Mediamızın əsas problemlərindən: Jurnalistikada ixtisas vacibdirmi? – ANALİZ

Bu istiqamətdə uzun illər geniş müzakirələr getdi, hər iki tərəf öz arqumentlərini ortaya qoydu, lakin yekun rəyə gəlmək mümkün olmadı. Sadəcə, bazarın tələbi ilə mediada, jurnalistikada işə qəbul zamanı ixtisas əsas tələb kimi qoyulmur, bacarığı, savadı, dünyagörüşü olanlar bu sahəyə gəlir və onların içindən peşəkar jurnalistlər də yetişir. Bu, bütün dünyada belədir.

Bizdə də bu tendensiya getdi. Minlərlə jurnalistika təhsili olan şəxslər isə peşəkar mediada baş çıxara bilmədi və başqa sahələrə üz tutdu. Onların yerini ixtisas təhsili olmayan, amma intellekt, dünyagörüş və bacarıqla peşəkarlıq səviyyəsinə yüksələnlər tutdu.

Əlbəttə, məsələyə birtərəfli baxış diletant yanaşma olardı. Jurnalistika spesifik peşədir, sənətdir. Başqa sahələrdən fərqli olaraq bu sahə konkret bir humanitar və ya texniki elmə söykənmir. Yəni, həkim üçün kimya biologiya təhsili mütləqdir, mühəndis üçün texniki elmlər, inşaatçı üçün həndəsə, riyaziyyat və s.
Jurnalistikada belə elmlərin hər hansı biri xüsusi əhəmiyyət kəsb etmir. Bu spesifik sahədir, ictimai, siyasi, sosial, tarixi, mədəni, texniki... biliklərin hamısı lazım ola bilər, amma hər hansını bilməmək o demək deyil ki, jurnalist ola bilməzsən. Jurnalistikanın da sahələri var- misal üçün iqtisad təhsili olan bir şəxs əgər dili normal bilirsə, ifadə qabiliyyəti, araşdırma istedadı varsa, bəzi qaydaları öyrənməklə bu sahədə peşəkar jurnalist ola bilər. Bunun ölkəmizdə və dünyada hədsiz çox nümunələri var. Hətta dünyanın və ölkəmizin 100 ən güclü jurnalistini götürsək, onların böyük əksəriyyətinin jurnalist ixtisası olmadığını görərik.

Təbii ki, jurnalistika təhsili vacibdir, lazımdır, bunu inkar etmək olmaz. Lakin təkcə bu nəzəri təhsillə peşəkarlıq əmələ gəlmir. Çox sayda başqa şərtlər lazımdır. Araşdırma qabiliyyəti, analitik təfəkkür, xəbər duyumu, universal intellekt və geniş dünyagörüşü, hər hansı bir hadisəni lakonik, çatımlı dildə izah etmək bacarığı və s. TV və radio jurnaistlərində isə bunlardan əlavə diksiya, intonasiya, ifadə təmizliyi, səs tembri, rəvan və xoşəgələn danışıq tərzi və s. də lazımdır. Göründüyü kimi, bunlar təhsillə əmələ gəlmir.

Təbii ki, bir nəfərdə həm jurnalist ixtisası, həm də sadalanan xüsusiyyətlər varsa, o peşəkar jurnalist olacaq. Əgər biri var, o biri yoxdursa, çətin olsun. Eləcə də, bir şəxsdə qeyd olunan xüsusyyətlər və ən əsası işə can yandırma varsa, o jurnalist ixtisası olmadan da yaxşı jurnalist olacaq, necə ki, buna minlərlə misal var. O həmin fakültədə keçilən dərslikləri oxuya bilər, mütamadi təkmilləşmə kurslarında itirak edib müəllimlərdən, ekspertlərdən öyrənə bilər, üstəgəl praktikada peşəkar jurnalistlər ona bunları da öyrənməkdə kömək edə bilər. Lakin jurnalst təhsili varsa, amma dediyim xüsusiyyətlər, qabiliyyətlər yoxdursa, ona heç kim kömək edə bilməz və o diplomun adi kağız parçasından fərqi ola bilməz.

Jurnalistika həm də fanatizmdir, burada ürək də lazımdır, işə sevgi də lazımdır, tükənməz enerji də lazımdır, vicdan da, başqa insani qabiliyyətlər də. Hər adam jurnalist ola bilməz, hər nə qədər təhsil alırsa alsın. Üstəlik, burada əməkhaqqı da azdır və jurnalistlər əhalinin aztəminatlı təbəqəsinə aiddir. Ona görə də, burada fanatlar qalır, pul dalınca qaçanlar isə başqa sahələrə gedirlər.

Görünür ki, bu məntiqə, reallığa əsaslanan arqumentlərlə, göstərilən nümunələr, müqayisələrlə bu məsələyə nöqtə qoymaq olar. Konkret və qısa belə yanaşmaq olar- Jurnalist ixtisası olsa yaxşıdır, bir şərtlə ki, qeyd olunan xüsusiyyət və qabiliyyətlərin hamısı olsun, bunlar olmadıqda təhsil heç nəyə yaramır. Lakin ixtisas təhsili yoxdursa, amma bütün sadalanan xüsusiyyət və qabiliyyətlər varsa, jurnalistika fakültəsində keçilənləri alternativ yollarla öyrənib peşəkar jurnalist olmaq olar. Beləliklə, ən yaxşı jurnalist təbii ki, həm ixtisası, həm də sadalanan qabiliyyətlərə sahib olanlar ola bilər. Lakin o qabiliyyətlər yoxdursa, ixtisas boş şeydir. Təəssüf ki, ixtisası olanların çox az hissəsi o qabiliyyətlərə malikdirlər, ixtisası olmayanlar arasından isə həddən çox peşəkar jurnalist çıxıb o qabiliyyətlərin sayəsində.

Mətbuatın indiki vəziyyətinə ixtisassız jurnalistlər səbəb olub fikirləri də məntiqsizdir. Çünki biz mətbuat dedikdə küçə saytlarını, sosial şəbəkə və bloqlarda ağzına gələni yazanları, ya da jurnalist adı ilə reketçilik, dilənçilik edən dələduzları nəzərdə tutmuruq. Onların ixtisası oldu ya olmadı fərqi yoxdur, onlar jurnalist deyillər. Belələrinin “jurnalist” adlandırılması jurnalistlərə təhqirdir.

Ciddi mətbuatda isə, nisbi götürdükdə ixtisası olmayanlar mətbuatın inkişafına daha çox töhfə veriblər. Mətbuat tariximizdə də belə olub. Mətbuatımızdskı problemlərin səbəbləri başqadır, burda bu faktorun ciddi rolu yoxdur. Bu səbəblər tamam başqa mövzudur, bununla bağlı dəfələrlə yazmışıq.

Bu sahədəki mövcud problemləri həll etmək üçün MEDİA bütün mümkün tədbirləri görür. Artıq müəyyən nailiyyətlər, müsbət dəyişikliklər də müşahidə olunur. Tezliklə daha böyük dəyişikliklərin olacağı şübhəsizdir. Artıq cəmiyyətin mediaya inamının bərpa edilməsi, jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması, qəzetlərin, xəbər saytlarının forma və dizaynından tutmuş məzmun keyfiyyətinədək dünya standartlarına yüksəldilməsi üçün MEDİA tərəfindən edilən yardımlar və qoyulan tələblər, bu sahənin inkişafına optimist baxmaq üçün əsaslar verir. Zaman keçdikcə, cəmiyyət həqiqi media ilə, bazar mediasının fərqini daha yaxşı anlayacaq, informasiya kirliliyi aradan qalxacaq, bu sahədəki özbaşınalıq aradan qalxacaq.

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən təşkil edilən yazı müsabiqələrində şəffaflığın, ədalətin təmin olunması, peşəkar jurnalistlərlə digərlərinin fərqini oryaya qoyur. Daha savadlı, daha peşəkar jurnalistlər mükafatlar qazanır, sosial vəziyyətini yaxşılaşdırır və bu onları daha yaxşı işləməyə stimullaşdırır. Jurnalistikadakı təsadüfi şəxslər isə ələnmə prosesindən keçə bilməyərək, başqa sahələrə üz tutmağa başlayacaqlar. Eləcə də, mətbaut vasitələrinə edilən yardımlar, maliyyələşdirilən layihələr qəzetlərin, xəbər saytlarının fərqini, peşəkarlıq səviyyəsini ortaya qoyur. Çünki həm cəmiyyət, həm də MEDİA-nın özü milli maraqlara, dövlət mənafelərinə uyğun maliyyələşdirilən sosial, mədəni, elmi, ictimai və s mövzularda gedən yazıların səviyyə fərqini görür. Beləliklə, daha peşəkar, daha savadlı yazılarla çıxış edən media vasitələri maliyyələşdiriləcək və tədricən zamanın tələbləri ilə ayaqlaşmayanlar sıradan çıxacaq. Sonra ortalıqda indikindən daha az sayda, lakin daha peşəkar, dünya informasiya məkanına çıxa bilən daha güclü media orqanları qalacaq. Hazırda MEDİA belə media vasitələrinin güclü və müasir tələblərə cavab verən maddi-texniki bazasının, həmçinin peşəkar kadr heyətinin formalaşması üçün bütün mümkün tədbirləri görür.

İndi qalır mediaya cəmiyyətin azalmış inamını artrmaq. Cəmiyyətə həqiqi medianın nə olduğunu, hansılar olduğunu, informasiya mənbələrinin etibarlılığını, ciddiyilini ayırd edə bilmə formalarını təbliğ etməyə ehtiyac var. Yoxsa, bir çoxları “filan saytda belə yazılmışdı”, “filan səhifədə elə deyilmişdi” deyərək bunları media hesab edir və sonra da media gözdən düşür. İnsanlara media ilə bunların fərqini izah etməyə ehtiyac var. Hamı anlamalıdır ki, hər kəs xəbər yaya bilər, sosial mediada fikirlərini yaza bilər, kimsə “beş-on manat” xərcləyib özünə bir sayt açıb ağlına gələni yaza bilər, amma bu jurnalistika deyil, bu media deyil, bu ciddi və etibarlı mənbə deyil, sadəcə keçmişdəki ara qeybətlərinin, şər, böhtan, qarayaxma üsullarının müasir texnologiya platformasına keçməsi və internetə üzərindən davamıdır.

Demək əsas mövzumuza qayıtsaq, yekun olaraq demək olar ki, məsələ heç də peşəkar mediada jurnalistika ixtisasının tələb edilməsində deyil, məsələ peşəkar medianın, bulvar mətbuatından fərqini izah etmək və təbliğ etməkdir. Bundan sonra cəmiyyət medianın nə olduğunu daha aydın başa düşəcək. Və heç kim naməlum mənbələrin müxtəlif küçə saytlarında, sosial şəbəkə səhifələrində yaydığı cəfəngiyyatı ciddi qəbul etməyəcək və tələyə düşməyəcək. Beləcə də, özünü media kimi qələbə verib, ölkəmizə qarşı informasiya müharibəsi aparanlar, şantaj, böhtan, dələduzluqla məşğul olan bu tip infromasiya vasitələri sradan çıxacaq. Və ortada əsil peşəkar media qalmış olacaq. Bu mərhələni inkişaf etmiş ölkələr keçiblər, çünki orada əksəriyyət təhsilli və dünyagörüşlü olduğundan o cəmiyyətləri saxta xəbərlərlə aldatmaq mümkün olmur. Bizdə də, medianın dünya standartları səviyyəsinə yüksəlməsi üçün həm də cəmiyyətin maariflənməsi, savadlanması vacib faktorlardan biri kimi qalır. Bu faktı inkar edə bilməyəcəyik- cəmiyyət necədirsə, mediası da elədir. Demək, cəmiyyətimuiz və mediamız paralel inkişaf etməlidir. Əminəm ki, belə də olacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...