Dövlətimiz diaspor quruculuğuna, lobbiçiliyə, həmrəyliyə önəm verir - TƏHLİL

Xalqının taleyində müstəsna rol oynayan, milli, eləcə də mənəvi birliyə xidmət edən tarixi şəxsiyyətlər həmrəyliyi, birliyi təmin etməklə xalqını qələbələrə, işıqlı gələcəyə aparırlar və yaddaşlarda əbədi yaşayırlar. Həmin tarixi şəxsiyyətlər xalqı öz ətrafında birləşdirməklə, milli ideyalar uğrunda səfərbər etməklə ən çətin vəziyyətdən çıxmaq üçün düzgün, doğru yolu göstərirlər və cəmiyyətin inkişafına böyük tövhələr verirlər. Məhz Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev öz xalqını qələbələrə, işıqlı gələcəyə aparan, cəmiyyətin inkişafına saysız-hesabsız tövhələr verən şəxsiyyətlərdir.

Qeyd olunduğu kimi, tarixi şəxsiyyətlər xalqı qələbələrə milli birlik, həmrəylik sayəsində aparırlar və bunun üçün birliyimizə nail olmağı ən ümdə vəzifə hesab edirlər. Biz bu həmrəyliyin, milli birliyin sayəsində nələrin əldə olunduğunun dəfələrlə şahidi olmuşuq. İstər ötən əsrin sonlarında daxili çəkişmələrin aradan qaldırılmasında, yenidən müstəqilliyi bərpa edilən Azərbaycanın dövlətçilik əsaslarının möhkəmləndirilməsində, istərsə də 30 ilə yaxın müddət ərzində erməni terrorçuları tərəfindən işğal altında saxlanılan torpaqlarımızın işğaldan azad edilməsində milli birliyin, həmrəyliyin nəyə qadir olduğunu və nə qədər vacib olduğunu gördük. Məhz ötən əsrin sonlarında da, elə ondan sonrakı dövrdə də dünyada yaşayan bütün azərbaycanlıların birliyinin nə dərəcədə vacib, aktual olduğu hər zaman öz təsdiqini tapmış oldu və məhz diaspor quruculuğunun, lobbiçiliyin labüdlüyü hər bir zaman kəsiyində prioritet olaraq qəbul olundu.

Xatırladığımız kimi, ötən əsrin sonlarında öz müstəqilliyini yenicə bərpa edən, hələ möhkəmlənməyən Azərbaycana qarşı düşmən qüvvələr baş qaldırmışdılar. Hər birinin də məqsədi bəlli idi və ölkəmizi parçalamaq onlar üçün ən vacib məsələ hesab olunurdu. Bunun üçün də müxtəlif istiqamətlərdə öz çirkin niyyətlərini ortaya qoymuşdular. Etnik qarşıdurmalara, toqquşmalara səbəb olacaq bütün əməllərə əl atanlar xalqımızı parçalamaq, yenicə müstəqilliyini bərpa edən dövlətimizi sarsıtmaq niyyəti güdürdülər. Vəziyyəti az qala vətəndaş müharibəsi həddinə gətirib çıxaranlar bulanıq suda balıq tutmaq, daha dəqiq desək, bundan bəhrələnmək həvəsində idilər. Bir çoxları bu qarşıdurmaların fonunda vəzifə bölgüsü ilə məşğul idilər və xalqının, dövlətinin mövcud halı onları qətiyyən maraqlandırmırdı. Heç bir birlik olmadığı bir zamanda düşmən qüvvələr, ələlxüsus erməni separatçıları, Qarabağ klanı öz çirkin niyyətlərini həyata keçirmək üçün münbit şərait tapmışdılar və torpaqlarımızın 20 faizi də məhz buna görə işğala məruz qaldı. Bədnam qonşularımız birliyimizin, həmrəyliyimizin olmamasından istifadə edərək namərdcəsinə üstümüzə hücum çəkdilər və öz işğalçılıq niyyətlərini gerçəkləşdirə bildilər. O dövrün səriştəsiz hakimiyyəti bunun qarşısını ala bilmədi, çünki birliyimizə, həmrəyliyimizə nail olmadan bunu etmək mümkün deyildi.

Həmin zaman, ölkəmizin elə keşməkeşli dövründə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və məhz ilk növbədə parçalanmaların, toqquşmaların qarşısını almaqla, həmrəyliyimizi, birliyimizi bərpa etməklə problemli məsələlərin köklü şəkildə həllinə nail oldu. Xalqımız öz Liderinin ətrafında birləşdi və birliyimiz, həmrəyliyimiz sayəsində ən çətin problemlərin öhdəsindən gəlindi. Davam etməkdə olan erməni işğalının qarşısı alındı, atəşkəs elan olundu, sabitlik bərpa edildi, bugünkü qələbələrimizi təmin edəcək iqtisadi inkişaf yolunun təməli qoyuldu, cəmiyyətimizin bütün sahələr üzrə inkişafı istiqamətində əsaslı addımlar atıldı. Bütün bunlar isə, təbii ki, birliyimiz, həmrəyliyimiz sayəsində reallaşdırıldı.

Birliyin, həmrəyliyin nəyə qadir olduğunu nəzərə alan Ulu Öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə yaşayan azərbaycanlılarla görüşür, söhbətlər aparır, onlara tövsiyyə edirdi ki, harada yaşamasından, harada məskunlaşmasından asılı olmayaraq onlar bir-birləri ilə əlaqəni kəsməsinlər. Əksinə, onlara təşkilatlanmaq, bir olmaq tövsiyə olunurdu. Məhz dahi liderin bu tövsiyyələri, göstərişləri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən xoş qarşılandı və diaspor yaranmağa başladı, diaspor quruculuğuna başlanıldı. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, diaspor quruculuğu, lobbiçilik Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasının, Azərbaycan diasporlarının yaradıcısı və banisi elə məhz Ümummilli Lider Heydər Əliyevdir deməkdə hər birimiz haqlıyıq.

Bilirik ki, erməni təbliğat maşını Azərbaycan əleyhinə yalan, təhrif olunmuş, feyk məlumatları yaymaq üçün hər zaman işləyib və xüsusən də ölkəmiz öz müstəqilliyini yenicə bərpa etdiyi dövrdə bu fəaliyyətləri bütün dünyada heç bir maneə ilə qarşılaşmayıb. Məhz dünyada Azərbaycan diasporlarının, lobbilərinin yaranması ilə onların fəaliyyətləri məhdudlaşdırıldı, dezinformasiyaları ifşa edildi ki, bununla da həmin təbliğat maşını ermənilərə istədikləri nəticəni verə bilmədi. Artıq diasporlar, lobbiçilik fəaliyyətə başlamaqla erməni yalanları, eləcə də Azərbaycan həqiqətləti bütün dünyaya çatdırıldı və hayların uydurmalarının, yalanlarının ayaq tutub yeriməsinin qarşısı alındı. Bütün dünya Azərbaycanın haqlı olduğunu, erməni separatizmi tərəfindən işğala məruz qaldığı barədə məlumatlandırıldı, hansıki artıq ölkəmizin haqlı maraqları dünya miqyasında müdafiə edilməyə başlanıldı.

Düşmənə layiqli cavab vermək üçün iqtisadi inkişaf, güclü dövlət quruculuğu, maddi imkanlar, silah-sursat, hərbi texnika, eləcə də hərbi potensial nə qədər vacib hesab olunursa, birliyimiz və həmrəyliyimizin, diasporların, lobbiçiliyik fəaliyyətinin də bir o qədər önəmli olduğu öz təsdiqini hər zaman tapmış oldu. Elə 2020-ci il 44 günlük müharibə dönəmində də bunun şahidi olduq. Şahidi olduq ki, xalqımız birləşərək bir yumruq, “Dəmir yumruq” olub düşmənin başını ən qısa zamanda əzdi. Birliyimizə, həmrəyliyimizə nəinki Ohanyan səddi, ümumilikdə, dünyada olan erməni cəmiyyəti belə maneə yarada bilmədi. Məhz birliyimiz, həmrəyliyimiz sayəsində düşməni öz torpaqlarımızdan qovduq, onları diz çökməyə, təslimçilik sənədini, kapitulyasiya aktını imzalamağa vadar etdik. Bu birliyimizə, həmrəyliyimizə məhz Ulu Öndərin layiqli davamçısı, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sayəsində nail olduq. Xalqına güvənən Ali Baş Komandanın bir çağırışı ilə bir yumruğa, “Dəmir yumruğa” döndük və bütün dünya bunun şahidi oldu. Şahidi oldu ki, Azərbaycan Prezidenti xalqının birliyini, həmrəyliyini təmin edərək, tez bir zamanda mükəmməl qələbəyə imza atdı.

Elə 44 günlük müharibə dönəmində Azərbaycan diasporunun, lobbisinin də rolunu hamı gördü. Ölkəmiz əleyhinə dünyanın bir çox ölkələrində, ələlxüsus həmin ölkələrin səfirlikləri qarşısında aksiya keçirən erməni təşkilatlanmasının da qarşısına məhz Azərbaycan diasporu çıxdı. Diasporlarımız erməniləri yerindəcə susdurdular və məhz Azərbaycanın haqlı tərəf olduğunu bütün dünyaya bəyan etdilər. Erməni hədsizliyinin, erməni yalanlarının yerindəcə, yubanmadan qarşısı alındı və ölkəmizin ədalətli mövqeyi, haqlı mübarizəsi dünya ictimaiyyətinə çatdırıldı. Məhz elə buna görə də Ali Baş Komandan, cənab prezident İlham Əliyevin diasporlarımızın fəaliyyətini yüksək qiymətləndirməsi təsadüfi deyil. Bu gün erməni diasporları Ermənistana maddi yardımlar, müxtəlif iyanələr göndərdikləri halda, Azərbaycan dövləti xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarına öz yardımını, hətta maddi təminatını belə əsirgəmir. Bütün bunlar ölkə rəhbərimizin, dövlətimizin diaspor quruculuğuna, lobbiçilik fəaliyyətinə önəm verdiyinin və qayğı ilə yanaşdığının bariz nümunəsidir.

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə