Gənclər siyasəti uğurla davam etdirilir

Azərbaycanın gələcəyini ziyalı, vətənpərvər və müasir dünyagörüşlü gənclərə etibar etmək olar - Heydər Əliyev

Mənfi təsirlərə məruz qalan və milli-mənəvi dəyərlərlə böyüməyən gənclik gələcəkdə nəticə etibarilə, ilk növbədə, həmin xalqın, dövlətin özü üçün problemlər yaradır. O xalq, o cəmiyyət ki, gəncliklə məşğul olmur, onun gələcəyi yox səviyyəsindədir. Məhz bu səbəbdən Azərbaycanda gənclər siyasəti çox yüksək səviyyədə həyata keçirilir.

Hələ ötən əsrin 70-ci illərində Heydər Əliyev respublika rəhbərliyində və SSRİ rəhbərliyində təmsil olunanda gənclər siyasətinə xüsusi diqqət verirdi. Azərbaycanlı gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil alması, irəli çəkilməsi istiqamətində böyük işlər görülürdü. Sovet İttifaqı dağıldıqdan sonra respublikamız ağır sosial-iqtisadi vəziyyətə düşmüşdü. Müharibə, aclıq, yoxsulluq, xoas baş alıb gedirdi. Dövlət faktiki olaraq iflic idi. Belə bir şəraitdə heç bir gənclər siyasətindən söhbət gedə bilməzdi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gəlməsi bu məsələlərin öz həllini tapması ilə nəticələndi. Gənclərin problemlərinin həlli sahəsində tədbirlərin görülməsi, onların öz imkan və bacarıqlarını reallaşdıra bilmələri üçün şəraitin yaradılması Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən birinə çevrildi.

Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin ümumrespublika forumlarının keçirilməsi, 5 dövlət proqramının qəbul edilməsi, 1999-cu il iyulun 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət gənclər siyasəti haqqında" fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Azərbaycan Respublikasında gənclərlə işə xüsusi əhəmiyyət verildiyini göstərir.

Bundan başqa ümummilli lider Azərbaycan gəncliyinin yüksək keyfiyyətlərə malik olmasına çalışır və müxtəlif çıxışlarında və yazılarında bunun əsas istiqamətlərini gənclərə göstərirdi.

2002-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra bu yöndə çox mühüm işlər həyata keçirildi.

Ulu öndərin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də onun gələcəyimizə verdiyi töhfələrdir. Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə və sair sahələrə göstərdiyi qayğı öz bəhrələrini verib. Ümummilli liderimiz daim məktəbliləri, tələbələri, ümumiyyətlə, yeniyetmə və gəncləri diqqətdə saxlayıb, onların inkişafı üçün əlindən gələni edib.

Heydər Əliyev Azərbaycan gəncliyini müdafiə etməklə xalqın gələcəyini təmin etdi. Bu gün ölkəmizdə bütün gənclərin və yeniyetmələrin bir arzusu var - yaxşı təhsil almaq, vətənə layiqli övlad olmaq və xalqımızın gələcəyi üçün əlindən gələni etmək. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin gənc və yeniyetmələrdən əsas tələbi idi.

Bugünkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də Azərbaycan gəncliyidir. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub.

Qeyd edək ki, 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü kimi təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.

Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox önəmli hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır.”

Ulu öndərimiz deyirdi: “biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan gənclərinə inanırdı və O, 1998-ci ildə ölkə gəncləri ilə görüşündə bunu dilə gətirərək demişdi: “Əziz övladlar! Sizin kimi gəncləri olan, gələcəyi olan Azərbaycan basılmazdır, sarsılmazdır! Məni hədsiz sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün bəlalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var. Bunlar sizlərsizin, əziz övladlar!”

Heydər Əliyevin rəhbərliyi ilə təhsil ocaqlarında gənclərin bilik qazanması üçün yüksək şərait yaradılıb. Dövlət vəsaiti hesabına müasir məktəblər tikilib, tədris müəssisələri kompüterlərlə təchiz edilib.

Ümummilli gənclərin sağlam yetişdirilməsini belə təsvir etmişdir: ”Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdırlar. Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər hec vaxt vətəninə, xalqına ögey münasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, kecmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”.

Milli dəyərlərin, milli adət-ənənələrin zəruriliyi mərhum Heydər Əliyevin məruzə və cıxışlarında həmişə qürurla söylənilirdi. Heydər Əliyev göstərirdi ki, milli-mənəvi dəyərlər xalqın mənəvi sərvəti, mənəvi xəzinəsidir, bu sərvətə, xəzinəyə biganə olmaq cinayətdir. Son illərdə xalqımızın milli adət-ənənələrinə biganəlik halları haqlı olaraq xalqın, xüsusilə ziyalıların etirazına səbəb olmuşdur. Bu etiraz və narazılıqlar haqqında mətbuatda cıxışlar milli-mənəvi dəyərləri qorumaq cağırışına cevrildiyi bir vaxtda ümummilli liderimiz Heydər Əliyev bir sıra məqamlara aydınlıq gətirmiş, görüləcək işlərin perspektivini müəyyənləşdirmişdi: “Fürsətdən istifadə edərək, bir-iki məsələyə toxunmaq istəyirəm. O da ondan ibarətdir ki, biz öz dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu sınaqlardan kecmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Hər xalqın öz mentaliteti var. Bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir. Hec vaxt iki xalq bir-birinə bənzəməz. Hec vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə tərbiyələndirməliyik”.

Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır: onların uğuru beynəlxalq konfranslardan, dövlət və hökumət qurumlarından, intellektual bilik yarışlarından eşidilir. Azərbaycan həqiqətlərini- musiqisini, ədəbiyyatını, rəqsini, folklorunu, mətbəxini, milli-mənəvi dəyərlərini dünyanın müxtəlif ölkələrində təbliğ edən gənclər, bütün səy və bacarığı ilə dövlətçilik ənənələrimizi tanıdaraq, dünya ictimaiyyəti tərəfindən sevilməsinə nail olur.

Məhz ulu öndərimizin müəyyənləşdirdiyi, Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz yerini tutur. Ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətləridir.

Təsadüfi deyil ki, müasir gənclər də öz fəaliyyətlərini cəmiyyətin geniş təbəqələrində ümummilli lider Heydər Əliyev ideyalarının ölməzliyinə və həmişəyaşarlığına olan möhkəm inamın daha da dərinləşməsi istiqamətində qurur, bu istiqamətdə mühüm işlər görürlər. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətimizin yeritdiyi siyasətin həyata keçirilməsində öz töhfələrini verirlər. Azərbaycanın işğal edilmiş ərazilərinin düşməndən azad edilməsində gənclərimiz çox böyük rol oynadı.

Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə böyük işlər görür. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, hüquqlarının qorunması, sosial problemlərin həlli, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi onun fəaliyyətinin əsasını təşkil edir.

Bu gün ölkəmizdə gedən proseslər göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu Prezident İlham Əliyevin uğurla davam etdirdiyi “böyük gələcək” siyasəti, artıq öz bəhrələrini verir. “Səs” qəzeti olaraq biz də bütün Azərbaycan gənclərini 2 Fevral- Gənclər Günü münasibətilə təbrik edir, onlara ölkəmizin gələcəyi uğrunda apardıqları bütün işlərdə uğurlar arzulayırıq.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə