YAP xalq-iqtidar vəhdətinin nümunəsi olan mərkəzdir - MÜNASİBƏT

Bu ay Yeni Azərbaycan Partiyasının 30 yaşı tamam oldu. Bu yubileylə bağlı siyasi, ictimai xadimlər YAP haqda öz fikirlərini qəzetimizdə bildiriblər. İndi isə qəzet rəhbərlərinin fikirlərini oxucularımıza təqdim edirik.

Əflatun Amaşov, “Xalq" qəzetinin baş redaktoru

Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik əzminin parlaq və mahir təşkilatlanmış təzahürüdür. Bu partiyanın 30 yaşına çatması, cəmiyyətdə populyarlaşması, qəbul edilməsi dahi şəxsiyyətin ideyalarının əbədiyaşarlıq təminatıdır. Əminəm ki, hər bir YAP üzvü öz fəaliyyətində bunu əsas götürür, qurumun adını doğrultmaq üçün var gücü ilə çalışır və şübhəsiz, gələcəkdə də çalışacaqdır.

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının varislik strukturudur. Bu mənada ona ulu öndərin siyasi davamçısının, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etməsində qanunauyğun var. Bu gün cənab İlham Əliyev ölkəmizi Heydər Əliyev şəxsiyyətinin ideyalarına sadiqlik ruhu ilə idarə edir, qələbədən-qələbəyə daşıyır. Deməli, böyük liderin uğrunda mücadilə etdiyi, çarpışdığı amallar reallaşır. Bu mənada YAP-ın 30 illik yubiley kimi əlamətdar hadisənin torpaqlarımızın, Qarabağımızın düşmən tapdağından azad olunduğu bir dövrdə yaşanması ilahi ədalətdir.

YAP şanlı keşmişimizin ənənələrini yaşadan, dünənimizə işıq saçan, bu günümüzün firavanlığını, asayişini təmin edən böyük mərkəzdir, saat əqrəbi kimi işləyən mexanizmdir. O, xalq-iqtidar vəhdətinin nümunəsi olan mərkəzdir. Bu mərkəz insanlarımızın nəzərlərində, baxışlarında kifayət qədər oturuşub. Mövcud status əminliklə onu deməyə əsas verir ki, YAP müstəqil Azərbaycanımızın gələcəyinin də partiyasıdır.

Cənab İlham Əliyev başda olmaqla, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunanları, bu partiyanın çoxminli üzvlərini 30 illik yubiley münasibətilə ürəkdən təbrik etməkdən, ən xoş arzu və diləklərimi çatdırmaqdan məmnunluq duyuram.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru

Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin bərpasından sonra siyasi tariximizdə mühüm rol oynayıb. 27 ildən çoxdur ki, bu partiya müasir dövlət quruculuğu prosesində, cəmiyyətin inkişafında iqtisadi mədəni yüksəlişində iştirak edir və cəmiyyətə öz töhfələrini verir. Bu partiyanın sıralarında xeyli sayda cəmiyyətin nüfuz qazandığı cəmiyyətdə nüfuz sahibi olan siyasətçilər diplomatlar iqtisadçılar yetişib və bu insanlar peşəkarcasına bu gün xalqın xidmətçisi rolunda çıxış edirlər.

Bu partiya ölkənin daxili siyasətində mühüm rol oynadığı kimi xarici siyasətində də aktiv rol alır və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin güclənməsində, qorunmasında YAP və onun üzvlərinin fədakarcasına fəaliyyətini biz müşahidə edirik. Partiyanın artıq 30 yaşı tamam olur və bu münasibətlə mən də “Şərq” qəzetinin baş redaktoru olaraq, bir qələm insanı olaraq partiya üzvlərini təbrik edirəm və arzu edirəm ki, bu partiyanın hakimiyyətdə olduğu dönəmdə əldə etdiyi uğurlar və Azərbaycanın 44 günlük Vətən savaşında qazandığı zəfər daimi olsun.

Elçin Mirzəbəyli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru

Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın hakim partiyası olmaqla yanaşı, ölkədə çoxpartiyalı sistemin inkişafına, sivil və etimadlı ictimai-siyasi münasibətlərin formalaşmasına töhfə verən, milli maraqlarımızı, azərbaycançılıq ideyalarını qoruyan və təşviq edən siyasi təşkilatdır, ölkənin və Cənubi Qafqazın ən böyük partiyasıdır.

Partiyanın ölkədə həyata keçirilən siyasi islahatlar prosesinin əsas platformalarından biri kimi çıxış etməsi, YAP-ın ölkəmizdəki çoxpartiyalı sistemin inkişafı ilə bağlı aydın və müsbət təsəvvürlərə malik olduğunu bir daha təsdiqləyir.

Yeni Azərbaycan Partiyasının bütün üzvlərini 30 illik yubileyləri münasibəti ilə təbrik edir, hər birinə möhkəm cansağlığı, ölkəmizin inkişafı yolundakı fəaliyyətlərində uğurlar diləyirəm.

Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru

YAP-ın Azərbaycan dövlətinin uğurlara imza atmasında xidmətləri əvəzsizdir. Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də ölkəmizin inkişafı, düzgün istiqamətdə idarəçiliyində müstəsna rola malik olan Yeni Azərbaycan Partiyası ötən 30 ildə şərəfli bir yol keçib. Yeni Azərbaycan Partiyasının bu gün də Azərbaycan dövlətinin uğurlara imza atmasında xidmətləri əvəzsizdir. 30 il əvvəl əsası ümummilli lider, mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün də Heydər Əliyev ideyaları, ənənələrinə sadiq qalaraq hər ötən il yeni-yeni zirvələrə doğru istiqamət götürür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının rəhbərliyinə keçməsindən sonra hakim partiyanın həyatında yeni bir mərhələ başlayıb. Məhz düzgün idarəçilik və düşünülmüş qərarlar, vaxtında atılan addımların nəticəsidir ki, bu gün Yeni Azərbaycan Partiyası regionun da ən güclü siyasi təsisatı rolunu oynayır.

Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra da neçə-neçə zirvələri fəth edəcək, uğurlara imza atacaq. Yeni Azərbaycan Partiyasının 30 illik yubileyini təbrik edir, partiyaya bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal rol oynamağı, yeni-yeni uğurlara imza atmağı arzulayırıq.

Aydın Quliyev, "Bakı-Xəbər" qəzetinin baş redaktoru

YAP müstəqillik elan olunandan sonrakı Azərbaycan tarixinin ən uzun dövrünün müəllifidir. YAP-ın yarandığı dövr fərqli idi, qurub-yaratdığı dövr də fərqli oldu. Cəsarətlə demək olar ki, müstəqil Azərbaycan dövlətinin əsaslarını YAP yaratdı. YAP-ın təsis olunması barədə ictimai çağırışlara müsbət yanaşmaq Heydər Əliyevin ən uzaqgörən addımlarından biri oldu. YAP siyasi partiya kimi yarandı, sonra cəmiyyətin mütləq çoxluğu onu müdafiə etdi. YAP Heydər Əliyevin Azərbaycanı bir araya gətirməsi üçün ən səmərəli mexanizm rolunu oynadl. Tarix sübut etdi ki, şəraitin xüsusiyyətləri baxımından YAP-dan üstün təşkilat strukturu düşünmək və yaratmaq mümkünsüz idi. YAP dövlət quruculuğu yollarında Heydər Əliyevin unikal və alternativsiz layihəsidir.

Sevinc Seyidova, "Həftəiçi" qəzetinin baş redaktoru

Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında bu gün ən aparıcı siyasi qüvvə sayılır.

Partiyanın yaradılması ölkəmiz üçün ən ağır ictimai-siyasi dövrə təsadüf etsə də, məhz ulu öndərin rəhbərliyi ilə ilk gündən etibarən Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsi, sosial-iqtisadi, mədəni-humanitar və s. sahələrin inkişafında özünəməxsus rol oynayıb.

Bu səbəbdəndir ki, 1992-1993-cü illərin ağır böhran dövründən sonra Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına daim etimad göstərib. Ona 30 ilə yaxın müddətdir ki, hakim partiya statusunu daşımaq hüququ verib.

Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi partiya institutunun formalaşdırılmasında da öncül yerlərdən birini tutub. Bu gün ölkəmizdəki qeydiyyatdan keçmiş əksər partiyalarla sivil formada dialoqun təşkili, parlamentdə digər siyasi qüvvələrlə ümummilli məsələlərlə bağlı sağlam işgüzar münasibətlərin formalaşdırılması dövlətimiz üçün mühüm əhəmiyyətə malikdir. Bu məsələlərdə əsas aparıcı qüvvə məhz Yeni Azərbaycan partiyası sayılır.

44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfərimizin əsas qaynağı sayılan milli birlik və həmrəylik məhz Yeni Azərbaycan partiyasının sədri, Prezident İlham Əliyevin əsəridir. Bu gün də Azərbaycan xalqı Prezidentinə, onun rəhbəri olduğu partiyaya böyük etimad göstərir və inanır.

Yeni Azərbaycan Partiyasını 30 yaşı olması münasibəti ilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə