Azərbaycançılıq ideyasının təbliği prioritet məsələdir – TƏHLİL

İnsanların şüurunda formalaşan ictimai dəyərlər hər zaman, hətta bütün dövrlərdə dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərib. Bu baxımdan ictimai dəyərlərin qorunması çox ümdə vəzifə hesab olunur. Azərbaycançılıq ideyası da məhz belə ictimai dəyərlərdəndir və bu baxımdan da onun təbliği diqqət mərkəzindədir.

Demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə əxlaq, mənəviyyat kimi ənənəvi ictimai dəyərlər bir müddət insanlar tərəfindən eyni şəkildə deyil, fərqli şəkildə qəbul edilir. Müstəqilliyimizi bərpa etdiyimiz zaman biz bunun əyani şahidi olduq və heç də Azərbaycanda dövlətin əsaslarının insanlar tərəfindən aydın şəkildə qəbul edilmədiyini müşahidə etdik. Onu da müşahidə etdik ki, xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Bu baxımdan cəsarətlə deyə bilərik ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir və məhz onun adı ilə bağlıdır.

“Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”, deyən Ümummilli Liderimiz Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmiş oldu. Azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılması, bu ideyanın geniş ictimai dəyər qazanması üçün Ulu Öndərimiz hələ sovet hakimiyyəti dövründə Azərbaycan Respublikasına rəhbərlik etdiyi zamanlarda da çalışırdı. Sovet hakimiyyəti dövründə ədəbiyyatımızda, musiqimizdə, kinomuzda, və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi ki, bütün bunlar da məhz Ümummilli Liderin tarixi və danılmaz xidməri sırasındadır. Həmin dövrdə belə Ulu Öndər respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, Azərbaycan diasporunun təşəkkül tapmasını da vacib sayırdı və 90-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsini, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxladı və buna da nail oldu.

Heç şübhəsiz ki, cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi hər zaman mövcud olmalı, eləcə də qorunmaslı və təbliğ edilməlidir. Əsas qanun olan Konstitusiyada əks edilməsi ilə bərabər, dəyərlər sisteminin insanların şüurunda, düşüncələrində, qəlbində olmalası daha vacib hesab olunur. Tarixən müxtəlif millətlərin dinc və yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkədə, Azərbaycanda hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərildiyi hər kəsə bəllidir. Elə ona görə də Azərbaycan vətəndaşı sayılan hər bir kəsin azərbaycançılıq ideyası ətrafında birləşməsi gözlənilən idi və bu təbiidir. Çox sevindirici haldır ki, Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi, bu gün artıq azərbaycançılıq ideyası da mövcuddur, qorunur və təbliğ olunur. Bu ideya isə təbii ki, məntiqi olaraq istər ictimai-siyasi proseslərə, istərsə də dövlət quruculuğuna, bu dövlərin inkişafına öz müsbət təsirini göstərməkdədir.

Azərbaycançılıq ideyasının kökündə, nüvəsində millətçilik dəyərləri dayanmır, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xaqlının birləşməsi və inkişaf etməsinə zəmin yaradan dəyərlər sisteminin mövcud olması, eləcə də formalaşmasıdır. Sözsüz ki, xalqımızı birləşdirən bu ideya, yəni azərbaycançılıq ideyası ilk növbədə müstəqilliyimizin qorunmasına xidmət edir və bu bu baxımdan onun təbliği hər zaman öz aktuallığını qorumaqdadır. Təsadüfi deyil ki, həmin edeyanın, məhz azərbaycançılıq ideyasının təbliği prioritet olaraq qəbul edilməkdədir.

Azərbaycançılıq ideyası təkcə Azərbaycanda yaşayanların deyil, ümumilikdə dünya azərbaycanlılarının milli ideologiyasıdır. Azərbayançılıq coğrafi anlayış yox, daha çox siyasi anlayışdır. Elə buna görə də həmin anlayış dövlətin aparıcı ideologiyasına çevrilib. “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi istədikləri kimi yaşasınlar, ancaq heç vaxt milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruiyub saxlamaq, eyni zamanda onların üçumbəşəri dəyərlərə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir”, deyən Ulu Öndər Heydər Əliyevin Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında bəyan etdiyi tezislər, ifadələr əslində azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən lakonik ifadəsi hesab olunur.

İndi Azərbaycan diasporu kifayət qədər inkişaf edib və bu diaspor dilimizin, ədəbiyyatımızın, incəsənətimizin dünyada tanınmasında, müstəqil Azərbaycanın ideyalarının beynəlxalq səviyyədə müdafiəsində öz xidmətlərini göstərməkdədir. Sözsüz ki, 44 günlük müharibə Azərbaycanın qalib olduğunu, qələbəyə layiq olduğunu təsdiqlədi və biz qalib gəldik, amma döyüş meydanında müharibə bitsə də, informasiya müharibəsi hələ də davam edir və hələ nə zaman bitəcəyi də bəlli deyil. Bu baxımdan da Dağlıq Qarabağ münaqişəsi barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması çox önəmlidir və bu məsələdə hər kəsin üzərinə məsuliyyət düşür. Hər kəs bacardığını bu istiqamətdə göstərməyə borcludir ki, bax məhz bu azərbaycanın təəssübkeşliyi, azərbaycançılıq ideyasıdır. Bu ideyanın da nəinki indi, gələcəkdə də davam etməsi ən vacib məsələdir və bu baxımdan onun təbliği öz aktuallığını qorumaqdadır. Elə buna görə də Azərbaycançılıq ideyalarının təbliği bu gün Prezident İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur. Təsadüfi deyil ki, dövlətimizin başçısı xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, həssaslıqla yanaşır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında soydaşlarımızı daha fəal olmağa çağırır. Bir sözlə, ölkə rəhbərimiz bu istiqamətdə məqsədyönlü işlər aparır.

Müəllif: İnam Hacıyev

6.3.9. “ Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə