Müharibədən sonra keçən iki il ərzində işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinin hamı şahididir. Qarabağın əraziləri düşməndən azad ediləndən sonra həmin ərazilərdə çox nəhəng, möhtəşəm layihələrin davam etdirildiyi də göz önündədir. Məqsəd əlbəttə ki, az qala əsrin üçdə biri müddətində Ermənistanın işğalı altında qalan və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi, rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti, cəsurluğu, eləcə də xalqımızın həmrəyliyi sayəsində 44 gün ərzində işğaldan azad edilən torpaqlara ən tez zamanda azərbaycanlıların, həmin torpaqların əsl sahiblərinin qayıdışı və firavan yaşayışının təmin edilməsidir.
Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işləri sistemli və planlı şəkildə aparıldığı üçün nəzərdə tutulandan daha da sürətli gedir və bu o deməkdir ki, Böyük Qayıdış uğurla davam edir. Atılan addımlar, daha dəqiq desək, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, əhalinin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası, ələlxüsus da Böyük Qayıdışın təmin olunması üçün ötən ilin 16 noyabr tarixində cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması bu prosesin uğurla davam etdiyini bir daha təsdiqləyir. Onu da diqqətə çatdırmaq yerinə düşərdi ki, 2022-2026-cı illərə əhatə edəcək Dövlət Proqramı qarşıya mühüm vəzifələr, tapşırıqlar qoyub və onların icrası olduqca mühümdür.
“Böyük Qayıdış”a dair I Dövlət Proqramının işğaldan azad edilmiş ərazilərdə bu vaxta qədər aparılan abadlıq-quruculuq işlərinin daha geniş şəkildə davam etdirilməsi, bunun da məntiqi nəticəsi olaraq, strateji hədəflərə çatmaq baxımından ən mükəmməl bir yol xəritəsi olduğu bəllidir. Nəzərə alsaq ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu günə qədər ölkəmizdə həyata keçirilən bütün Dövlət Proqramları uğurla icra olunub və yüksək nəticələri də göz önündədir, deməli, “Böyük Qayıdış” proqramının da müvəffəqiyyətlə icra olunacağı və başa çatdırılacağı kimsədə şübhə doğurmur. Onu da nəzərə almaq lazımdır ki, bu Dövlət Proqramı daha müvaffəqiyyətlə icra olunacaq, çünki həmin proqram məhz ölkə rəhbərinin, Ali Baş Komandan cənab İlham Əliyevin ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi olaraq qəbul olunur. Deməli, bu Dövlət Proqramı hədəfə istiqmətlənmiş, hədəfə doğru olan addım sayılır. Əlbəttə ki, Dövlər Proqramı hazırlanarkən bir çox məqamlar, ələlxüsus qabaqcıl beynəlxalq təcrübə, dünya iqtisadiyyatının müasir çağırışları, beynəlxalq qurumlar tərəfindən irəli sürülən qlobal inkişaf prioritetləri, inkişaf etmiş ölkələrdə olan inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, infrastruktur, vətəndaş iştirakçılığı kimi amillər də nəzərdən qaçmayıb.
Təkzibedilməz faktdır ki, Vətən müharibəsinin bitdiyi vaxtdan bu zamana qədər müddətdə heç də az iş görülməyib və işğaldan azad edilmiş ərazilərimizin partlamamış minalardan, zərərsizləşdirilməmiş hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış yerlərinin, istehsal sahələrinin, xidmət infrastrukturunun yaradılması, ələlxüsus, nəqliyyat-kommunikasiya xətlərinin təmin edilməsi istiqamətində çox vacib, təxirəsalınmaz işlər görülüb və bu işlər uğurla davam etdirilir. Vətən müharibəsi başa çatdıqdan sonra Füzuli və Zəngilanda az müddət ərzində beynəlxalq səviyyəli hava limanının inşasının tamamlanması, istifadəyə verilməsi, eləcə də Laçın rayonunun ərazisində olmaqla, sayca üçüncü hava limanının inşası böyük nailiyyətdir və işləri uğurla aparıldığını, uğurla da davam etdiyini təsdiqləyir. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə enerji infrastrukturunun qurulması istiqamətində də işlər davam etdirilir. Əhalinin infrastruktur təminatının yaxşılaşdırılması, eyni zamanda layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər görülür ki, məhz bunlar da Dövlət Proqramının əsas prioritet istiqamətlərindəndir.
İşğaldan azad olunmuş ərazilərimizdə irihəcmli nəhəng layihələrin reallaşması, məsələn, avtomobil yollarının salınması, dəmir yollarının çəkilməsi, yaşayış binalarının, məktəblərin, xəstəxanaların inşası onu deməyə əsas verir ki, Böyük Qayıdış istiqamətində ölkəmiz uğurlu addımlar atmaqda davam edir. Zəngilanın Ağalı kəndinin abadlaşdırılmasından tutmuş, Şuşanın tarixi abidələrinin bərpasına qədər bütün işləri Azərbaycan heç bir maliyyə dəstəyi olmadan həyata keçirir. Bu, çox qürurvericidir və ölkəmizin qüdrətindən xəbər verir. Ermənistan tərəfinin həmin torpaqları işğal altında saxladığı düz otuz ilə yaxın müddət ərzində görə bilmədiyi işləri cəmi ikicə il müddətində Azərbaycanın görə bilməsi ölkələr, onların potensialları, gücü, imkanları arasındakı kəskin, hesaba gəlməyəcək fərqi göstərir. Həmçinin onu göstərir ki, Böyük Qayıdış üçün Azərbaycanın iradəsi var. Bu, yəni qısa müddət ərzində işğaldan azad edilən torpaqların abadlaşdırılması, Böyük Qayıdış prosesi eyni zamanda, onun göstəricisidir ki, torpaqların həqiqi, əsl sahibi məhz Azərbaycan xalqıdır və bunu bütün dünya da artıq görmüş oldu.
Vergi güzəştlərinin, eləcə də özəl təşəbbüslərin və emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması daha effektiv nəticələr vəd edir. Yaxın zamanda azad edilmiş ərazilərdə əlavə olaraq 350 iş yerinin yaradılacağı da prosesin uğurla davam etməsi üçün böyük təkan deməkdir. Bu, həm də o deməkdir ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış daha da sürətlənəcək. Yeni iş yerlərinin, daimi məşğulluq sahələrinin yaradılması Qarabağ ərazilərinə Böyük Qayıdışın uğurla davam etdiyini, regionun daimi sakinlərinin özlərinin ata-baba torpaqlarına dönüşünə start verildiyini təsdiqləyir ki, məhz bu, müasir Azərbaycan tarixinin ən mühüm, ən şərəfli səhifələrindən biri, ən böyük tarixi hadisəsidir.
Müəllif: İnam Hacıyev
6.3.7. “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB