcəklərsə, bu qərar bütövlükdə təsirli qərar olacaq. Kitab çapı, nəşriyyat, poliqrafiya işi üçün olduqca müsbət və çoxdan gözlədiyimiz addımdır. Ən əsas cəhət ondan ibarətdir ki, bu komples şəkildə nəzərdə tutulub. Yəni təkcə, çap məhsulları üzərindən ƏDV-nin qaldırılması nəzərdə tutulmayıb. Bu aspektdən əgər prosesə ciddi nəzarət olacaqsa, təbii ki, bu qərar çap mediasına, nəşriyyat sənayesinə öz töhfəsini göstərəcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə