Azərbaycan tarixinin son 19 ili bir neçə gün sonra 61 yaşı tamam olacaq Prezident İlham Əliyevin rəhbərliyi dövrüdür. Şərəfli tariximizin məhz bu dövründə ən şərəfli tarix yazıldı. Azərbaycan xalqı və dövləti İlham Əliyevin rəhbərliyi altında özünün ən böyük vəzifəsini reallaşdırdı.
Dünya liderlərindən biri
Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Nüfuzlu beynəlxalq təşkilatların hesabat və sorğularında daim Azərbaycan Prezidenti liderlər sırasına düşür.
2008-ci ildə İlham Əliyev “WorldPublicOpinion.org”un sorğusunda Yaxın Şərq üzrə regional lider seçildi. “WorldPublicOpinion.org” dünya liderlərinin reytinqi ilə bağlı tədqiqatına görə, 20 ölkədə 20 minə yaxın respondent arasında keçirilmiş reytinq sorğusu nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq üzrə regional lider seçilib. Belə ki, o, çox nüfuzlu dövlət başçılarını geridə qoydu.
Bundan sonra Azərbaycan Prezidenti bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub, Ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub. Bütün bunlar təbii ki, İlham Əliyevin həm ölkədə həyata keçirdiyi siyasətə, həm də beynəlxalq fəaliyyətinə görə verilib.
Bunlar, təbii ki, İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurudur. Son illər Azərbaycanda müşahidə olunan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün sahələr üzrə sürətli inkişafın, milli maraqların, bəşəri ideyaların və demokratik prinsiplərin əksər dövlətlər üçün bir nümunə ola biləcəyini deməyə əsas verir.
İqtisadi, siyasi, demokratik islahatlar sahəsində qazanılmış uğurlar, ölkəmizin liderlik zirvəsini qoruması bunu təsdiqləyən başlıca amildir. Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölcülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq”- deyən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha diqqətə çatdırır.
Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu.
Demokratiyanın qarantı
Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkədə bərqərar olmasına çalışan dövlətimizin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycan sivil dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirir.
Dünyada demokratiyanın əsas göstəricilərindən biri də söz və mətbuat azadlığının səviyyəsidir. Bu gün ölkəmizdə azad mətbuatın inkişafı uçun normal şərait yaradılıb. Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir.
Söz və mətbuat azadlığının ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən ölkə Prezidenti eyni zamanda jurnalistlərin peşə etikasından kənara çıxmayacaqlarına, peşəkarlıq səviyyələrini artıracaqlarına, milli-mənəvi dəyərlərə, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşacaqlarına ümid etdiyini bildirir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Demokratik cəmiyyətin başlıca amillərindən biri də ölkədə çoxpartiyalı sistemin yaradılmasıdır. Ölkəmizdə 50-dan çox siyasi partiya qeydiyyatdan keçib. Hazırda günün əsas müzakirə mövzularından biri də “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsidir. Həmin dəyişikliklərdən ən başlıcası partiyaların dövlət tərəfindən maliyyələşməsidir.
Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiqlənən “Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”, eyni zamanda “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsini daha da aktuallaşdırdı.

Azərbaycanı ucaldan adam
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara könüllü şəkildə üzv qəbul olunub. Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirən dövlətimiz, eyni zamanda, atdığı hər bir addımında, siyasətində müstəqil olduğunu da nümayiş etdirir. Məhz bu səbəbdən Qoşulmama Hərəkatının lideri də Azərbaycandır.
Azərbaycan dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə malik olur. Onun beynəlхalq nüfuzu möhkəmlənir. Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub.
Ölkənin iqtisadi qüdrətinin artması ilə yanaşı olaraq geosiyasi əhəmiyyəti də yüksəlir. Хüsusilə Ön Asiyada və Şərqi Avropa məkanında baş verənlər Azərbaycanın vacibliyini önə çəkir. Avropaya və Asiyaya gedən yol da Azərbaycandan keçir. Bunlar təbii ki, ölkəmizin geosiyasi çəkisini artırır.
İlham Əliyevin хarici siyasətdə nümayiş etdirdiyi qətiyyətin təməlində daхili sosial-iqtisadi sabitliyin mövcudluğu əsas rol oynayır. Ölkənin bütün sahələrinin inkişafı cəmiyyəti motivasiya edir və ölkə rəhbərliyinin aktiv surətdə хarici siyasət yeritməsinə şərait yaradır.
Azərbaycan Prezidentinin çoх fəal хarici siyasəti buna əsaslanır. Postsovet məkanında хarici siyasətdə onun qədər fəal olanı yoхdur. Azərbaycan prezidentinin bu fəal хarici siyasəti ölkənin sosial-iqtisadi inkişafının yüksək tempi ilə müşayiət olunub.
Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi.
İnkişaf modelinin yaradıcısı
Son 20 ildə ölkəmizdə bütün sahələrin böyük inkişaf tempi müşahidə olunub. Bu temp Azərbaycanı dünyada inkişaf tempi üzrə liderə çevirib. Ölkəmizin makroiqtisadi göstəricilərinin yüksəkliyi də beynəxalq imicimizin möhkəmlənməsinə təsir edir. Bu gün Azərbaycan 55 milyardlıq strateji valyuta ehtiyatları, 30 milyardlıq dövlət büdcəsi, 70 milyardlıq ÜDM-i ilə dünya iqtisadi məkanında güclü dövlət kimi tanınır.
Deməli, konkret olaraq хarici siyasətin təməlində daхili siyasətin uğuru durur. Azərbaycan dövlət quruculuğunda yeni şəraitə qədəm qoydu. Bunun bəhrələri aydınlığı ilə görünməkdədir. Qlbal iqtisadi böhran şəraitində inkişaf tempini davam etdirən çox az sayda ölkədən biri də Azərbaycandır. Beynəlxalq təşkilatların hesabat və proqnozlarına görə, Azərbaycan MBD və dünyada ən inkişafda olan ölkələrdən biridir.
Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü. İqtisadi inkişafına görə, dünyada lider dövlət olan Azərbaycanın dövlət büdcəsi, valyuta ehtiyatları, ölkəmizə sərmayə qoyuluşlarının həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı.
Ölkədə yüz minlərlə yeni iş yeri açıldı, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə düşdü, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları icra edildi. Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu.
Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Bu məsələ regionların sosial-iqtisadi inkişafı dövlət proqramının birinci və ikinci mərhələsində yetərincə əksini tapdı.
Nəhəng infrastruktur layihələrinin- Olimpiya idman-komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə nəqliyyat sisteminin yenidən qurulması Azərbaycanın dünyaya çıxışını təmin etdi.
Azərbaycanın bölgə siyasətində ardıcıl mövqe tutması öz bəhrəsini verməkdədir. Geosiyasi gedişlərin intensivləşməsi ölkəmizin mövqeyinə müsbət təsir göstərir. Son proseslər də bu istiqamətdə səylərin sürətləndiyini əks etdirməkdədir. Bu mövzuda daha önəmli görünən məqamlar var ki, onlar hadisələrin gələcək gedişatına ciddi təsir edə bilərlər.

Müzəffər Ali Baş Komandan
İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrilib. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində onun Heydər Əliyev siyasətinə sadiqliyi dayandır. Onun dövlət başında olduğu 19 ildə Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafla, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunub. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır.
İlham Əliyevin 19 illik siyasətinin kulminasiyası isə 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə və Qarabağın düşmən işğalından azad edilməsidir. Ali Baş Komandan kimi o böyük peşəkarlıq və əzmlə Azərbaycan Ordusunun başında dayandı, xalqımızın ən böyük arzusunu və ulu öndərin vəsiyyətini yerinə yetirdi.
Bu yazını isə, Prezident İlham Əliyevin xalqa verdiyi sözlə bitirmək istərdim- “Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB