Qarabağın qurtuluşunda ən böyük amil – milli birlik və vətənpərvərlik

Qarabağın azad olunmasını düz 30 il gözlədik. Əlbəttə bu zaman, tarix etibarilə kiçik rəqəm deyil. Bəzən Azərbaycan cəmiyyətində də Qarabağın azad edilməsi prosesinin çox uzandığı barədə narahatlıq, üzüntü hiss olunurdu. Amma dövlət quruculuğunda bilavasitə iştirak edənlər, iqtisadi inkişafımızın daha da sürətlənməsini təmin edənlər, hərbi sahədə, ordu quruculuğunda çalışan fədakar insanlar fərqli düşünür, o günün çox da uzaqda olmadığını hər gün, hər saat qətiləşdirirdilər. Azərbaycan AZADLIQ gününə hazırlaşırdı, Qarabağın azadlığına…

Hərbi texnikanı, müasir silahları, yerdə gəzən, göydə uçan, suda üzən müasir döyüş vasitələrini hər kəs ala bilər. Həmin texnikanı idarə edən də tapılar. Amma düşməni öldürmək, işğal etdiyi torpaqlardan birdəfəlik qovmaq, başını əzmək üçün isə bu texnikalar yetərli deyil. Ona hər kəsdə olmayan, hər millətin, xalqın həsrətində olduğu ruh, ürək və ikisinin cəmi olan vətənpərvərlik lazımdır.

44 günlük müharibədə Azərbaycana qələbə gətirən qəhrəmanların orta yaşını hesablasaq aşağı-yuxarı 30 yaş edər. Bu da 1991-ci ilə düşür. Həmin dövrdə nə vaş verirdi? Ölkədə xaos, hərc-mərclik, müharibə, ermənilərin artan işğalı cəmiyyətin bütün təbəqəsindən olan insanlarda ruh düşkünlüyü yaratmışdı, sabaha olan ümidlər puç olmuşdu. Qarabağda müharibə getsə də Bakıda vəziyyət başqa cür idi. Əsas mövzu hakimiyyət, kürsü davası idi. Dövlət strukturlarında baş verən erroziya insanların əhvalına da mənfi təsir etmişdi. Cəbhədən gələn xəyanət xəbərləri də döyüşə atılmaq istəyən vətənpərvər insanlarda çaşqınlıq yaradırdı, addımlarını yayılan xəbərlərə uyğun atmağı lazım bilirdilər. Cəbhədə döyüşən insanlara köməyin, maddi-mənəvi dəstəyin lazım olduğu bir vaxtda belə bir mənzərənin yaranması, əlbəttə çox təhlükəli idi. Və nəhayət, ən çox qorxduğumuz başımıza gəldi. Ölkədəki xaosdan, anarxiyadan istifadə edən Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etdi.

Bəs döyüşkən, tarixdə ad çıxarmış Azərbaycan xalqına nə olmuşdu, niyə bir ovuc erməninin əlində çarəsiz qalmışdı? Bəlkə, paraya çevriləcək sərvəti yox idi, yaxud zavodu, fabriki işləmirdi, silahdan məharətlə istifadə etməyi bacaran oğulları yox idi, ya vətənpərvərlik çatışmırdı? Yox, hər şey var idi. Yalnız xaosu aradan qaldıran, ölkədə nizam-intizam, qayda-qanun yaradan lideri meydanda deyildi. Yerində olmayan, idarəçilikdən bixəbər, yalnız şəxsi və qrup maraqlarını güdən meydan dəllalları ortada at oynadırdı. “Get” deyənləri də müxtəlif damğalar vurub siyasət səhnəsindən çıxarırdılar. Sonda yenə xalq öz sözünü dedi, Vətən sevgisi bütün qorxuları üstələdi.

Diqqətlər bir anlığa Azərbaycanın Naxçıvan kimi kiçik və blokada şəraitində yaşayan bir kəsiyinə dikildi. Orada dünyanın ən böyük siyasətçisi, xalqın ümid çırağı Heydər Əliyev gecə-gündüz çalışır, Naxçıvan əhalisinin sağ qalması üçün mücadilə aparırdı. Üç tərəfdən Ermənistanla əhatə olunmuş Naxçıvanda vəziyyət daha təhlükəli idi. Düşmən bütün sərhəd boyu hücumlar edir, kəndləri, qəsəbələri, rayon mərkəzlərini qrad yağışına tutur, top atəşinə məruz qoyurdu. Və belə bir zamanda Heydər Əliyevə müraciətlər axını başladı. Xalq Dahi Liderin Bakıya gəlməsini və Azərbaycana rəhbərlik etməsini tələb edirdi. Bu istəyinə xalq və o vaxtkı hökumət Dağlıq Qarabağı və ətraf 7 rayonu itirəndən sonra nail oldu. Ulu Öndərin Bakıya ayaq basdığı gündən hər şey müsbətə doğru inkişaf etməyə başladı. Öncə insanlarda ruh yüksəkliyi, sabaha və özünə inam formalaşdırıldı, Vətəni sevməyin bütün problemlərin açarı olduğu xatırladıldı…

Keçən 30 ilin 10 ilində Ümummilli Liderimiz Heydər Əliyev dövlət institutlarını yenidən formalaşdırdı, ordu quruculuğu, iqtisadi inkişaf prioritet olaraq diqqətdə saxlanıldı. Dövlətin möhkəm özüllər üzərində bərqərar olması üçün fenomenal addımlar atıldı. İri qitisadi layihələr Azərbaycanın iqtisadi inkişafının dönməz xarakter almasında önəmli rol oynadı.

2003-cü ildən bəri Azərbaycan dövlətinin idarə sükanı arxasına keçən Prezident İlham Əliyev isə Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri daha ustalıqla və daha kreativ həyata keçirə bildi. Son 17 ildə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi kapitalı insan kapitalına çevirə bildi. Bütün sahələrdə çalışa bilən bacarıqlı mütəxəssis ordusu yaradıldı, hərbi mütəxəssislər, vətənpərvər insanlar, ölkəsini, dövlətini, xalqını sevən gənclər yetişdirildi.

…Və 17 il ərzində yetişən gənc nəsil Dağlıq Qarabağın azadlığa qovuşması missiyasını yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanlar ötən 17 il ərzində məhz vətənpərvərlik ruhunda tərbiyə aldı, düşmənə nifrət hissi ilə böyüdü. Bu da bizi Böyük Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.

Bilməyənlər üçün xatırladaq ki, vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır.
Bundan başqa vətənpərvərlik anlayışı müxtəlif mənalarda da işlənir. Vətənpərvərlik həm də inqilabi ideologiya ilə əlaqələndirilib, "millət" anlayışı ilə eyniləşdirilib. Sonralar isə vətənpərvərlik yeni dövlətlərin, milli və milli-azadlıq hərəkətlərinin yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşıb. Tarix boyu millətlərin formalaşmasında, dövlət quruculuğunda vətənpərvərlik mühüm rol oynayıb.

Ulu Öndər Heydər Əliyev vətənpərvərliyin tərifini özünəməxsus şəkildə ifadə edib: “Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.

Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Bu müharibə əsil vətənpərvərlik meydanına çevrildi. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir.

Bəli, Azərbaycanın vətənpərvərlik ruhunda böyüyən oğul və qızları bu gün də Ermənistanla sərhəddə qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu göz bəbəkləri kimi qoruyurlar.

V.VƏLİYEV

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə