Media reyestrinə qara PR hücumu: kimlər narahatdır? TƏRS BAXIŞ

Bu gün özlərini az qala “aparıcı media adamı” kimi zorla ictimai rəyə sırıyan belələrinin, əslində, gerçək media cameəsindən istər hüquqi, istərsə də mənəvi tərəfdən ayrı düşmələri real jurnalistikamıza geniş yol açır, yaşıl işıq yandırır!

Mövzuya daxil olmadan öncə belə bir fikri önə sürmək yerinə düşərdi: cəmiyyətdə təqribən bu cür düşüncə formalaşmağa başlayıb ki, fəaliyyətində uğur qazana bilməyənlər həmin uğursuzluğunun səbəbini başqalarında axtarmağa başlayırlar. Yəni özünü günahlandırmaq prinsipi belələrində mövcud deyil. Xüsusilə, jurnalistikanın “J”, medianın “M” hərflərini belə yaza bilməyənlərin özlərinə “jurnalist” adı qoyub “vəsiqə” düzəldənlər, sonradan isə sinəsinə döyə-dəyə “o obyekt sənin, bu obyekt mənim” deməklə, gerçək jurnalistikanın adını ictimai rəydə bədnamlıq səviyyəsinə qədər endirənlər həmin “zümrəyə” aiddirlər.

Tələb olunan əsas faktor jurnalistlik fəaliyyətinin media reyestri tərəfindən rəsmiləşdirilməsi, jurnalist kartının əldə edilməsidir, bu qədər bəsit!

Ölkədə medianın inkişafı və jurnalistlərin fəaliyyətlərinin daha geniş spektorda təmin olunması istiqamətində son illərdə kifayət qədər mühüm işlər həyata keçirilib və bu, danılmaz faktdır. Həmin faktları yenidən sadalamağa da ehtiyac yoxdur. İnternet resurslarında informasiyalar hazırda da qalmaqdadır. İstər jurnalistlərin sosial-məişət həyatlarının yaxşılaşdırılması, istər bank və s. kimi məsələlərdə imtiyazlardan istifadə, istərsə də peşə fəaliyyətinin daha da təkmiləşdirilməsi üçün yaradılan şərait – bütün bunlar ayrı-ayrılıqda geniş, əhatəli mövzulardır.

Və belə bir yerdə tələb olunan əsas faktor jurnalistlik fəaliyyətinin media reyestri tərəfindən rəsmiləşdirilməsi, jurnalist kartının əldə edilməsidir, bu qədər bəsit! Tələb edilən sənədlər - fəaliyyət göstərdiyin media qurumundakı fəaliyyətinin müddəti, həmin media qurumunun da reyestrdən keçməsi, təhsil aldığın hər hansı bir müəssisənin diplomu və s.

Ya Reyestrdən keçə bilməyən, ya da qəsdən reyestrdən imtina edənlər hansısa maraqlarının əlindən çıxacağını düşünməklə sübut edirlər ki, əslində, onlar jurnalistikanın qara ləkələridirlər

Beləliklə, həmin tələblərə cavab verməyən, real jurnalistlik, sayt işlətmək fəaliyyətindən şəxsi mənfəəti üçün istifadə edənlərin canlarına, sözün əsl mənasında, vəlvələ düşüb. Ona görə də əllərində olan son ümidlərini – sosial medianı əsas platformaya çevirməklə qara PR kampaniyasına start veriblər. Amma gəlin görək, ortada hər hansı bir həqiqət çağırışımı deyək, məntiqli tələbmi, iradmı deyək, yaxud daha təfsilatlı təşəbbüsmü deyək – onlardan biri varmı, mövcuddurmu?

Fakt budur ki, “Media haqqında” yeni qanun bir ildən çox bir müddətdə, yəni 2021-ci il dekabrın 30-da qüvvəyə minib. Qanunun müvafiq tələblərinə uyğun olaraq, ötən ilin oktyabrından etibarən media subyektlərinin və jurnalistlərin 6 ay müddətində reyestrdən keçməsi tələb olundu. Demək olar ki, bir çox həmkarlarımız reyestrdən keçdilər və peşə fəaliyyətlərini rəsmiləşdirdilər.

Üstəlik, tələb edilən prosesin asanlaşdırılması üçün MEDİA kifayət qədər müddətdə təbliğat kapmaniyasına start verdi. TV-lərdə, radio efirlərində, internet resurslarında, sosial media şəbəkələrində hər gün (!) maarifləndirici məqamlar diqqətə çatdırıldı. Paralel olaraq yaranan suallar üçün belə MEDİA tərəfindən müvəqqəti təsis edilmiş ayrıca struktur fəaliyyət göstərdi ki, anlaşılmayan heç nə qalmasın. Amma kimə deyirsən? Ya Reyestrdən keçə bilməyən, ya da qəsdən reyestrdən imtina edənlər hansısa maraqlarının əlindən çıxacağını düşünməklə sübut edirlər ki, əslində, onlar jurnalistikanın qara ləkələridirlər.

Dəfələrlə Mətbuat Şurasının qara siyahısına düşənlər…

Görünür, ona görə də sosial şəbəkələrdə uğursuz qara PR kampaniyalarına başlayıblar. Bu minvalla “icazəli media bizə lazım deyil”, “fəaliyyətimizə maneələr yaradılır” tipli cəhdləri ilə var-gəl etməkdədirlər. Kimlərdir onlar? Dəfələrlə Mətbuat Şurasının rəyi əsasında qara siyahıya düşən, “beş manat”a satılan, şantaj və şər-böhtan yayan fərdlər, eləcə də onların “media qurumları”, dövlət maraqlarına qarşı çıxanlar və adlarını “müxalifətçi jurnalist” qoymaqla, əslində, tamamilə başqa qaranlıq məqsədlərə xidmət edənlər və s…

Artıq Azərbaycan mediasındakı üz qaraları qapı-qapı gəzib o müdirin, bu şirkət rəhbərinin, filan zavod direktorunun, behmənkəs müəllimin cibinə girməyəcəklər

Bu gün özlərini az qala “aparıcı media adamı” kimi zorla ictimai rəyə sırıyan belələrinin isə, əslində, gerçək media cameəsindən istər hüquqi, istərsə də mənəvi tərəfdən ayrı düşmələri real jurnalistikamıza geniş yol açır, yaşıl işıq yandırır.

Artıq Azərbaycan mediasındakı üz qaraları qapı-qapı gəzib o müdirin, bu şirkət rəhbərinin, filan zavod direktorunun, behmənkəs müəllimin cibinə girməyəcəklər. Yaxud istədiklərini qoparda bilmədikləri üçün böhana, şərə əl ata bilməyəcəklər. Çünki əsl jurnalistika fəaliyyətini təsdiq edən reyestrdə onların adları olmayacaq.

Yeri gəlmişkən, ayrı-ayrı işgüzar şəxslər də artıq onların qapılarını döyən və pul-para tələb edən “jurnalistlərin” ayaq açıb yürüməmələri üçün qəti qərarlarını verməli, əks halda isə müvafiq hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdırlar. Nəhayət, mətbuatımızın təmiz ruhda, vicdanla çalışmasına mühit yaradılıb!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə