Belarusda işçilər “yoxa çıxır”...

İşçi sayı bir ayda 8800 nəfər azalıb...

...Belarus iqtisadiyyatında işləyənlərin sayı bir ayda 8800 nəfər azalıb.

SİA Belarus saytlarına istinadən xəbər verir ki, bu, Milli Statistika Komitəsinin (Belstat) məlumatlarına görədir.

Aprel ayında ölkə iqtisadiyyatında 4.172.100 nəfər işlə təmin olunub ki, bu da əvvəlki aya nisbətən azalmadır.

Lakin ötən ilin aprel ayı ilə müqayisədə işçilərin sayı faktiki olaraq 36.300 nəfər artıb.

Bu arada, 26 may tarixinə olan məlumata görə, Belarusda işçi qüvvəsinə tələbat yüksək olaraq qalır: təxminən 137.200 işəgötürən milli məşğulluq bankında iş elanı yerləşdirib.

Qeyd etmək lazımdır ki, Belarusda işsizlik müavinəti ayda 40 Belarus rublu (20 ABŞ dolları) təşkil edir.

Bu məbləğ Nazirlər Şurasının 1064 nömrəli qərarı ilə müəyyən edilib.

Bundan əlavə, Belarusda ildə 183 gündən çox işsiz qalan əmək qabiliyyətli vətəndaşlar “parazit” hesab olunurlar.

Onlar mənzil və kommunal xidmətlər üçün tam ödənişlər edirlər və ödənişdən yayınmaya görə cərimələr tətbiq olunur.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə