Ekoloji terrorda Ermənistan izi - ŞƏRH

Erməni ideologiyasının istiqaməti və hədəfi bəllidir. Zorakılıq bu toplumun zehniyyətinə qədər işləyib. Hədəfi isə, həmişə olduğu kimi Türk dünyasıdır. Amma ermənilərin özlərindən sayca qat-qat çox, ərazi və digər imkanları da kifayət qədər artıq olan Türk dünyası ilə necə mübaricə apardığı da böyük sual işarəsidir. Hadisələrin gedişatına baxanda isə fərqli mənzərənin şahidi oluruq, ermənilərin mübarizəsində ədalət anlayışı yoxdur və ehtimal etmək də çox çətindir. Niyə?

Bu sualın cavabı çətin olmasa da, düşündürücü və təəssüfedicidir. Ona görə ki, Türkiyə və Azərbaycan ərazisində yaşayan digər xalqlar həmişə ermənilərlə birgəyaşayışı normal qəbul ediblər, amma erməni toplumu ona torpağından pay verənlərə qarşı həmişə düşmənçilik edib, xəyanət yolunu tutublar.

Bir az əvvəl ermənilərin türk dünyası ilə özünəməxsus düşmənçiliyindən söz açmışdıq. Ermənilərin bəd əməllərinin çeşidi çoxdur. Onlardan yalnız biri üzərində - ekoloji terror üzərində dayanacağıq. Əvvəlcədən qeyd edək ki, ermənilər - (hay)lar zəngin təbiəti olan yerlərdə yaşamağa üstünlük versələr də ekologiyaya, təbiətə, onun nemətlərinə münasibətdə çox qəddardırlar. Bir sözlə təbiətə olan sevgiləri də ermənisayağıdır.

Dediklərimizi sübut etmək üçün çox da uzağa getməyək. 44 günlük müharibənin yekununda Azərbaycan Ermənistan üzərində bütün parametrlər üzrə parlaq qələbə qazandı. Məğlub ölkə öz varlığını qoruyub saxlamaq üçün məğlubiyyət bəyannaməsinə imza atmaq zorunda qaldı. 30 illik işğala son qoyuldu. Ermənilərə 30 il ərzində məskunlaşdıqları azərbaycanlılara məxsus evlərdən çıxmaları üçün 15-20 gün vaxt verildi.

Azərbaycan yenə humanizm nümayiş etdirdi. Baxmayaraq ki, erməni işğalçıları 1990-1993-cü illərdə Qarabağda yaşayan azərbaycanlıları öz dədə-baba yurdlarından zorla qovan zaman heç kimə 1 gün belə vaxt verməmişdilər. Amma baş verən faciələrə rəğmən Azərbaycan tərəfi ermənilərin onlara məxsus olmayan yerləri tərk etmələri üçün 10-20 gün gözlədi. Bəs ermənilər nə etdi?

İşğal etdikləri ərazilərdə azərbaycanlılara məxsus evlərdə yaşayan ermənilər həmin evləri tərk edərkən od vurdular, həyətlərdəki, yaxın meşələrdəki yüz illik ağaclar qənim kəsildilər. Ağır yük maşınları ilə kəsdikləri ağacları Ermənistana daşıdılar, apara bilmədiklərini isə yandırdılar. Bu faktdır, həm də bunu ermənilərin özləri foto və video çəkilişlərlə təsdiq ediblər. Əlavə araşdırma aparmağa yer qoymayıblar.

Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror siyasətini bu gün də davam etdirir. İşğalçı ölkə tarixi, dini və mədəni abidələrimizə, şəhər və rayonlarımıza tutulan divanı 30 illik işğalı dövrünə son qoyulmaqla da bitmədi. Artıq bir neçə gündür ki, Arazı çayına axan Oxçuçayın düşmən tərəfindən sənaye tullantıları ilə çirkləndirildiyi barədə həyəcanlı xəbərlər gəlməkdədir. Belə ki, Cənubi Qafqazın ikinci böyük çayı olan Zəngəzurdan axıb Araza tökülən, oradan isə Azərbaycanın digər rayonlarından keçərək Kürə qovuşan Oxçuçay Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalmaqdadır. Oxçuçayın çirkləndirilməsi bölgədə ekoloji vəziyyəti daha da gərginləşdirir. Belə ki, Zəngilan rayonu erməni işğalından azad olunduqdan sonra 2021-ci ilin yanvar-mart aylarında ekoloqlar tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Oxçuçayda suyun tərkibində yüksək miqdarda ağır metallar, o cümlədən mis, molibden, manqan, dəmir, sink və xrom mövcuddur. Bu cür ağır metallar və çirklənmə flora və faunaya ciddi zərər vurmaqla yanaşı, insan həyatı üçün də xüsusi təhlükə yaradır. Burada bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Çox təəssüf ki, bu vaxta qədər beynəlxalq ekoloji təşkilatlar, ətraf mühitin qorunması üçün “canfəşanlıq” edən qurumlar Ermənistanın ekoloji terroruna səssiz qalıblar. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə də Qərb ölkələrindən olan biznes qurumlarının olması təəssüf doğurur. Çünki Ermənistanın Azərbaycana qarşı həyata keçirilən ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur.

Onlardan biri də Almaniyanın CRONIMET Holding GmbH şirkətidir. Bu şirkət Oxçuçay ətrafında dağ-mədən sənayesi sahəsində fəaliyyət göstərir. Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq yaradıb.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil edib. Ancaq bu gün bütün dünya görür ki, Azərbaycan işğaldan azad etdiyi torpaqlarımızı yenidən cənnətə çevirmək sahəsində böyük işlər həyata keçirir. Bu gün Azərbaycan Zəngilanda “Ağıllı kənd” yaradır, Həkəri çayına qızıl balıqlar buraxır, erməni faşizminin viran qoyduğu bölgəni yenidən cənnətə çevirmək istəyir, ermənilər isə şərikləri ilə birgə Oxçuçayla üzüaşağı zəhər axıtmaqda davam edirlər! Bunun nəhayət, sonu olmalıdır! Ancaq bu faşist cinayətləri ilə Azərbaycan mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından - 3285 metr yüksəklikdən – götürən Oxçuçayın axarını tərsinə çevirə bilməz və əgər alman şirkətilə ermənilərin bu sayaq cinayət ortaqlığı davam etsə, bunun sərt cavabı olacaq bir gün. Bir də unutmasınlar, Zəngəzur Azərbaycanın tarixi ərazisidir!

Məsələ ilə bağlı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Naqif Həmzəyev bildirib ki, ermənilər tərəfindən mütəmadi olaraq Azərbaycan ərazisində olan çaylara çirkli sular axıdılaraq həmin çay hövzəsinin flora və faunasının məhv edilməsi prosesi həyata keçirilir: “Hazırda Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi prosesi davam etdirilir. Onlar bilərəkdən Oxçuçayın hövzəsinin çirkləndirilməsi prosesini həyata keçirirlər. Ətraf mühitin qorunması ilə bağlı “canfəşanlıq” edən, özünü təbiətin mühafizəçisi kimi qələmə verən “Yaşıllar Partiyası” isə daha qərəzli və etinasız mövqe nümayiş etdirərək Azərbaycana ayrılacaq vaxtlarının olmadığını bildirib. Bu cavabla partiya özünün əsl simasını ortaya qoymuş olub. Xüsusi olaraq, qeyd etmək lazımdır ki, başqa vaxt hər hansı kiçik bir ekoloji hadisəni böyüdüb onun ətrafında müxtəlif kampaniyalar quran beynəlxalq təşkilatlar nədənsə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən ekoloji terrora məruz qalmasına laqeyid və etinasız münasibət sərgiləyirlər. Müvafiq beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı Ermənistana ciddi təzyiq göstərməli və onu ekoloji balansın qorumasına lazımi şərait yaratmağa vadar etməlidirlər”.

Oxçuçaydakı ekoloji terror artıq dözülməz həddə çatıb. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində bunları yazıb: "Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Su mədənçiliyin ən geniş yayılmış qurbanı hesab olunur. Ermənistandan Azərbaycana axan Oxçuçay ətraf mühit faciəsini üzə çıxarır. Ermənistandakı mədən sənayesi ilə əlaqədar Oxçuçayda ağır kimyəvi çirklənmə qeydə alınıb. Məsul şirkətlər öz fəaliyyətlərini dayandırmalıdır".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekspert Telman Zeynalov açıqlamasında bildirib ki, Azərbaycanın təbii sərvətlərini və təbiətini talan edənlər məhkəmə qarşısında cavab verməlidir: “Oxçuçayın üzərində olan mədənləri 30 il istismar ediblər, buna görə də həmin müddətdə ərazilərimiz, meşələrimiz bütün ağır metallarla doludur. Dəymiş zərəri ödəməlidirlər. Təbii ki, Oxçuçay axar çaydır və axar çaylar öz-özünü təmizləyə bilir. Amma bu təmizləmə prosesinin reallaşmasına imkan vermək lazımdır. Çay mütəmadi, fasiləsiz olaraq çirkləndiyi üçün özü-özünü təmizləməyə imkanı olmur. Əgər təmizləmə işlərini təbiətin boynuna atsaq, buna min illərlə vaxt lazım olacaq. Ona görə də bu əməlləri törədənlər məsuliyyətə cəlb olunmalıdırlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlının sözlərinə görə, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70 %-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır: “Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır”.

Qeyd edək ki, Araz çayının sol qolu olan Oxçuçay çayının uzunluğu 83 km, sahəsi 1,175 km2-dir. Mənbəyini Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Çayın böyük hissəsi Ermənistanın Sünik bölgəsində (Azərbaycanın Zəngəzur adlanan tarixi bölgəsidir) yerləşir, aşağı məcrası erməni işğalından azad edilmiş Zəngilan rayonu ərazisindən axaraq Araz çayına tökülür.

V.VƏLİYEV

QEYD: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...