İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər nə vəd edir? - ANALİZ

Bü gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub. Belə ki, Məcəlləyə media münasibətləri ilə bağlı bir sıra dəyişikliklər təklif olunub. Bu dəyişiklikləri bəzi ekspertlər və media mənsubları mənfi qiymətləndirib. Lakin Medianın İnkişafı Agentliyinin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlamasında bildirilib ki, bu təkliflərə dərindən yanaşdıqda dəyişikliklərin bu sahədə yaranmış xaosu aradan qaldırmaq, hər şeyi hüquqi müstəvidə düzgün həll etmək məqsədi daşıdığı görünür.

“İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər jurnalist fəaliyyətini məhdudlaşdırmır, əksinə bu vaxta kimi media etikasında əksini tapmış fundamental prinsiplərin qanun müstəvisində təsbit olunmasına xidmət edir.

Qeyd edilib ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə 3500 manatadək cərimə tətbiq edilməsi cərimənin maksimum həddidir və jurnalistə qarşı yönəlməyib. Bu hal baş verdikdə layihəyə əsasən, yalnız vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 2500 manatdan 3500 manatadək məbləğdə cərimə ediləcəklər.

“Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə, jurnalistin sorğusuna cavab verilməməsinə görə, habelə medianın informasiya qaynağının qorunması ilə bağlı dəyişikliklərdə əksini tapmış yanaşma media etikası ilə səsləşən, jurnalist peşəkarlığının artırılmasına təsir göstərən, eyni zamanda bu istiqamətdə dövlətin məsuliyyətini artırmağa yönəlmiş müddəadır.

Bununla yanaşı, göstərilən pozuntuya yol vermiş şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 163-cü maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə islah işləri ilə və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi heç də iddia olunduğu kimi jurnalist fəaliyyətinin əhəmiyyəti azaldılmır, əksinə heç bir peşə fəaliyyəti üçün təmin olunmayan hüquqi mexanizm jurnalistlərinin maneəsiz fəaliyyəti üçün təmin edilir, bu istiqamətdə qanun pozuntusuna yol verən şəxslərə münasibətdə nəinki inzibati, həmçinin cinayət məsuliyyəti nəzərdə tutulur” - açıqlamada qeyd edilib.

Ümumiyyətlə, son illərdə media məkanında hökm sürən qanunsuzluq halları nə vaxtsa qanuni və hüquqi qaydada tənzimlənməli idi. Belə ki, bir çox saytlarda müxtəlif şəxslərin açıq təhqir olunması, bhöhtan və şantaja məruz qoyulması halları çox müşahidə olunur. Media azadlığından sui-istifadə vətəndaş hüquqlarının kobud pozulmasına gətirib çıxarır. Bu səbəbdən bu məsələlər bütün ölkələrdə olduğu kimi qanunla tənzimlənməlidir. Cəzalar da adekvat olmalıdır.

Təkliflərdə nəzərdə tutulmuş müddəalar- jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, jurnalistin sorğusuna cavab verilməməsi, habelə medianın informasiya qaynağının qorunması ilə bağlı müddəalar bu sahədə vəziyyəti ancaq yaxşılaşdıra bilər.

Belə ki, bəzi hallarda dövlət məmurları jurnalistlərin sorğularına cavab vermir və ya onların fəaliyyətinə müdaxilə edirlər. Hətta bəzən zor tətbiqi və ya hədə-qorxu ilə jurnalistləri məlumatı yaymamağa və ya hansısa məlumatı yaymağa məcbur edənlərə qarşı cəzaların olması vacibdir. Hazırda belə halların sayı kifayət qədərdir. Bununla bağlı cəzaların tətbiqi bu sahədə ciddi dəyişikliyə səbəb ola bilər.

Jurnalistin məlumat qaynağının məhkəmə qərarı olmadan açıqlanması həm hüquqi, həm mənəvi olaraq yolverilməzdir. Təkliflərdə bununla bağlı cəza mexanizmi də nəzərdə tutulur. Bunun olması həm jurnalistlərdə məsuliyyət yaradacaq, həm də mənbənin etibarına səbəb olacaq.

Hər bir halda yeni dəyişikliklər qəbul olunsa bu məlumat azadlığının təmin edilməsi, jurnalistlərin fəaliyyətinin təmin edilməsi üçün daha böyük imkanlar yaradacaq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə