Zəngəzur dəhlizi - regional inteqrasiyada ən böyük addım - ŞƏRH

SSRİ-nin süqutundan sonra müstəqilliyini elan etmiş 15 respublikadan biri də Azərbaycan oldu. “Qardaş respublikalar”dan ən çətin azadlıq yolu keçən də Azərbaycandır. Erməni separatçılarının mərkəzi hökumətin–Moskvanın loyallığı, Sovet idarəçiliyində özünə kök salmış şovonostlərin, xristian millətçilərinin, o cümlədən xarici ölkələrdə oturuşmuş erməni lobbisinin maddi və mənəvi dəstəyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda baş qaldırması müstəqillik, suverenlik prinsipləri ilə ziddiyyət təşkil edirdi. Baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanı sovet sərhədləri çərçivəsində üzvlüyə qəbul etmişdi, hadisələrin sonrakı gedişində isə bu kriteriya çox vaxt subyektiv olaraq nəzərə alınmırdı, dolayısı ilə erməni işğalına, yumşaq desək, göz yumulurdu.

Düz 30 il BMT-nin də xeyir-duası ilə yaradılmış ATƏT-in Minsk Qrupu da öz işinin öhdəsindən gələ bilmədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə baxmayaraq Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarından nəinki çıxmadı, əksinə işğalçılıq siyasətini bir az da genişləndirdi. Keçmiş muxtar vilayətin inzibati ərazisi və ətraf 7 rayon erməni silahlıları tərəfindən işğal edildi, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz isti ocağından didərgin düşdü, öz vətənində məcburi köçkünə çevrildi. Beləliklə, növbəti beynəlxalq təşkilat Azərbaycanla “tanış oldu” – BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı. Amma bu təşkilatın da ya diş çıxarmadığı, ya da dişlərini tökdüyü-qocaldığı bəlli oldu. Çünki qaçqınların problemlərini həll etməli olan bu qurum yalnız illik hesabat hazırlamaqla işini bitmiş hesab etdi.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil oldu. Bu qurum da Azərbaycanın ən əsas problemi – Dağlıq Qarabağ münaqişəsini həll edə bilmədi. Halbuki, yuxarıda qeyd etdiyimiz kimi, hələ sovet hakimiyyəti illərində Moskvada oturan erməni-rus şovonistlərinin təhriki ilə başlayan erməni separatizminə məhz bu təşkilat vasitəsilə də son qoyula bilərdi. Amma bu addım atılmadı, ya da atmaq istəmədilər. Əvəzində müxtəlif məzmunlu görüşlərin keçirilməsinə üstünlük verildi. Əsasən də 1994-cü ildə imzalanmış atəşkəsin qorunması üçün tərəflərlə saysız-hesabsız görüşlər keçirildi. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini özünün prioritet vəzifəsi hesab edən ATƏT-in Minsk qrupunun təşkilatçılığı ilə çeşidli görüşlər baş tutdu. Amma 25 illik “aktiv fəaliyyət” bu qurumun fərsizliyini ortaya qoydu. O da məlum oldu ki, Minsk qupu əslində Dağlıq Qarabağın və ətraf 7 rayonun Azərbaycandan qoparılması üçün Ermənistanın daim yanında olub. Minsk qrupunun həmsədr ölkələrinin – ABŞ, Fransa və Rusiyanın da altında imzası olan BMT-nin qəbul etdiyi 4 qətnaməsini icrasını təmin etməyə borclu olan beynəlxalq təşkilatlar uzun illər erməni sepatçılarının dirçəlməsini təmin ediblər.

Regiona səfərləri çərçivəsində separatçıların rəhbəri ilə həmsədrlərin görüşməsi, müzakirələr aparması isə heç nir çərçivəyə sığmır. Əslində separatçları, terrorşuları tanımaq, onlarla hesablaşmaq anlamına gəlir. Həmsədr ölkələr də daxil dünyanın heç bir ölkəsi nə İŞİD-i, nə Əl-Qaidəni, nə Boko Haramı qeyri-terror təşkilatı kimi tanımır və onlarla əlaqə qurmur. Əslində həmin terror təşkilatları həmsədrlərin Qarabağda ayda iki-üç dəfə görüşdükləri separatçılardan heç nə ilə fərqlənmirlər. Bəs onda həmsədrlərin işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanı tərəzinin eyni gözünə qoymasını, separatçılarla aparılan “məşvərət-müzakirələri”necə başa düşək? Bu, separatçılığa, terrora dəstək deyil, bəs nədir?

Bütün bunlara baxmayaraq müstəqillik yolunda inamla irəliləyən Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı dövlət siyasətinin prioritetinə çevirdi. Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatlarla əməkdaşlığı genişləndirərək həmin qurumların üzvü oldu. Ölkəmiz, həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirdi.

Azərbaycan həm də GUAM-ın təsisçilərindən biridir. Dövlətimiz bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə öz milli maraqlarını gerçəkləşdirir. Düşünülmüş siyasi kursun nəticəsidir ki, hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.

Azərbaycan eyni zamanda, Qərb və Şərq, habelə, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoyub. Beynəlxalq aləmdə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi məntiqli diplomatik fəaliyyətin nəticəsi olduğu hər kəsə bəllidir. Azərbaycanın müstəqil xarici siyasət kursunun müəyyən edilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və nüfuzlu qurumların üzvü olmaq zəruri məsələlərdəndir. Artıq respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilib. Bütün bunlar Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində öz həllini yüksək səviyyədə tapıb.

Hazırda Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Hələ 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyev vəd etmişdi ki, əgər xalq ona etimad göstərərsə, ulu öndər Heydər Əliyev siyasətini davam etdirəcək.

Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasına daxil olan məsələlər həll edilir. Ən böyük problemlərdən biri – Qarabağın erməni silahlı qüvvələrindən azad edilməsi reallığa çevrilib. Ali Baş Komandan, Prezidenr İlham Əliyevin sərkərdəliyi altında Müzəffər Ordumuz 44 günlük Vətən Müharibənin yekunu olaraq Azərbaycanın ayrılmaz dilbər guşəsində - Qarabağda üçrəngli bayrağımız dalğalanır.

Azərbaycanın iqtisadi uğurları onun qələbəsini təmin etdi. Bu gün ölkədə yaradılmız şəffaf mühit beynəlxalq biznes qurumlarının, transmilli şirkətlərun ölkəmizə marağını artırıb, investisiya axınını təmin edib.

Azərbaycanın Avropa Birliyi sisteminə (AB) siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiyası daim gündəmdədir. Burada məqsəd xalqın rifahının təhlükəsiz təmin etmə, xarici kapital və investisiyaların, həmçinin yeni texnologiyaların ölkə iqtisadiyyatına daxil olmasıdır. Həmçinin, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı ilə səmərəli əməkdaşlığı genişləndirmək də prioritetlərdəndir.

Bu gün Azərbaycan işğaldan azad edilmiş müqəddəs torpaqlarımızda quruculuq işlərinə başlayıb. Qısa müddət ərzində Böyük Qayıdış başlanacaq. Həmin ərazilərdə yeni infrastruktur layihələri həyata keçirilir. Bu layihələr eyni zamanda region ölkələrinə daha sız inteqrasiyanı təmin edəcək. Bir faktı qeyd edək, təkcə Zəngəzur dəhlizi 6 ölkənin - Türkiyə, Gürcüstan, Azərbaycan, İran, Ermənistan və Rusiyanın nəqliyyat zəncirini bir-birinə daha sıx bağlayacaq.

V.VƏLİYEV

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...