Enerji təhlükəsizliyi: Azərbaycan ən etibarlı tərəfdaşdır - ANALİZ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 29-u və 30-da Macarıstanda rəsmi səfərdə olub. Səfər zamanı müxtəlif görüşlər keçirilib, iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Görüşdə ən vacib məsələ enerji təhlükəsizliyi ilə bağlı olub. Azərbaycan qazının və elektrik enerjisinin Avropaya nəqlinin hazırda çox vacib məsələ olduğu məlumdur. Bu cəhətdən görüşün əhəmiyyəti çox yüksək qiymətləndirilir.

Prezident İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novak ilə geniş tərkibdə görüşündə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Macarıstan ilə Azərbaycan arasında qarşılıqlı hörmət və etimadın olduğunu vurğulayan Katalin Novak qeyd edib ki, enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında ən mühüm məsələlərdən biridir: “Əfsuslar olsun ki, sizdən fərqli olaraq, bizim bəxtimiz o qədər də gətirməyib. Yüz ildən artıq dövr ərzində biz öz təbii enerji sərvətlərimizdən məhrum olmuşuq. Onlar artıq bizdə deyil. Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır. Çünki bildiyimiz kimi, hazırda biz Rusiyanın neft və qazından asılıyıq. Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik. Bir sözlə, cənab Prezident, səfərinizə görə bir daha minnətdarıq".

Azərbaycan Prezidenti də öz növbəsində vurğulayıb ki, enerji məsələsi gündəlikdə birinci yerdədir: “Bu gün biz mühüm Anlaşma Memorandumunu imzalayacağıq və mən bunu çox mühüm addım hesab edirəm, çünki o, qaz təchizatı sahəsində əməkdaşlığa başlamaq üçün imzalanacaq ilk sənəddir”.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşündə də enerji sahəsində əməkdaşlıq əsas məqam olub. Görüşdən sonra mətbuata bəyanatında Viktor Orban deyib: “Bu gün strateji məsələlərə dair müzakirələr aparıldı, bu günə qədər olan strateji əməkdaşlığımız növbəti səviyyəyə qaldırıldı və bu əməkdaşlıq genişləndirildi. Bunun səbəbi isə ondan ibarətdir ki, hər iki ölkə yaxşı dərk edir və aydın görür ki, təkcə Avropa deyil, dünyanın digər bölgələri də təhlükələrlə üz-üzədir.

Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Bu əhəmiyyət bir növ sıçrayış etdi. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir. Bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir... Bu səbəbdən biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır.

Bununla yanaşı, biz digər bir saziş də imzalamışıq. Biz Azərbaycanda istehsal edilən elektrik enerjisini Avropaya gətirəcəyik. Xəritəyə baxsanız görərsiniz ki, həm təbii qaz, həm də elektrik enerjisi baxımından Azərbaycandan gələn bu enerji həcmləri Macarıstandan keçəcək. Ona görə də Macarıstan da bu məsələdə uduşlu vəziyyətdə olmaq arzusundadır. Həmçinin nəqliyyat marşrutu üzərində yerləşdiyimiz üçün Macarıstanın da rolu artacaqdır...

...Xatırlatmaq istərdim ki, mən cənab Əliyevlə Buxarestdə bu yaxınlarda da növbəti saziş imzaladıq və bununla da elektrik enerjisi kabeli Qara dənizin dibi ilə çəkiləcək və bu, Azərbaycandan olan yaşıl enerjini Avropaya gətirəcəkdir. Budur, bizim bugünkü şəraitimiz və bu, iki ölkənin rəhbərlərinin indiki görüşünü labüd edən bir şəraitdir.

...Bu gün, əlbəttə ki, enerji və qazla zəngin olan ölkənin dostları çox olur, amma əmin etmək istərdim ki, biz Azərbaycanla bundan çox uzun müddət əvvəl dost olmuşuq və bu əməkdaşlığa görə cənab Prezidentə təşəkkür edirəm".

Prezident İlham Əliyev isə öz bəyanatında strateji məqamlara toxunub: ...Bu gün imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar. Əlbəttə ki, uzun illər ərzində apardığımız uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı... Azərbaycan öz qaz resurslarını Avropa bazarlarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.

Keçən il Avropa Komissiyası ilə imzaladığımız sənədə əsasən, biz qaz təchizatımızı 2 dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırırıq. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var.

Çox şadam ki, vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Biz bu barədə də müzakirələr apardıq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.

Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra- təbii qazla bağlı ən azı 100 il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.

Yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı da Azərbaycanın önəmini daha da artırır. Əlbəttə ki, yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Hörmətli dostum qeyd etdiyi kimi, keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar.

Bu, çox böyük sərmayə tələb edən layihədir. Burada həm yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi - bütün bu layihələr böyük maliyyə mənbəyi tələb edir, eyni zamanda, çox ciddi koordinasiyanı tələb edir. Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir.

Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Deyə bilərəm ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.

Ümumiyyətlə, yaranmış gərgin qlobal mühitdə iqtisadi əməkdaşlıqlar və enerji təhlükəsizliyinin necə vacib məsələ olduğu bir daha aydın oldu. Belə bir məqamda Azərbaycanın əhəmiyyəti daha da artdı. Özünü eibarlı tərəfdaş kimi göstərən Azərbaycan bütün ölkələrlə normal qarşılıqlı əlaqələr quran, iqtisadi və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyə çalışan, enerji ölkəsi kimi dünyada öz yerini tutan bir dövlət kimi tanınıb. Öz zəngin resursları ilə həm iqtisadi, həm də siyasi gücünü artıran Azərbaycan artıq nəinki regionda hətta dünyada öz nüfuzunu təmin edib. Enerji mənbəyi və nəqliyyat dəhlizlərinin qovşağına çevrilən ölkəmizlə artıq uzaq ölkələr də hesablaşır. Xüsusən də, Avropanın Azərbaycana ehtiyacı getdikcə artır.

Hazırda Ukraynada yaranmış vəziyyət, Rusiya və Avropa arasında qarşılıqlı sanksiyalar mühitində bir çox Avropa ölkələrində enerji böhranı yaranır. Bu səbəbdən Avropa İttifaqı alternativ enerji mənbələrinə möhtacdır və bunun üçün də ən yaxşı ölkə Azərbaycandır. Belə bir vəziyyətdə Azərbaycan mövcud potensialı və perspektivləri hesabına bu bazarda özünə layiqli yer tutmağa başlayır. Buradan isə təksə iqtisadi yox, həm də siyasi dividentlər əldə ediləcək. Hər iki cəhətdən bu vəziyyət ölkəmizin xeyrinədir. Azərbaycan öz enerjisi ilə neçə ölkələri vəziyyətdən çıxarır və nəticədə təsir imkanlarını çoxaldır, bununla da dünyada öz nüfuzunu getdikcə artırır.

Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanı dünyanın hesablaşdığı güclü dövlətə çevirib. Və artıq təkzibedilməz faktdır ki, bu siyasətin alternativi yoxdur.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə