Qarabağın mərdlik qalası – Laçın

“Qarabağın qara qapısı” ermənilər üçün niyə əhəmiyyətli idi?

Vətənin cənub-qərbində, dağlıq ərazidə yerləşir Laçın. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları ilə qardaşlaşıb, qərbdən Ermənistanla həmsərhəddir. Laçın düşmənlə Qarabağ arasındakı keçilməz səddir, alınmaz qaladır. Adına nəğmələr oxunan, işğalına bayatılar düzülən Laçın 28 il əsarət altında qaldıqdan sonra müzəffər Azərbaycan ordusu tərəfindən heç bir itki verilmədən azad edildi.

Qurulu rayonu işğal edib xarabalığı təhvil verdilər

Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də olan təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatdı. Ardıcıl olaraq torpaqlarımızın işğaldan azad edilməsi düşmən ölkədə şok effekti yaratdı. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı.

Sənədə görə Ağdam, Kəlbəcər rayonu və Laçın rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Laçının 28 illik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu. Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail oldu.

İşğal edərkən qurulu evlər, hazır təsərrüfatları ələ keçirən ermənilər bəyanatın imzalandığı gündən rayonun boşaldılmasınadək olan 20 gün müddətində Laçında daşı-daş üstündə qoymadılar. İşğal müddətində Laçın şəhərini və rayonun yaşayış məntəqələrini talanıb, darmadağın edilib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

Laçının bütün infrastrukturu məhv edilmişdi

“Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Müzəffər lider İlham Əliyev 2020-ci ilin 1 dekabrında televiziya ilə müraciətində Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını belə təbrik etmişdi. İşğaldan azad edildikdən sonra Laçının şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub.

2021-ci ilin 21 sentyabrında Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyev rayonda erməni vandalizminin izlərinin silinməsi üçün dövlətin bütün gücünü səfərbər edəcəyindən danışdı. Prezident bildirdi ki, Laçın şəhəri işğal altında olmuş bütün başqa yaşayış məntəqələri kimi erməni vandalizminə məruz qalıb: “Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var. Ağdam şəhəri tamamilə yerlə-yeksan edilib, Füzuli şəhəri də, həmçinin Cəbrayıl şəhəri də, bütün kəndlər. Bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib”.

Qeyd edək ki, işğal dövründə Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq bəzi yerlərdə qanunsuz məskunlaşma aparılıb. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq göz yumurdular. Azərbaycan toponimlərinin sıradan çıxarılmasına, tarixinin silinməsinə icazə verirdilər.

Ermənilər üçün Laçın niyə əhəmiyyətli idi?

Laçın dəhlizi Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən strateji baxımdan çox əhəmiyyətli coğrafi ərazidir. Azərbaycan torpağı Laçının işğal edilməsi ermənilərin uzun illər ərzində qurduğu ən vacib plan idi. Onlar plan üzərində ilmə-ilmə işləmişdilər. Çünkü Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa gedən yolunun istədikləri kimi açılması demək idi. Laçının rayon statusu alması o vaxtkı Azərbaycan hakimiyyətinin ermənilərin mənfur niyyətinə qarşı hesabladığı ən tutarlı maneə idi.

Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın “koridor”unun əhəmiyyətini daha da artırırdı. Zəngəzur silsiləsinin bütün zirvə hissəsinin öz başlanğıclarını Laçın dəhlizindən götürdüyünü desək, yanılmarıq. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən ibarətdir. Laçının tarixi abidələri onun ömrünün eramızdan əvvələ qədər uzandığından xəbər verir.

Laçın dəhlizi Qarabağla Zəngəzur arasında möhtəşəm bir körpü rolunu oynayır. Bu dəhlizə nəzarət kimin əlindədirsə, Qarabağ və Zəngəzur ərazilərinə də diktə edən tərəf odur. Faktiki olaraq, Laçın ərazisi olmadan Ermənistanın Qarabağı işğal altında saxlaya bilməsi hərbi cəhətdən mümkün deyil. Məhz bu səbəbdən Ermənistan Laçın “koridor”unu özü üçün vazkeçilməz hesab edirdi və geri verməmək üçün bütün mümkün və qeyri-mümkün vasitələrə əl atdılar.

Laçın yenidən qurulur

Prezident İlham Əliyev bir neçə gün öncə Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması münasibəti ilə qəbul edib. Görüşdə ölkə rəhbəri Laçın şəhərinin Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcəyi, cənnət məkan olacağı barədə danışıb. “Biz azad edilmiş bütün torpaqlarda indi genişmiqyaslı quruculuq işləri aparırıq və bu işləri öz hesabımıza görürük və görəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma, abadlaşdırma işləri dayanmadan aparılır. Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı oldu, üstəlik bu Laçın rayonu işğaldan azad olunandan ay yarımdan sonra baş verdi. Dövlətimizin başçısı 2021-ci il avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu. 2022-ci ilin 21 sentyabrında İlham Əliyev Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Laçın yenidən qurulur. Rayonun Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı 2022 - ci ilin dövlət büdcəsindən 800 min vəsait ayrıldı. Hazırda Laçın şəhərinin bütün infrastrukturu yenilənir– su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, tunellər salınır, beynəlxalq hava limanı tikilir, 50 kilometrdən çox daxili yollar yenidən qurulur. Göründüyü kimi işğaldan azad olunmuş bütün ərazilərdə işlər sürətlə davam etdirilir. Laçın rayonu region üçün mühüm coğrafi mövqeyə malikdir, həyata keçirilən bərpa və yenidənqurma işləri strateji mövqelərimizi daha da möhkəmləndirəcək.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə