“Cənnətə bilet” təqdim olundu – REPORTAJ

Bakı Uşaq və Gənclər Teatrı Vətən müharibəsi mövzusunda möhtəşəm tamaşa ilə çıxış etdi

Binası sökülərək yerində karusel tikilən binasız Bakı Uşaq və Gənclər Teatrı dünən axşam Mahnı Teatrının binasında çox gözəl bir tamaşa səhnəyə qoydu. Ssenari müəllifi və rejissoru İlhamə Əhmədovanın səhnələşdirdiyi “Cənnətə bilet” adlı tamaşa bir şəhid ailəsindən bəhs edirdi. Olduqca zəif maddi texniki baza ilə aktyorlar baş rolda Mehman Piriyev olmaqla mükəmməl oyun nümayiş etdirdilər.

Əsas rollardan birini- şəhid rolunu isə qazi əsgər Qurban Əhmədov çox təbii oynadı. Müxtəlif orden və medallarla təltif olunmuş qazi, qəhrəman əsgər obrazını, həqiqi ata obrazını necə canlandırdısa, tamaşaçıları valeh etdi.

Aktyorlar- Flora Hüseynova (şəhid anası rolunda), Türkan Şahmarlı (şəhidin həyat yoldaşı rolunda), uşaqlar- Toğrul İsayev və Əli Babayev də öz rollarını məharətlə oynadılar. Tamaşanın quruluşu və səhnə tərtibatı sadə olsa da, mahiyyəti və təsiri çox yüksək idi.

Səhnə əsəri bir şəhid ailəsindən bəhs edir. Aktyorlar bir ailənin taleyini, bir əsgərin Vətən uğrunda mübarizəsini və qəhrəmanlıqla şəhid olmasını və ata-anası tərəfindən onun övladlarının necə vətənpərvər ruhda tərbiyə edilməsini yüksək peşəkarlıqla canlandırdılar. Azyaşlı iki uşağın oynadığı rol həddən artıq təbii və təsirli idi. Tanınmış aktyor Mehman Piriyev isə yenə də səhnədə yüksək sənətkarlıq nümayiş etdirdi. Aktyor şəhid atası obrazını elə təsirli, elə möhtəşəm canlandırdı ki, tamaşaçıların böyük rəğbətini qazandı.

Tamaşada torpaqlarımızın azad olunması xəbərinin Ali Baş Komandan İlham Əliyev tərəfindən elan olunması xəbəri ekranda verilərkən tamaşaçılar o günləri sanki bir daha yaşadılar.

Tamaşaçıları ağladan və qürurlandıran səhnə əsəri himnimizin oxunması ilə və gurultulu alqışlarla başa çatdı.

Qeyd edək ki, teatrın direktoru və bədii rəhbəri, əməkdar artist İntiqam Soltandır.

Təəssüflə qeyd etmək lazımdır ki, belə gözəl tamaşanın səhnəyə qoyulduğu zal tam dolmamışdı. Halbuki, insanlarımızın belə tamaşalara gəlməsi və uşaqlarını da gətirməsi çox vacibdir. Bununla həm onların milli ruhda, vətənpərvər əhvalda yetişməsinə töhfə vermiş olarlar, həm də Teatra bir dəstək olarlar. Yəqin ki, imkansızlıq ucbatından afişaların vurulmaması və mediada bu haqda məlumat verilməməsi zalın tam dolmamasına səbəb olub.

Uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi uğrunda çox kiçik imkanlarla böyük işlər görən bu Teatrın hələ də binasız qoyulması yolverilməzdir. Uşaq və gənclərin tərbiyəsi, milli-mənəvi dəyərlər üzərində formalaşdırılması üçün teatrın da böyük rolu var və bu istiqamətdə ən effektiv işlərdən biri də bu teatrın fəalyyəti ola bilər. Lakin Teatrın binası olmadığından, maliyyə və texniki imkanları çox zəif olduğundan fəaliyyətini istədiyi kimi qura bilmir. Aktyor truppası da kifayət qədər deyil. Buna baxmayaraq, məhdud imkanlarla maksimum iş görməyə çalışırlar.

Teatrın aktyoru Mehman Piriyevlə söhbətimizdə bizə bildirdi ki, teatr kollektivi mütamadi olaraq müxtəlif uşaq və gənclər müəssisələrində, əyləncə mərkəzlərində tamaşalar qoyur və bu tamaşalar çox maraqla qarşılanır. Tanınmış aktyorun sözlərinə görə, Teatra maddi-mənəvi dəstək verilsə və bina ilə təmin edilsə, kollektivin uşaq və gənclərimizin mədəni və mənəvi tərbiyəsi üçün çox böyük işlər görmək potensialı var.

Teatrın administratoru Şahbuz Quliyev isə bildirdi ki, vaxtilə dənizkənarı bulvarda Teatrın öz binası olub və orada çox gözəl tamaşalar qoyulub. Sonra həmin bina sökülb və yerində karusel tikilib. Uzun illərdir ki, Teatr binasız qalıb və başqa teatrların binalarında tamaşalar verir. Bunun üçün çox vaxt maliyyə vəsaiti ödəməyə məcburdur ki, bu da Teatrın imkanlarını daraldır.

Yəqin ki, Bakıda bu Teatra bir bina tapılar və qaçqın həyatından qurtular. Yaxşı olar ki, bina ilə təmin olunana qədər bu Teatra başqa teatrların binasında tamaşalar səhnəyə qoymağa imkan yaradılsın. Mədəniyyət Nazirliyi bununla bağlı bir tədbir görə bilər və görməlidir. Çox cüzi bir maaş müqabilində, çox zəif imkanlarla böyük bir fədakarlıqla Bakı Uşaq və Gənclər Teatrını yaşadan kollektivə uğurlar arzulayırıq.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə